Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gömrük Əməkdaşlığı Şurasının sessiyaları keçirilir (FOTO)

Gömrük Əməkdaşlığı Şurasının sessiyaları keçirilir (FOTO)

Tarix: 28 Iyun 2019 07:45

Bakı. Trend:

Brüsseldə Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlığı Şurasının növbəti 133/134-cü sessiyaları başlayıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Tədbirdə ölkəmizi DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Ümumdünya Gömrük Təşkilatının ən ali qurumu olan Şuranın hər il keçirilən sessiyalarında qurumun fəaliyyəti və gələcək hədəfləri barədə yekun qərarlar qəbul edilir, növbəti il üçün strateji plan təsdiq olunur. Həmçinin, sessiyalar zamanı təşkilatın mühüm vəzifələrinə, Şura sədri və sədr müavini, Siyasi Komissiyanın üzvləri, Maliyyə Komitəsinə üzvlər və digər vəzifələrə seçkilər keçirilir.

Sessiyanın ilk iş günündə tədbirin gündəliyi qəbul edilərək əvvəlki Sessiyaların protokolları təsdiq olunub, Şura sədri və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya tərəfindən qurumun fəaliyyəti barədə hesabatlar dinlənilib.

Daha sonra siyasi məsələlərin müzakirəsi keçirilib, Siyasi Komissiyanın 80-ci və 81-ci sessiyalarında qaldırılmış məsələlərə baxılaraq qərarlar qəbul edilib. Həmçinin İqtisadi Rəqabət Paketi, Nəzarət və Hüquq mühafizə Paketi, Gəlirlər Paketi üzrə tərəqqi hesabatları, o cümlədən Ümumdünya Gömrük Təşkilatında əlavə dillərdən istifadə üzrə İşçi Qrupun hesabatı və Özəl Sektor üzrə Məşvərət Qrupunun iclaslarının hesabatları iştirakçıların diqqətinə çatdırılıb.

Siyasi məsələlərin müzakirəsinin ardınca qruplar şəklində regional məsləhətləşmələr baş tutub. Əvvəlcə Avropa, Şərqi, Cənubi və Şimali Afrika, Yaxın və Orta Şərq regionlarından, daha sonra isə Uzaq Şərq, Cənub və Cənub-Şərqi Asiya, Avstraliya və Sakit Okean adaları, Qərbi və Mərkəzi Afrika, Cənubi Amerika, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi regionlarından olan gömrük xidməti rəhbərləri arasında gömrük idarələrinin gələcək fəaliyyət istiqamətlərinə dair məsləhətləşmələr aparılıb.

Məsləhətləşmələrin ardınca Harmonik Sistemlə bağlı məsələlərin nəzərdən keçirilməsi, o cümlədən Fəaliyyətin Qiymətləndirilməsi və Dünya Bankı ilə dialoqun davam etdirilməsi barədə müzakirələr baş tutub.

Texniki məsələlərin müzakirəsi zamanı isə Ümumdünya Gömrük Təşkilatının Baş katibinin müavini Rikardo Trevinonun potensialın gücləndirilməsi sahəsində hesabatı, həmçinin Potensialın Gücləndirilməsi Komitəsinin və Peşə Etikası üzrə Alt-Komitənin hesabatları təqdim olunub.

Hesabatların ardınca Ümumdünya Gömrük Təşkilatının Nəzarət və Asanlaşdırma Direktorluğunun rəhbəri vəzifəsinə namizədlərin təqdimatları dinlənilib, daha sonra isə nümayəndə heyəti rəhbərlərinin görüşü keçirilib.

Tədbir iyunun 29-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gömrük Əməkdaşlığı Şurasının sessiyaları keçirilir FOTO


RƏYLƏR