Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 11:48
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin sentyabrın 10-dan Türkiyədə rəsmi səfəri davam edir.
Milli Məclisdən Milli.A-a verilən məlumata görə, Ankaranın Esenboğa hava limanında nümayəndə heyətimizi Türkiyə Böyük Millət Məclisinin sədr müavini Süreyya Sadi Bilgiç və digər rəsmi şəxslər qarşılayıblar.
Həmin gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.
Azərbaycan parlament nümayəndə heyətini Türkiyədə salamlamaqdan məmnunluq duyduğunu deyən xanım nazir bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəmizi daha da artırmaqdır.
Xanım nazir bildirdi ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırdı.
Qadın sahibkalığının inkişafı barədə danışan Ruhsar Pekcan bununla bağlı Türkiyədə görülən işlərdən danışdı. O, qadın kooperativlərini gücləndirmək üçün yeni bir proqram başlatdıqlarını və qadınların iş həyatında daha çox yer tutması üçün layihələr həyata keçirməyə davam etdiklərini bildirdi. Qeyd etdi ki, "qadın güclənərsə, ailə güclənər, iqtisadiyyat güclənər."
Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan diqqəətə çatdırdı ki, Naxçıvan Azərbaycanın bizə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk. Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq.
Səmimi qəbul üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu onun ilk rəsmi səfəridir. Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini Türkiyəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu belədir. Biz "bir millət, iki dövlətik". Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni zamanda, bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir.
İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan Milli Məclisin Sədri bildirdi ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi türkdilli ölkələri birləşdirən bir dəmiryoludur və onu yalnız Qəqim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçmişdir.
Milli Məclisin sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd etdi ki, hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, bu, Milli Məclisin sədri Sahibə Qafarovanın parlament sədri kimi ilk xarici səfəridir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.