Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdəki göy-yaşıl yosunlar neft platformalarında metalların korroziyasına səbəb olur

Xəzərdəki göy-yaşıl yosunlar neft platformalarında metalların korroziyasına səbəb olur

Tarix: 29 Iyun 2020 12:24

Xəzər su ekosisteminin ayrılmaz komponenti olan göy-yaşıl yosunlar (Cyanoprokaryota /Cyanophyta/Cyanobacteria) praktiki olaraq mənfi rola malikdirlər. Belə ki, Cyanoprokaryota açıq dənizdə hidrotexniki qurğularda - neft platformaları, metal dirəklər və digər yerlərdə inkişaf etməklə metalların korroziyasına səbəb olur ki, bu da öz növbəsində konstruksiyanın dağılmasına gətirib çıxarır.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, AMEA Botanika İnstitutun Algologiya və lixenobriologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Maya Nuriyeva bildirib ki, göy-yaşıl yosunların dənizdə suyun "çiçəklənməsi" zamanı törətdiyi zərər balıqların tələf olması ilə nəticələnir:

"Microcystis aеruginosa, Aphanizomenon flosaquae, Anabaena flosaquae, Nodularia spumigena və bəzi digər növlər Xəzər dənizində suyun "çiçəklənməsinə" səbəb olan daha çox rast gəlinən adi törədicilərdir. Bu növlər Xəzər dənizinin şimal hissəsində geniş yayılmışdır, Orta və Cənubi Xəzərdə isə onlara daha az rast gəlinir. Onların daha intensiv inkişafı yayın sonu və sentyabrın ilk yarısında qeydə alınmışdır. Bəzi illərdə isə onlar Xəzərin ayrı-ayrı rayonlarında suyun "çiçəklənməsinə" səbəb olur. Nodularia spumigena növü balıqlara təsir edən və kürünün inkişafına mane olan nodularin toksini əmələ gətirir. Suyun kiçik ləkələr şəklində lokal "çiçəklənməsi" dənizin həyatında müsbət rol oynayır, çünki onun suları biogenlərlə zənginləşir. Güclü şəkildə suyun "çiçəklənməsi" isə suyun keyfiyyətini pisləşdirərək son nəticədə heyvanların ölümünə gətirib çıxarır. Bu növlərin toksinləri ilə zəhərlənmiş insanda allergiya, konyunktivit, qida intoksikasiyası baş verir. İntensiv surətdə "çiçəklənməyə" məruz qalmış sututarlarının suyu və balıqlardan uzun müddət istifadə edən insan "haff - yuks" xəstəliyinə tutulur ki, bu xəstəliyin gedişində də böyrəklər, əsəb və əzələ sistemi sıradan çıxır, hərəkət funksiyaları pozulur. Bu isə bir çox hallarda ölümlə nəticələnir. Göy-yaşıl yosunların toksinləri öz təsirinə görə kurare və botulin kimi zəhərlərdən dəfələrlə güclüdür.

Xəzər dənizinin Azərbaycan hissəsində potensial toksiki növlərlə yanaşı, faydalı növlərə də rast gəlinir. Məsələn, əvvəllər Xəzər üçün naməlum olan Arthrospira platensis ( sin. Spirulina platensis) onlara aiddir".


Etiketlər:  Xəzərdəki göy yaşıl yosunlar neft platformalarında metalların korroziyasına səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ