Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 16:48
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb.
Milli Məclisdən Sonxeber.net-a verilən məlumata görə, məktubda Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar - Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və İYİ Partiya tərəfindən 28 sentyabr 2020-ci il tarixində qəbul olunan və Ermənistanın törətdiyi növbəti təcavüz aktının və təxribatın kəskin şəkildə qınandığı Birgə Bəyanatın Azərbaycanda böyük rəğbətlə qarşılandığı bildirilir.
Milli Məclisin Sədri partiyaların qətiyyətli və ədalətli mövqe ortaya qoyduqları üçün öz adından və Azərbaycan Respublikası Milli Məclisin bütün üzvləri adından minnətdarlığını ifadə edib. Məktubda bildirilir ki, Azərbaycan hazırda beynəlxalq hüququn ona verdiyi haqdan istifadə edərək Ermənistanın işğalı altında qalan torpaqlarını azad etmək üçün savaşır:
"Biz sülhsevər dövlət olaraq son 30 ildə münaqişənin danışıqlar masası ətrafında, dinc yolla həlli üçün səbrlə gözlədik. Münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prinsipi əsasında həllinə dair BMT və ATƏT başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra edilməsini tələb etdik. Lakin 30 il ərzində nə bu qərarlar Ermənistan tərəfindən icra edildi, nə də beynəlxalq ictimaiyyət Ermənistana bu qərarları icra etməsi üçün təzyiq göstərdi. Bu isə son nəticədə cəzasız qalan Ermənistanın yenidən Azərbaycana hücum etməsi və yeni torpaqlar işğal etmək cəhdi ilə yekunlaşdı. Lakin Azərbaycanın şanlı ordusunun qətiyyəti ermənilərin bu cəhdini artıq boşa çıxarmışdır. Əminik ki, şanlı ordumuz bu qətiyyəti ilə ən qısa müddətdə torpaqlarımızı tam şəkildə azad edəcəkdir və Azərbaycanın ərazi bütövlüyünü təmin olunacaqdır".
Məktubda qeyd olunub ki, bu bəyanat bir daha göstərdi ki, Azərbaycan və Türkiyə milli xarakter daşıyan bütün məsələlərdə hər zaman bir-birinin yanındadır.