Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yeni icra başçıları rayonlara sərmayə qoyuluşunu təmin etməlidirlər''

''Yeni icra başçıları rayonlara sərmayə qoyuluşunu təmin etməlidirlər''

Tarix: 25 Avqust 2020 13:42

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Biləsuvar Rayon İcra Hakimiyyətinin və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən dövlət başçısı öz çıxışında bir sıra önəmli məqamlara toxunub.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

O bildirib ki, bəzi rayonlarda hələ də sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunma halları qalmaqdadır:

"Qeyd etmək lazımdır ki, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı genişmiqyaslı mübarizə aparılır. Yerli icra hakimiyyətlərində də korrupsiyaya qarşı mübarizə çərçivəsində yüksək vəzifəli şəxslərin həbslərinin şahidi olmuşuq. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilib və bu məsələlər ictimailəşdirilir.

Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olunur. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görürlər və sahibkar ancaq dövlət vergisini ödəyirlər. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara dövlət başçısının da münasibəti fərqlidir, müsbətdir. Sevindirici haldır ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlət vergisini ödəyirlər". 

Politoloq qeyd edib ki, həbs olunan yerli icra başçılarından fərqli olaraq yeni icra başçıları rəhbərlik edəcəyi rayonlara sərmayə qoyuluşunu təmin etməlidirlər:

"Kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat aradan qaldırılmalıdır. Son illərdə bu sahədə ciddi islahatlar aparılır və nəticələr göz qabağındadır. Qanun pozuntusuna yol verən sahibkarlar məsuliyyətə cəlb edilirlər. 
Eyni zamanda, keçirilən əməliyyatlar nəticəsində həbs olunan yerli icra başçılarından fərqli olaraq yeni icra başçıları rəhbərlik edəcəyi rayonlara sərmayə qoyuluşunu təmin etməlidirlər. Həm yerli, həm də xarici investorların rayonlara cəlb edilməsi hər zaman olduğu kimi bu gün də prioritet təşkil edir.

Xüsusi qeyd olunmalıdır ki, investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür. İnfrastruktur layihələri və digər layihələr uğurla icra olunur. Ancaq özəl sektorun inkişafı, təbii ki, sərmayə tələb edir. Ümumiyyətlə, son kadr dəyişiklikləri cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədədir. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulub. İcra başçıları öz işini Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük prinsipləri əsasında qurmalıdır. Belə olan halda həm vətəndaşlar icra başçılarını dəstəkləyəcək, həm də ali dövlət rəhbərliyi onların işinizə yüksək qiymət verəcək".

Təhməz Təkin


Etiketlər:  Yeni icra başçıları rayonlara sərmayə qoyuluşunu təmin etməlidirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ