Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balıq körpələri təbii su hövzələrinə buraxılacaq

Balıq körpələri təbii su hövzələrinə buraxılacaq

Tarix: 4 Sentyabr 2020 16:03

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən Xəzər dənizinin su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə 2020-ci ilin sentyabr ayı ərzində müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır: “Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması, ümumilikdə ekosistemin qorunması baxımından olduqca vacibdir və tərəfimizdən bu işlər hər il yerinə yetirilir. Lakin su hövzələrinə buraxılan körpələrin böyüyüb balıq ehtiyatlarının artımına şərait yaratması üçün onların qorunması da vacibdir. Bu baxımdan sənaye balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar xırda balıqları ovlamasalar, qadağan olunmuş vaxtlarda və qadağan edilmiş vasitələrlə ov etməsələr yaxın illərdə ölkənin su hövzələrində balıq ehtiyatlarının artımına nail olmaq mümkündür".

A.Səmədova ölkədə fəaliyyət göstərən balıqyetişdirmə müəssisələrini də nazirlik tərəfindən təşkil olunan bu aksiyalara dəvət edib: "Biz bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq. İştirak etmək istəyən balıq yetişdirmə müəssisələri [email protected], [email protected] poçt ünvanlarına müraciət edə bilərlər”.


Etiketlər:  Balıq körpələri təbii hövzələrinə buraxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ