Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 01:30
Sonxeber.net kulis.az-a istinadən hazırda Türkiyədə yaşayan və işləyən tanınmış rejissor-aktyor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti Cahangir Novruzovla müsahibəni təqdim edir.
- Sizinlə söhbətə Şəki Teatrı ilə başlamaq istəyirəm. Siz Şəki Teatrının qurucularından hesab olunursunuz. Bu teatrın fenomenə çevrilməsinin səbəbi nə idi?
- Sözün əsl mənasında işləmək, səy ilə çalışmaq. Şəki Teatrının müvəffəqiyyətinin sirri bu idi. 1970-ci illərdən sonra teatrlarımız içərisində Azərbaycandan kənara çıxan teatr yox idi. Amma Şəki Teatrı Kuba, Çexoslovakiya kimi xarici ölkələrə, 2 dəfə Moskva, İrəvan, Tiflis, Səmərqənd, Daşkənd, Kazan kimi şəhərlərə qastrol səfərlərinə və festivallara getdi. Mən hələ Hüseynağa Atakişiyevin və mənim teatra rəhbərlik etdiyimiz zamandan danışıram. Mən gedəndən sonra isə teatr, Moskva, Sibir və s. yerlərə qastrollara getdi. Sovet İttifaqı zamanında bu fəaliyyətləri həyata keçirmək, dəmir pərdəni yarmaq demək idi.
- Axı o vaxtlar, Bakı teatrlarında, konkret Akademik Milli Dram teatrında Mehdi Məmmədov vardı, sonra Tofiq Kazımov gəldi...
- Tofiq Kazımovun, Mehdi Məmmədovun zamanı başqa idi. Siz onlara toxunmayın. Adil İsgəndərov başda olmaqla onlar Azərbaycan teatrının çiçəklənmə və inkişaf dövrünün səbəbkarları idilər. Tofiq Kazımov, ümumiyyətlə Azərbaycan teatr rejissorluğunun zirvəsi idi. Əgər Mehdi Məmmədov bir düşüncə adamı, bir filosof idisə, Adil İsgəndərov möhtəşəm yaradıcılıq və təşkilatçılıq qabiliyyəti olan teatr mütəxəssisi, rejissor-pedaqoq kimi təkraredilməz aktyor nəsli yetişdirən, teatr tariximizin o əfsanəvi kollektivini yaradan, Azərbaycan klassik teatr təfəkkürünün qurucusu hesab olunur. Məhz bu sənətkarların qoyduğu təməl sayəsində 1973-cü ildə teatrımızın 100 illik yubileyi ərəfəsində Moskvada qastrolda oldu. Amma ondan sonra SSRİ dağılana qədər demək olar ki, heç bir teatr nəinki xaricə, hətta sovetlər coğrafiyasında qastrola getmədi.
Mən Anatoliy Efrosun tələbəsi olmuşam, onun assistenti kimi iki il, Moskva "Malaya Bronnaya" teatrında yanında təcrübə keçmişəm. O zaman SSRİ Mədəniyyət Nazirliyinin mütəxəssisləri təkmilləşmə institutunda "Rəhbər kadrlar" fakültəsində oxuyurdum. Orda bizi çox yüksək səviyyədə yetişdirirdilər. Tez-tez başqa teatrlara, müxtəlif üslubda çalışan rejissorların tamaşa və məşqlərini izləmək üçün hətta başqa şəhərlərə ezamiyyətə də göndərirdilər. Moskva Bədaye Teatrında Yefremovun, Lenkom Teatrında Mark Zaxarovun, Taqankada Lyubimovun məşqlərini günlərcə izləmişəm. Onların məşqlərinə bizi göndərib deyirdilər ki, gedin, baxın, öyrənin. Sonra da iştirak etdiyiniz tamaşa və məşqlərdən aldığınız təəssüratları analiz edərək yazın. Bu ezamiyyətlərin birinə də 1983-cü ildə Peterburqa BDT-yə, Tavstanoqovun rejissor laboratoriyasının çalışmalarında iştirak etmək üçün göndərildim. Bu da mənim peşəmin inkişafı üçün yeni bir səhifə açılmasına səbəb oldu. 1984-cü ildə Tovstonoqovun rejissor laboratoriyasında 5 il iştirak etmək üçün dəvət edildim və 1988-ci ilə - Tavstonoqov rəhmətə gedənə qədər o laboratoriyanın üzvü oldum.
- Bəs niyə Moskvada qalmadınız?
- O bir başqa məsələdir. Mənə orada qalmağı təklif elədilər. Həm təhsil aldığım institutda qalaraq dissertantı olmağım, həm də Lenkomun mərhum əfsanəvi baş rejissoru Zaxarovun teatrında aktyor, daha sonra rejissor kimi işləmək üçün... Zaxarov assistenti İldar Gilyazevlə xəbər göndərmişdi mənə. Qalmadım. Birincisi, mən teatr həyatımı elmi fəaliyyətdə deyil, teatrda professional rejissor kimi davam etməkdə görürdüm. İkincisi isə başqa bir hekayədir. Qısa şəkildə buna belə cavab verərəm. Mənim məqsədim Şəkiyə qayıtmaq, yeni tamaşalar hazırlamaq idi.
- Sonra Efrosu Bakıya da dəvət etmisiniz.
- Doğrudur, belə bir cəhdim olub. Çağının ən modern rejissoru olan müəllimim Anatoliy Efrosun Azərbaycana gəlməsini çox istəyirdim. Onun mənim kimi gənc azərbaycanlı rejissorlarımıza çox şey qazandıracağına inanırdım. Azərbaycan Teatr Xadimləri İttifaqının ovaxtkı sədri rəhmətlik Şəmsi Bədəlbəylinin yanına getdim və mənə Efrosu Bakıya dəvət etmək üçün rəsmi məktub verməsini xahiş etdim. İstəyirdim, gəlib, rejissorluq laboratoriyası yaratsın. İldə iki dəfə, bahar və payız aylarının birində gələcəkdi və hər gəlişi üçün ona heç də məbləği böyük olmayan əmək haqqı ödəniləcəkdi. Şəmsi müəllim razılaşdı və məktubu verdi. Məktubu Efrosa təqdim edəndə onu diqqətlə oxudu, üzündə kədərli bir təbəssüm yarandı. Və dedi: "Çox sağ olun, amma mən Bakıya gəlməyəcəm." Cavabı məni sillə kimi tutdu. Soruşdum, niyə? Dedi, mən Tofiqdən sonra Bakıya getmərəm, onsuz Bakıda qala bilmərəm, o mənim tələbə yoldaşımdır və bu gün rejissor olmağımda çox böyük rol oynayıb, kursumuzun ən istedadlısı o idi. Tofiq Kazımov haqqında bu sözləri 20-ci əsrin ən modern rejissoru sayılan Efros demişdi. Yəni Tofiq Kazımov belə bir sənətkar idi. Azərbaycanı beynəlxalq səviyyədə tanıda biləcək çox böyük rejissor idi. Heyf, onun böyüklüyünü bizim teatr camiəsi tam anlamadı və layiq olduğu dəyəri vermədi. Azərbaycan teatrının 100 illik yubileyinin hesabat qastrolunda onun "Fırtına" tamaşası Moskvada fırtına qopardı və teatrşünaslar tərəfindən bir sənət hadisəsi kimi dəyərləndirildi. Mən şəxsən bunun şahidi olmuşam.
- Öz vətənində anlaşılmamaq sənət adamı üçün çətindir.
- "Vətənində anlaşılmamaq" deyərkən bura xalqı aid etməməliyik. Çünki xalq hər zaman gerçək istedada sahib olan şəxsiyyətləri ilə fəxr edir və onları təmənnasız sevir. Burda söz söhbət guya xalqı təmsil edən, rəsmi idarələrdə oturan və rəy yaradan bəzi vəzifəli şəxslərdən getməlidir. Əfsuslar olsun ki, bu "bəziləri" sənəti və sənət adamlarını dəyərləndirəndə, bilik və peşəkarlıqla cilalanmış zövqə sahib olmadıqlarından daha çox şəxsi maraq və münasibətlərindən yola çıxırlar. Gerçək yaradıcı insanlar daim zəmanəsindən bir addım irəlidə olub. Bunu dərk etməkdə çətinlik çəkən səriştəsiz "təmsilçilər" onlara lazım olmayanların önünü kəsir, bununla da mədəniyyət və incəsənətin inkişafına böyük əngəl olurlar. Mən buna özünü görməməzliyə vurmaq da deyərdim. Heyf, bu sistemdə dərin bilgiyə, doğru estetik meyarlara sahib olan düşüncəsi geniş mütəxəssislərin sayı azdır.
- Hüseynağa Atakişiyev 1980-ci ildə Şəki Teatrında Brextin "Arturo Uinin kariyerası" əsərini səhnəyə qoyub. Siz də həmin tamaşada iştirak etmisiniz. Sizcə, əyalət teatrında belə mürəkkəb səhnə əsərinin hazırlanması hansı tamaşaçı üçün nəzərdə tutulmuşdu?
- Sualınızın bir qədər yanlış olunduğunu düşünürəm. Çünki səhnəyə qoyulan əsərin mətnini və şərhini tamaşaçının səviyyəsinə görə seçməyə başladığın zaman bəlli bir tamaşaçı kütləsini yetərsiz görməyə başlayarsan və onlara haqsızlıq etmiş olursan. Teatrın hədəflərindən biri də, millətinin, xalqının üfüqünü genişləndirməsi, düşüncə tərzini dərinləşdirilməsi üçün başqa xalqların da mədəni irslərini, fəlsəfi, əxlaqi və estetik meyarlarını, fərqli düşüncə və məntiq kriteriyalarını incələyərək, anlaşılacaq səhnə dili ilə bədii şəkildə tamaşaçı kütləsinə təqdim etməkdir. Hazırlanan tamaşanı xalqımızın hər bir təbəqəsinin qavrayacağı şəkildə səhnəyə hazırlamaq bizim vacib vəzifəmizdir. Əminəm ki, Şəki Teatrının ozamankı sənət siyasəti bu vəzifənin öhdəsindən gəlmişdi. Kim nə deyirsə desin, mənə görə hər bir teatr öz rejissorunun mental təfəkkürünün və istedadının məhsuludur. Hüseynağanın və Şəki Teatrının kollektivinin sənət anlayışı və yaradıcı cəsarəti o zaman çoxlarının teatr anlayışından irəli getmişdi. Amma nədənsə bunu görmək, təqdir etmək bəzilərinə ağır gəlirdi. Hələ də bu günə qədər Azərbaycan səhnələrində görmədiyimiz Marlo, Şandor Petöfi, E.Radzinskini və s. kimi yazıçıların əsərlərini səhnələşdirərək, festivallarda birincilik qazanaraq öz yaradıcı və estetik səviyyəmizi Şəki tamaşaçısı ilə birlikdə və yanaşı yüksəldirdik.
- Mehdi Məmmədov sizin tamaşalarınıza gəlirdi?
- Əlbəttə gəlirdi. O, bizim müəllimimiz idi, biz onun sənətdəki övladlarıydıq. Tez-tez gəlməsə də teatrımızın vəziyyəti ilə daima maraqlanırdı. Mehdi müəllim birinci kursdan bizə dərs demiş və bizi məzun etmişdi. Xatırlayıram, o, ilk dərsimizə gəldi, bir xeyli danışdı. Onun ifadə tərzi çox ağır və qəliz idi. Biz də cavan uşaqlar idik. Səlis, ağır, dərin mənalı cümlələrini beynimiz həzm etməkdə çətinlik çəkirdi. Üstümüzə çökən ağırlıqdan sanki yuxulayardıq. Assistenti Ədalət Ziyadxanova dönüb dedi: "Bunlar məni başa düşürlərmi görəsən?" Anlamışdı ki, bizim onunla görüşümüz hələ erkəndir. O dərsdən sonra Mehdi Məmmədov bir də bir aydan sonra gəldi. Üç aydan sonra isə Mehdi müəllim beş saat da danışsaydı, biz ona diqqətlə qulaq asırdıq artıq. Çox mürəkkəb problemləri elə incəliklərlə bizə başa salırdı ki. Bunu sonralar mən heç kimdə görmədim.
- Siz Türkiyədə də çox işlər gördünüz...
- Müəyyən işlər görürəm. Fərqli düşünən bir aktyor nəsli yetişdirmişəm diyə bilərəm və yetişdirməyə davam edirəm. Dərs dediyim kafedrada yetişdirdiyim tələbələr də artıq dərs deyir. Bizim məzunlardan Adana Bələdiyyə Teatrında bir kollektiv qurulmasına və fəaliyyətə başlamasına nail olmuşam. Gözəl tamaşalar hazırlanır. Uzun zamandır ki, rejissor fakültəsi açmağa çalışıram. Mövcud bürokratik qanunlarla qarşılaşsam da israrlıyam. Atalar yaxşı deyib, can çıxmayınca ümid kəsilməz.
- Orda yetişdirdiyiniz nəsil bizdə də ola bilərdi.
- Bu barədə burdakılar fikirləşməliydilər və fikirləşməlidirlər. Hər bir xalq sahib olduğu milli zənginliyin dəyərini bilməlidir. İnsan zəkası bu zənginlik siyahısının başında gəlir. Dünya dövlətləri ilə müqayisədə təbii zənginliyimiz az olmasa da, insan qaynağımız çox deyil. Bu səbəbdən qənaətlə davranmalı, ziyalı insanlarımızın qədrini bilməliyik. Sağlam məntiq bizdən bunu tələb edir.
- Bakıya gələndə sizi nələr narahat edir?
- Hər dəfə Türkiyədən Bakıya gələndə sənət aləmimizdə payızda ağacdan tökülən yarpaqlar kimi nələrinsə əskik olduğunu görürəm. Sanki bir il əvvəl qoyub getdiyim mühit deyil. Elə bil, etinasızlaşma, professionallıqdan uzaqlaşma var. Sanki günəşin qürubunu izləyirəm, çöküş görürəm. Mən Türkiyədə teatr məktəbimi Azərbaycan teatrının klassik qayda-qanunları, ənənələri əsasında, Moskvada, Sankt-Peterburqda gördüyüm nizam-intizam əsasında qururam. Arzu olunsaydı, təbii ki, mən onu burda da edə bilərdim.
- Sonralar da sizi Bakıya çağırmadılar?
- O vaxtı Nəsibə xanım xəstəxanada olduğu üçün Bakıya gəlmişdim, İncəsənət Universitetini keçmiş rektoru Aslan Aslanov da orada müalicədəydi. Məni görüb dedi, sənin Türkiyədə nə işin var? Gəl, sənə kurs verim, burda qal, dərs de. Mən də cavabında dedim ki, Aslan müəllim, gəlim, amma bircə şərtim var, dərs deyəcəyim kursu özüm imtahan edib seçmək istəyirəm. Dedi, yox, mümkün deyil. Mən də cavab verdim ki, o zaman mənim də gəlməyim mümkün deyil. Çünki sadəcə və sadəcə istedadına görə seçəcəyim tələbə aktyorların üstündə mənim adım olacaq. Mən peşə qürurumu təhlükəyə ata bilməzdim. 25 ildir Türkiyədə sənət imtahanlarında tələbələri sənət vicdanıma görə özüm seçirəm. Müəllimlərimiz Mehdi Məmmədovdan, Adil İsgəndərovdan, Rza Təhmasibdən, anam Nəsibə xanımdan belə tərbiyə almışam. Babam Cahangir Zeynalov Azərbaycan professional teatrını qurarkən xeyir güdməyib, xeyir verib.
- Yəni bu şansı sizə tanımadılar?
- Nəinki mənə, heç kimə belə bir şans vermirlər. Səbəblərini də hamı bilir, amma susur. Hər dəfə gələndə Azərbaycan teatrının nədən zəiflədiyi haqqında suallar verirlər. Mənə bilmədikləri şeylər haqqında suallar versinlər.
- Cahangir müəllim, Türkiyədə fərqli olduğunuz üçün sizə hörmətlə yanaşırlar, ya ümumi hamıya qarşı münasibət bu cürdür?
- Fərqli deyərkən, yəqin özəl bir statusumun olduğunu zənn edirsiniz. Xeyir, elə bir şey yoxdur. Bilirsiniz, orda içində yaşadığım ictimai mühit ayna kimidir. Necə varsan ayna da səni o cür əks etdirir. Orda insana istedadına, bacarığına görə dəyər verirlər. Bacarığın nə qədər üstündürsə, bir o qədər dəyərli və hörmət sahibisən. Mənim orda nə adamım, nə tapşıranım var. Sadəcə, ailəmdən aldığım tərbiyəyə görə, vicdanla, sevərək, fədakarlıqla işimi icra edirəm. Heç xəbərim olmadan haqqımda kitab da yazıblar, sənədli film də çəkiblər.
- Hal-hazırda Türkiyədəki fəaliyyətinizi nəzərə alsaq, indiki yaş dövrünə görə yaradıcılığınızın hansı dövründəsiniz.
- Mən hal-hazırda Çuxurova Universiteti Dövlət Konservatoriyasının teatr aktyorluğu kafedrasında pedaqoji fəaliyyətlə məşğulam. Bura mənim əsas iş yerimdir. Müəlliməm. Amma dörd il bundan əvvəl Adana Böyük şəhər Bələdiyyə Teatrının yenidən qurulmasında da əməyim olub. Oranın mənəvi bədii rəhbəri hal-hazırda mənəm. Mənimlə məsləhət etmədən iş görmürlər. Dostum professor İsrafil İsrafilov bu teatrın quruculuq zamanlarının şahid olub. Bir gün o, teatrdakı disiplini görəndə çox təəccüblə soruşdu: "Ay Cahangir, sən bu teatrın xəmirini necə yoğurmusan ki, aktyor da, fəhlə də bir-biri ilə bir ailə kimi dolanır." O teatrda hardasa 95 faiz bizim məzunlarımız çalışır. Və elə aktyorlarımız var ki, hazırda televiziya seriallarında ən tələb olunan aktyorlardılar.
- Əgər, deyilən kimi, teatr orada zəifdirsə, bəs onda seriallarda, filmlərdəi aktyor ifasının gücü hardandır?
- Məsələ burasındadır ki, burada millət istedadlıdır. Məsələn, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Ülvi Rəcəb və başqaları məktəb görməyib. Onlar öz üzərində çalışan fitri istedadlar idilər. Oranın da insanları çox istedadlıdır. Amma dünya və hətta türk ədəbiyyatı belə təhsil proqramında hardasa yer almır. Aktyor sənəti təhsilinin, proqramın bizimlə müqayisədə zəif olmasına rəğmən inkişaf etmələrinin səbəbi, birincisi, yalnız istedadı olanların alınması, ikincisi, alınan tələbələrin öyrənmək həvəslərinin yüksək olması və öz dillərini gözəl bilməsidir. Yəni diploma deyil, sənətə can atırlar. Texniki fənlərlə yanaşı, özəlliklə humanitar elmlərə aid fənlər, yəni ədəbiyyatımız və ana dilimizə səlis sahib olmağımız xalqımızın mentalitetini, mədəniyyətini yaradan, formalaşdıran fənlərdilər.
Mənim altı nəvəm var. Üçü Moskvada yaşayır, üçü Bakıda. Moskvada yaşayan on iki yaşlı nəvəmlə rahat şəkildə ədəbiyyat söhbətləri edə bilirəm. Amma burda təhsil alan nəvələrimlə bu cür söhbətlər edə bilmirəm. Nədən? Təfəkkür inkişafının əsası məktəbdə qoyulur. Əgər bu gün bizim təhsilimizdə belə bir əskiklik varsa, müəllimlər klassik və müasir ədəbiyyatımızın analizini bizim təhsil aldığımız illərdəki kimi yaxşı öyrədə bilmirsə, gələcək nəsillərdən milli təfəkkür olaraq nə gözləməliyik?
- Yəni ümid yoxdur?
- Bilmirəm, mənə məchul görünür. Sizin övladınız var?
- Var, amma mən bu ölkədə yaşayıram və işin içərisindəyəm. Siz kənardan görürsünüz hər şeyi. Mən cavabı sizdən almaq istəyirəm.
- Məndən niyə cavab gözləyirsiniz? Mən burda yaşamıram, kənarda yaşayıram. Mən kənardan görsəm də, siz burda yaşayan biri kimi məndən daha yaxın və daha aydın görürsünüz. Özünüz də bilirsiniz ki, bu gün müəllimdən tələb etsəniz də, etməsəniz də, müəllim dərsi bildiyi kimi öyrədəcək. Əsas problem budur. Bunun səbəbi də özümüzük. Övladlarımızı tanışlıq və ya tapşırıqla böyütməməliyik. Övladlarımıza kimsənin haqqını yeməməyi, öz haqqı ilə yaşamağı öyrətməliyik.
- Müsahibələrinizin birində səhnə ən məsum yalandır demisiniz...
- Bəli demişəm, tələbələrimə də deyirəm.
- Axı səhnədə yaşananlar, danışılanlar, ifadə olunanlar hamısı həyatdan, insan yaşantısından götürülür...
- Doğrudur, həyatdan götürülüb, amma həyatın özü deyil. Hətta həyatda olmayan bir şeyi də yaza bilərlər. Fantastik hadisələr, tarixdə heç olmayan şəxsiyyətlər haqqında və s. Səhnədə göstərilən hər şey gerçək deyil, gerçək kimidir, sənətin yaratdığı bir məsumiyyətdir. Bu, bir sənətdir, yaradıcı xəyalımızın gerçəyə bənzər məhsuludur. Sənət həqiqətləri idrak etməmiz üçün yaratdığımız müqəddəs xəyal məhsuludur.
- Mənim demək istədiyim başqa məsələdir. Yəni səhnədəki bir obrazın yaşantısı, ifadə etmək istədikləri, həyatdakı obrazların ümumiləşmiş forması da ola bilir axı...
- Olsa belə, səhnədəki yalandır. Mən Cahangirəm. Sən səhnədə mənim Cahangir olduğumu görüb, bilirsən. Amma oynadığım xarakter olmağımı istəyirsən. Cahangir olaraq oynamağa davam etsəm məni bəyənməzsən, elə deyilmi? Ona görə də məsələyə bir az da başqa tərəfdən bax. Mən sənə bu işin başqa tərəfini, texniki tərəfini danışıram. Gör səhnədəki aktyor və hadisələr səni nə dərəcədə həyəcanlandırır ki, sən onu yalan kimi görmək istəmirsən. Bu, sənin gördüyün teatrların uğurudur. Mən o "yalanı" sənə inandırıcı şəkildə izah etməsəm, sənə yaşatmasam, sən gülməsən, ağlamasan deməli aktyor zəifdir. Yox, əksidirsə, o zaman aktyorun məktəbi də, teatrı da güclüdür.
- Bəs səhnənin sehri nədədir ki, aktyoru ora çəkir və onu siz deyən kimi yalan danışmağa məcbur edir...
- Bunu dildə başa salmaq olmaz. Sən heç sevmisən?
- Əlbəttə.
- O hissin nə olduğunu mənə başa sala bilərsən?
- Sözlə başa salmaq çətindir.
- Ay sağ ol. Nə desəm, deyəcəksən, yox, bunu sözlə ifadə etmək olmur. Bax, aktyor üçün səhnəyə çıxmaq da budur. Sevgi... Balıq sudan kənarda yaşaya bilməz. O, su üçün yaranıb. Biz də səhnə üçün yaranmışıq. Amma indi akvalanq geyinib dənizə girənlər də var, amma dəniz üçün, su üçün doğulanlar bambaşqadır. Elə yazıçılar var ki, onların dənizinə akvalanqla girə bilməzsən. Məsələn, bir çox şeyə öz yorumunla yaxınlaşarsan, əlavələr edə bilərsən, amma Çexovu hazırlamaq teatr sənətinin zirvəsidir. Çexovda olan duyğuları bizdə bir çox insanlar içində yaşada bilmirlər. Çexov insan ruhunun, düşüncəsinin, təfəkkürünün zirvəsinə çatmış müəllifdir. Onu tam anlamadan hazırlaya bilməzsən. Hətta Rusiyanın özündə böyük-böyük teatr adamları hələ indiyə qədər "Qağayı" tamaşasını tragediya, ən yaxşı halda isə dram kimi səhnələşdirirlər. Amma Çexov onun janrını komediya deyə təyin edib.
1988-ci ildə Sovet İttifaqının teatrlarından olan beş sənətkarla birlikdə Parisin Bovinyi festivalına jüri kimi ezam edildik. Orda fransız bir teatr adamı söhbət əsnasında dedi ki, Çexov absurd teatrın atasıdır. Dedim, sizin səhviniz var. Sizə bunu sübut da edə bilərəm. Çexov əsərlərində anlam verilməsi çətin olan bəzi hisslərin, təklif olunmuş vəziyyətlərdə yaşanan duyğuların düyününün həlli üzərində işləyən hər aktyor onları incəliklə çözməyi bacarmalıdır. Orda elə incə keçidlər var ki, oynanması mahir bir sehrbazın manipulyasiyası qədər təmiz bir ifa tələb edir. Aktyor tamaşaçını heyrətə salacaq qədər məharətli, hətta virtuoz olmalıdır. Ona görə də ən böyük aktyorlar Çexovun əsərlərində iştirak etməyi şərəf biliblər. Onun əsərlərində oyanmaq aktyor sənətinin zirvəsidir. Azərbaycanda isə hələ də Çexovun əsərləri səhnəyə qoyulmayıb. Çexov, yaradıcılığını anlamamız, onun dram əsərlərini doğru çözməmiz üçün bizə ip ucu verib. Onun bir sözü var: "Əyər həyat səni güldürməyibsə, demək sən zarafatı anlamamısan" Bu sözlərin dərinliyini başa düşən, "Qağayı" əsərini komediya janrında necə hazırlayacağını da biləcəkdir. Çətindir onun əsərlərini doğru hazırlamaq.
- Niyə?
- Çünki aktyor mentaliteti, düşüncə tərzi fərqlidir. Rusiyanın özündə belə Çexovu hazırlamaqda çoxları çətinlik çəkərlər. Çünki bu gün orda da cəmiyyətin mentaliteti get-gedə aşağı düşür. Teatr cəmiyyətdə olan siyasi vəziyyətlə üzvi sürətdə bağlıdır. Hər şey cəmiyyətdə yaranan psixo-sosial mühitdən, maddi və siyasi vəziyyətdən qaynaqlanır. Teatr həyatın özüdür. Sən bilirsən həyat nədir?
- Bilirəm, əlbəttə.
- Elə isə bir neçə cümləylə tərifini de.
- Bu haqda fikirləşməyə vaxt olmayıb.
- Bunları da yazarsan.
- Yox, özümü kölgədə qoymaq istəmərəm axı.
- Doğru demirsən, yaşadığın həyatın nədən ibarət olduğunu bilmirsən. Mən sizə deyim ki, Azərbaycanda mənim bu sualıma insanların 99 faizi cavab verə bilməz. İnsanlar yaşadıqları həyatın nədən ibarət olduğunu bilmirlər.
- Biz elə daim yaşayırıq, yaşayırıq, həyat haqqında isə düşünməyə vaxt olmur...
- Sən istəsən də, istəməsən də həyatda daima fəlsəfi mühitin və şərtlərin içərisindəsən. O fəlsəfi şərtləri sənin üçün qururlar. Bəlli bir fəlsəfi şərait və şərtlər içərisində sənin yaşamını qururlar. Bir millət azadlığını, təfəkkürünü, rahatlığını tapmaq üçün öz milli fəlsəfəsini bilməli, icad etməlidir. O qanunlarla, prinsiplərlə yaşamalıdırlar. İnsanlarımızın çoxu prinsipsiz yaşayır.
Mən bir teatr adamıyam və həyatı səhnədə əks etdirirəm. Bunun fəlsəfəsini bilməsəm, heç nə alınmaz, işimin öhdəsindən gələ bilmərəm. Biz həyatı bu cür fikirləşdiyimiz üçün Şəki Teatrı fenomeni var idi. Bizim Hüseynağa ilə səhərə qədər bu cür söhbətlərimiz olub. Təkcə Şəkidə yox. Biz onunla eyni kursun tələbələri idik. Hüseynağa başqa oğul idi.
- Cahangir müəllim, Hüseynağa Atakişiyev təbii ki, ustaddır. Amma niyə onun həyatına həmişə nisgilli nəzər salınır?
- Andre Moruanın bir gözəl sözü var: "Həyatınız boyu elə insanlarla qarşılaşacaqsınız ki, məndən niyə xoşu gəlmədi, mən ki ona bir şey etməmişəm, deyə özünüzə sual verəcəksiniz. Amma yanılırsınız. Ona ən ciddi həqarəti siz etmisiniz. Çünki siz yaşayış tərzinizlə onun xilqətinin inkarısınız." Hüseynağanın bəlası bu idi. Eləcə də bir çox istedadlı adamların. Bilirsiniz, bədxah insanlar iş başında olanda, istedadlı insanları həzm edə bilmirlər. Ona görə də kin qusurlar.
Mənim Türkiyəyə getməyim bir çox narahat adamları sevindirdi. Hüseynağanın da mövcud olması bir çox insanları narahat edirdi. Təbii ki, başqa səbəblər də vardı. Biz bunları bilirdik. Hüseynağanın gəncliyində yaşadığı bir yarası vardı. Ona görə içirdi. Yaxın dostları bunu bilirdi.
- Dediniz, sizin gedişiniz bir çox adamları sevindirdi. Niyə sevinirdilər? Bəlkə sizin kölgənizdə qalmaq onları narahat edirdi?
- Sevindiklərini bilirdim, amma kölgə məsələsi deyildi. Bilirsiniz, bəzi insanlar həyatı at yarışına çevirir, çünki özləri də at kimi yaşayırlar. Amma anlamırlar ki, tanrı hamımızı insan yaradıb.
- "Qu quşu" tamaşasında bir aktyorun tənhalığını qabartmısınız. Nəhəng aktyorların da nəhəng tənhalıqları olur...
- Mən o tamaşada zəmanəsi tərəfindən anlaşılmayan, ikiüzlülüklə qarşı-qarşıya qalan bir aktyorun dramını göstərmişəm. Bizdə hər zaman rejissor problemi var, aktyoru kəşf etmə problemi var. Nəsibə xanımın özünü belə tam kəşf eləmədilər ki... Sənətdə o qədər bayağı və standart düşünən insanlar var ki, onlar bir aktyorda başqa çalar görmək istəmirlər. Sanki xörək bişirmək üsulu ilə tamaşa hazırlayırlar. Aşpazlar başa düşməlidirlər ki, ətdən sadəcə bozbaş bişirilmir. "Baharın on yeddi anı" filmində Leonid Kuravlyov kimi komik bir aktyor nasist xarakterini necə gözəl ifa etdi? Bu rolu aktyora verən, onu orda görən, kəşf edən bir rejissor olmalıdır.
- Ananız Nəsibə xanımla sənət müstəvisində kəsişdiyiniz məqamlar olub?
- Nəsibə xanımla tamaşa hazırlamışıq. Məşqə gecikdiyinə görə, onu məşqə buraxmadım. Bu gün də həmin vəziyyət baş versəydi buraxmazdım.
- İncimişdi sizdən?
- Evə gələndə mənə dedi, sən bu cəsarəti hardan aldın ki, məni məşqə buraxmadın? Mən də cavab verdim ki, bunu mənə sən öyrətmisən! Demisən, məşqə, tamaşaya gecikmək olmaz. Mənim işimdə sərt bir disiplin var. Bu, mənə Nəsibə xanımdan keçib. Nəsibə xanım sənətinə görə özünə qarşı belə çox sərt, acımasız davranırdı. Mən ondan heç vaxt "yorulmuşam, gedim yatım" sözlərini eşitmədim. Evini yığışdırar, paltarını yuyardı. Xörəyini bişirəndən sonra gecə saat on ikidə mətbəxdə oturub rolunu əzbərləyərdi. Gecə saat üçə, dördə qədər yatmırdı, işləyirdi. Səhər saat onda işə gedirdi. Gecə demək olar, üç, dörd saat yuxu yatırdı. Mən beş yaşımdan sonra çox zaman gecə saat on bir, on ikiyə qədər evdə tək qalmışam. Anam, atam tamaşadan, konsertdən çıxıb evimizə gələnə qədər gecə saat on bir olurdu. Evdə tək qala-qala böyümüşəm. Bir şeydən qorxduğumu da xatırlamıram. O təklik mənə çox şeylər öyrədib. Düşünməyi, xəyal etməyi, öz üzərimdə işləməyi öyrənmişəm. Mən indi də saatlarla, günlərlə, aylarla tək qalsam, darıxmaram.
- Bu təklik sizdə sonralar travmaya çevrilmədi ki?
- Heç vaxt. Çünki mənim anam məni heç vaxt heç nə ilə qorxutmazdı. Mən indi də allahdan başqa heç kimdən qorxmuram. Ölümdən belə qorxmuram. Çünki əvvəl-axır Əzrayıl bir gün gələcək.
- Hər bir insanın içində bir ölüm qorxusu var...
- Mən qorxmuram. Vaxt gələndə istəsən də, istəməsən də hamı kimi öləcəksən. Rəhman Əlizadənin "Kəndimizin narları" pyesini ilk mən səhnəyə qoymuşam. Orda iki söhbət edən yaşlının biri deyir: "Adam yalnız onun başına gələcək şeylərdən qorxmalıdır."
- Yəqin, zaman-zaman burdakı müəllimlərinizdən, dostlarınızdan, yaşadığınız yerlərdən ötrü darıxırsınız.
- Əlbəttə, olur. Elə məsələlər vardı, mən getməliydim. İndi ordan-bura qayıtsam, orda da mənə deyəcəklər ki, bizi niyə qoyub getdiniz, hocam. İnsanların düşüncə tərzini dəyişməyə iddialı olan adam bunu yaxşılığa doğru etməlidir. Bayaq Andre Moruanın sözlərini Hüseynağaya aid etdim. Mənim gedişimdə də həmin fikri səsləndirmək olar. İnsanı, bir şəxsiyyəti sevməyib qəbul etməmək olar, amma onun sənətini, həyatda etdiklərini anlayaraq görməzdən gəlmək günahdır.