Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 12:24
Bakı. Trend:
Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur.
Trend-in məlumatına görə, bunu rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Hədəf” verilişində deyib.
O bildirib ki, Azərbaycanın səhiyyə sistemi və ölkədəki mütəxəssislərin hazırlığı onda xoş təəssürat yaradıb:
"Biz bir neçə klinikada olduq. Anladığım qədəri ilə bu ayrı-ayrı klinikalar idi və deyərdim ki, ən elit və ya ən öndə gedən klinikalar deyildi. Adi, sıravi xəstəxanalar idi. Bu xəstəxanaların reanimasiya şöbəsinin təchiz olunması yüksək səviyyədə və tərifəlayiq idi. Dünənki klinikalardan birindəki təcrübəmi qeyd etmək istəyirəm. Biz dedik ki, bizim yüksək göstəricili oksigen qurğusuna ehtiyacımız var. Bu qurğu oksigeni 60 litrə qədər tənzimləyə bilir və bununla da xəstənin ciyərlərini süni ventilyasiya edilməsindən qaçırtmaq olar. Bu gün isə ağır bir xəstənin müayinəsi üçün həmin xəstəxanaya geri döndük və yüksək göstəricili oksigen qurğusu artıq var idi".
A.Averyanov vurğulayıb ki, eyni məsələ dərmanlara da aiddir: "Biz bilirik ki, Rusiyada koronavirusun müalicəsi üçün favipiravir preparatının istehsalı başlayıb. Amma bizə o, hələ çatmayıb. Siz təsəvvür edin, dünən biz Saransk istehsalı olan o dərmanı gözümüzlə gördük. Azərbaycanda bu dərman var, amma Moskvada, öz klinikamızda, nümayəndə heyətimizin üzvlərinin təmsil etdiyi digər klinikalarda isə yoxdur. Mən hətta bilrəm ki, 2015-ci ildə Ebola qızdırmasının müalicəsi üçün istifadə olunan erindozevir preparatının tədarükü ilə bağlı müqavilə imzalanıb və hazırda Azərbaycana gətirilir. Bu preparat reanimasiya şöbələrində ağır xəstələr üçün nəzərdə tutulub. Bunu yalnız arzulamaq olar. Məsələn, Avropada bu preparat hələ də yoxdur".