Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 19:15
Nə vaxtsa boyun ağrılarından əziyyət çəkmisinizsə, bunun necə narahat bir vəziyyət olduğunu çox yaxşı bilirsiniz.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova bildirib. Ağrıların ən tez rast gəlinən səbəbləri haqda danışan həkim qeyd edib ki, bu ağrılar əzələ vətərinin dartılması, düz olmayan ya da narahat qamət və davamlı yüklənmə ilə bağlı olur. Onun sözlərinə görə, insan yaşlandıqca degenarativ dəyişikliklər (spondilyoz, osteoxondroz "duzlaşma") də ağrıların yaranmasında rol oynayır: "Boyun əzələlərində dartılma-başımızın pozisiyası boyun fəqərələrinə nisbətən mərkəzdə və düz olmalıdır. Bəzi vaxtlar narahat yerdə yatandan sonra ya da gərgin iş günün sonunda əzələlərimizdə dartılma və yüklənmə yarana bilər. Əgər vərdiş olaraq siz başınızı qabağa əyirsizsə, bu zaman siz boynunuzdakı vətər və əzələləri artıq yükləmiş olursunuz. Çox vaxtlar bu vərdiş diqqətinizdən yayına bilər. Siz komüterdə işləyəndə, smartfon işlədəndə ya da maşın sürəndə narahat bir pozisiyada başınızı qabağa aparırsınız. Vaxt keçdikcə bu boyunda davamlı əzələ gərginliyi yaradır. Əlavə olaraq bu gərginlik baş ağrısı, yorğunluq da verə bilər. Eyni gərginlik narahat pozisiyada yatanda da olur".
S. Kərimova bildirib ki, bəzi vaxtlar mənəvi stress boyun əzələrində gərginlik yarada bilər.
Mütəxəssis qeyd edib ki, degerativ dəyişikliklər (spondilyoz)- onurğamızın boyun hissəsi bütün onurğa kimi balaca sümüklərdən (fəqərələrdən) və aralarında yastıqca kimi qığırdaq diskdən ibarətdir. Vaxt keçdikçə fəqərələr arasında disklər yastılaşa, bu isə fəqərələrarası məsafənin daralmasına və nəticədə sinir sıxılmasına gətirib çıxara bilər. Bu zaman sıxılmış sinirlər iltihablaşır və ağrı yaranır: "Fəqərələr arasında, xırda oynaqlarda osteoartrit yaranır, yəni bu zaman sümükləri bağlayan qığırdaq "yeyilir".
Sinir sıxılması-fəqərələrarası disk yırtığı, protruziyalar və s.- boyun fəqərələrində və disklərdə dəyişikliklər sinir sıxılmasına gətirib çıxara bilər. Fəqərələrarası disk yırtılır və yanında olan siniri və sinir qişalarını sıxır. Belə hallarda ağrı, qollarda, çiyin və kürəklərdə, barmaqlarda keyləşmə yarana bilər. Sinir sıxılması qollarda zəiflik yarada bilər.
Stenoz-onurğa kanalının daralması-fəqərələrarası disklərin yırtığı ya da kanalın ətrafında vətərlərin qalınlaşması səbəbindən yarana bilər. Kanaldan keçən sinirlər sıxılır, ağrı, keyləşmə, qollarda zəiflik yarana bilər. Sinirin davamlı və ciddi sıxılması daha da ciddi simptomlar-iflicə qədər gətirib çıxarır. Belə hallarda həkimin müayinəsi və xəstəliyin müalicəsi gecikdirilməməlidir. Bunlar boyunda ağrıların ən çox rast gəlinən səbəblərindəndir".
S. Kərimova boyunda davamlı ağrı, qollarda keyləşmə və zəiflik varsa, mütləq həkimə müraciət etməyi məsləhət görüb.