Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 20:44
Məlum olduğu kimi, pandemiyaya görə, vətəndaşlarımız onlayn platformalara axın ediblər. Həyatımızın böyük hissəsini virtual məkana daşıyan çevirən bu vəziyyətdən hələ ki, qaça bilmərik. İşimiz şəbəkə, dəyərli insanlarla bizi sıx saxlayan o bağ isə internet kabeli olub. Bəli, biz buna məcburuq, yalnız ortada digər məsələ də var - insanların səhlənkarlığı. İnternetə güvənmədiyimizi desək belə, vaxtımızın və texniki imkanlarımızın bol olduğu indiki zamanda özümüzü veb-dünyanın hər bir bucağında tapa bilərik. Güvən bəslədiyimiz bəzi platformalardan təhlükəsizlik tədbirlərini görmədən sadəlöhvcəsinə istifadə edirik. Öz axarına buraxdığımız bu işdə də udunuruq ki, güvəndiyimiz platformalar belə, elə özümüz kimi, qüsursuz deyil. Bu yarım ildə adı hər yerdən duyulan Zoom tətbiqindən də çoxumuzun istifadə etdiyini asanlıqla demək olar. Pandemiya başlayandan kapital miqdarı və istifadəçi sayı ilə texnologiya nəhənglərinin rəqibinə çevirilən bu tətbiq xoşagəlməz sürprizləri ilə də məşhur oldu. İlk dəfə deyil ki, "tətbiqdə keçirilən tədbirlərin görüntüləri sızdırılıb" başlıqlı xəbərləri görürük. ZOOM xidmətində keçirilən minlərlə videokonfransın görüntüləri vaxtaşırı açıq şəkildə şəbəkədə yerləşdirilir. Videokonfransların qeydləri YouTube və Vimeo platformalarında aşkar edilir. Müxtəlif insanların danışıqları, eləcə də bir çox şirkətin gizli məlumatlarını açıqlayan qeydlər şəbəkə əhli üçün əlçatan olub. Bu cür sızdırılma halları Azərbaycanda da mövcuddur.
Məsələ ilə bağlı danışan kibertəhlükəsizlik mütəxəssisi Fərid Zeynalov bildirib ki, görüntülərin sızdırılması Zoom-un alqoritminə görə deyil, vaxtaşırı yaranan boşluqlardan əmələ gəlir: "İnanmıram ki, Zoom kimi miqyaslı proqramın alqoritmində problemi olsun. Videogörüntülərin sızdırılmasını yalnız proqramda yaranan boşluqlarla izah etmək olar. Koronavirus yayıldığı zamandan qat-qat çox istifadə olunmağa başlayan Zoom, istifadəçi axınına dözə bilməyərək müəyyən boşluqlarını üzə çıxarıb. Böyük kütlə tərəfindən istifadə olunduğu üçün, bəzi insanlar onun boşluqlarını axtarır və öz məqsədlərinə uyğun istifadə edirlər. Nəticədə, Zoom tətbiqində baş verən xəta xəbərlərini çox eşidirik, bu yaxınlarda da Windows 7 əməliyyat sistemində quraşdırılan bu tətbiqdə də problem yaranmışdı".
Sonxeber.net ted.az-a istinadən bildirir ki, F.Zeynalovun sözlərinə görə, videotədbirlərin proqram tərəfindən saxlanılması qeyri-real görünür: "Videotədbirlərin görüntüsü proqram tərəfindən saxlanılması qeyri-real görünür, çünki bu qədər məlumat həddən artıq çox yer tutur, o isə Zoom-un istehlakçıları üçün əlverişsizdir. Bəzi böyük təşkilatların görüşlərini, eləcə də dövlət səviyyəsində keçirilən digər tədbirlər istəyə görə saxlanıla bilər. Yəni, proqram özü istifadəçilərə görüntünün saxlanıb saxlanılmaması barədə bildiriş göndərir, istifadəçi isə öz növbəsində ondan imtina edə bilər. Məhz bu anda insan diqqət etmədən videonu platformada saxlaya bilər. Videolar saxlanılsa da, həmin görüntülər yalnız platformanın özündə qalmalıdır, yəni sistem onları başqa xidmətlərə ötürmür".
Ekspert qeyd edib ki, proqramın boşluğu varsa, istifadəçi onun qarşısını demək olar ki, ala bilməz, çünki o proqram xətasıdır. Lakin hər bir halda riskləri azaltmaq üçün profilaktik tədbirləri görmək lazımdır. İki cür kontrol mexanizmi var: proaktiv və reaktiv. Reaktiv mexanizmlər isə baş vermiş problemin "mualicəsi" ilə məşğuldur. Riskləri azaltmaq üçün isə məhz proaktiv mexanizmlərdən istifadə olunur.
Bəs videgörüntünün şəbəkəyə sızdırılmasına görə kim məsuliyyət daşımalıdır?
Vəkil Anar Ramazanov bildirib ki, videonun sızması iki halda baş verə bilər: "Videokonfrans görüntülərinin şəbəkəyə sızdırılması ya tədbirin iştirakçısı üzündən, ya da proqram xətası üzündən yarana bilər. Görüntülər proqram xətasına görə yayılıbsa, zərər çəkən şəxslər həmin tətbiqin "support" bölümünə müraciət edə bilərlər. Orada problem istehlakçı tərəfindən incələnir. İkinci variant isə proses iştirakçısının digər insanların icazəsi olmadan videonu paylaşmasıdır"
Hüquqşünasın sözlərinə görə, bu prosesi həyata keçirən şəxs və ya şəxlər məqsəddən asılı olaraq cəzandırılır: "Bu cür məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Cinayət Məcəlləsinin 147 və 148-ci məddələri ilə tənzimlənir. Yayılan görüntüdə hansısa iştirakçı şəxsin nüfuzuna xələl yetirilibsə, günahkar sayılan insan 1000-1500 AZN məbləğində cərimə oluna, yaxud 6 aya qədər həbs cəzası çəkə bilər. Böhtanın dərəcəsi ağırdırsa, həbs cəzası uzadılaraq 3 ilə çata bilər. Günahkar şəxsin əməli Mülki Məcəlləyə aid olunarsa, cəzası vəziyyətdən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunur. Bundan əlavə, beynəlxalq səviyyəyə çıxarılan görüntülərin sızdırılmasının polis əməkdaşları, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qarşısı alınır. Dövlət orqanları məsələni araşdırır və lazımi müəssisələrə sorğular göndərirlər. Beləliklə, məlumat sızdırılması kəsilir".