Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yayda yaranan allergiyalardan biri: Vaxtı keşmiş Günəş kremlərinə diqqət!

Yayda yaranan allergiyalardan biri: Vaxtı keşmiş Günəş kremlərinə diqqət!

Tarix: 8 Avqust 2020 22:48

Vaxtı keçmiş Günəş kremləri dəridə bir sıra problemlərə səbəb olur.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Türkiyənin Allergiya və Kliniki İmmunologiya Cəmiyyətinin rəhbəri, professor Bülent Şekerel yerli mediaya Günəş allergiyaları haqda açıqlamasında deyib ki, istifadə müddəti keçmiş kremlər də dəridə qızartı, qaşınma və yanma kimi allergik reaksiyalara səbəb olur. Onun sözlərinə görə, yayda baş verən allergiyaların səbəblərindən biri də budur.

Professor bildirib ki, Günəş allergiyası hər yaşda rast gəlinə bilən problemdir. Günəş allergiyası zamanı bədənin uzun zaman Günəş şüalarına məruz qalan hissələrində dəridə qızarma, qaşınma, soyulma, dəri rəngində dəyişiklik  yaranır, iynə batma kimi hiss olur.

Onun sözlərinə görə, gizli inkişaf edən bir sıra xəstəliklər, eləcə də yüksək təzyiqlə bağlı qəbul olunan dərmanlar Günəş allergiyasının yaranmasına səbəb ola bilir. Həkim bildirib ki, dəridə baş verən allergik reaksiyanın qarşısını birbaşa dəriyə tətbiq olunan dərmanlar (kremlər) və həblərdən istifadə etməklə almaq olar.

O, Günəş kremi istifadə edən zaman hər şeydən əvvəl onun istifadə tarixinə diqqət olunmasını tövsiyə edib. Mütəxəssis qeyd edib ki, Günəş kremi çəkiləndən bir qədər sonra krem çəkilən bölgədə yaranan qızarma, yanma, qaşınma, qabarma kimi əlamətlər olduğu halda həmin yeri bol su ilə yumaq, dərini kremdən təmizləmək lazımdır. Allergiya şiddətlənərsə, o zaman həkim məsləhəti ilə tədbir görülməli, dərman qəbul olunmalıdır.

Mütəxəssis deyib ki, bu, müalicə olunmadığı halda günlərlə davam edə bilən bir allergiya növüdür.


Etiketlər:  Yayda yaranan allergiyalardan biri Vaxtı keşmiş Günəş kremlərinə diqqət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ