Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 12:44
"Hələlik kiminlə qarşılaşacağımız dəqiq deyil. Amma onu deyə bilərəm ki, "Arsenal" həm "Neftçi", həm də "Sperantsa"nı keçə və daha da irəli gedə biləcək gücdədir".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi olan Tula "Arsenal"ının yarımmüdafiəçisi İqor Qorbatenko klubun rəsmi saytına açıqlamasında deyib. Rusiya klubu püşkün nəticəsinə əsasən 2-ci raundda "Sperantsa" - "Neftçi" cütünün qalibi ilə qarşılaşacaq. Püşkü dəyərləndirən futbolçu iddialı danışıb:
"İndidən uzağa qaçmaq lazım deyil. Qarşıda bizi elə də asan olmayan ay gözləyir. Mövsümün ilk dövrəsinin təməlini indidən qoymalıyıq. Çempionatın startında və avrokuboklarda maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qorbatenko Avroliqada qrupa düşmək istədiklərini bildirib: "Başa düşürük ki, Avropada şəhərimiz, klubumuz və öz adımızdan söz etdirə bilərik. Əlimizə düşən şansdan maksimum yararlanıb, qrupa düşmək istəyirik. Layiqli futbolla azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.