Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 22:56
Vyanalı tədqiqatçılar yeni növ koronavirusu müəyyən etmək üçün sadə və ucuz test üsulu hazırlayıblar. Bu testlərlə nəticə əldə etmək üçün xüsusi laboratoriya avadanlığına və ekspert rəyinə ehtiyac yoxdur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Avstriya Elmlər Akademiyasının Molekulyar Biotexnologiya və Molekulyar Patologiya institutlarının mütəxəssislərinin birgə hazırladığı test, ilk növbədə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə əhalinin kütləvi şəkildə müayinədən keçirilməsində istifadə oluna bilər.
Alimlər bildiriblər ki, tərs transkripsiyalı polimeraz zəncir reaksiyası (PZR) ilə aparılan analiz metodu hazırda virusa yoluxmanı müəyyən etmək üçün ən etibarlı müayinə üsuludur, lakin bu üsul bahalı avadanlıq, ekspertlər və vaxt itkisi hesabına başa gəlir.
Avstriyalı mütəxəssislər testi daha səmərəli etmək üçün 20 ildən bəri mövcud olan Dövrəvi izotermal amplifikasiya (RT-LAMP) reaksiyasını təkmilləşdiriblər. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, DNT materialının çoxaldılması prosesi tsikllərlə deyil, sabit temperaturda (63 dərəcə) baş tutur. DNT spirallarının əridilməsi bu zaman enzema vasitəsilə həyata keçirilir.
Molekulyar Patologiya İnstitutunun əməkdaşı Andrea Pauli bildirib ki, təkmilləşdirilmiş reaksiya prosesində nümunələrdə virusun mövcudluğu 30 dəqiqə içərisində təyin oluna bilir. Nəticəni isə adi gözlə görmək mümkündür.
Belə ki, test kolbasındakı maye məhlul bənövşəyi rəngdən mavi rəngə çevrilir və bu zaman xüsusi laboratoriya avadanlığına və peşəkar mütəxəssislərə ehtiyac qalmır. Yeganə tələb olunan məqam test nüsxəsini yarım saatlıq müddət ərzində sabit temperaturda (63 dərəcə) qızdırmaqdır.
Alim bildirib ki, yeni metod tezliklə həm inkişaf etmiş ölkələrdə, həm də bu testlərə daha çox ehtiyac olan inkişaf etməkdə olan ölkələrdə tətbiq oluna biləcək.