Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 16:30
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın "Rossiya l" telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı.
Sonxeber.net bildirir ki, Bu fikirləri Trend-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Media Qrupunun rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyev "Rossiya l" telekanalına müsahibəsi zamanı səlis və mükəmməl bir dildə faktlara əsaslanaraq Nikol Paşinyanın yalanlarını ifşa etməsi ilə iki ölkə rəhbərinin müqayisəyə gəlmədiyini sübuta yetirdi: "N.Paşinyan bir daha göstərdi ki, mitinqlərdə çıxış etməklə belə səviyyəli tədbirlərdə çıxış etmək, dövlət idarəçiliyi tamamilə ayrı-ayrı anlayışlardır. Azərbaycan Prezidentinin Ermənistan baş nazirini növbəti dəfə siyasi iflasa uğratması faktını hətta Ermənistan mətbuatı və ictimaiyyəti də etiraf etmək məcburiyyətindədir. Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan telekanala müsahibəsi zamanı Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi.
Prezident İlham Əliyev müsahibəsi zamanı bir daha Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu faktlarla göstərdi. Bu mənada, hesab edirəm ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi isə mümkünsüz görünür. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. O da yaddan çıxarılmamalıdır ki, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qətiyyətli cavab verib, növbəti təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb".
B.Quliyev əlavə edib ki, Paşinyanın işğal altındakı torpaqlara mütəmadi səfərləri, "Qarabağ Ermənistandır və nöqtə" və "Qarabağ xalqı özü danışıqlarda tərəf olmalıdır" kimi bir-birini təkzib edən bəyanatları Nikolun bölgəni müharibəyə sürükləməsinin ilkin siqnalları idi: "Ermənistan sülhə getmək istəmir, həmsədrlər işğalçını sülhə məcbur etmək istəmir, Azərbaycan isə təbii ki, öz halal torpaqlarından imtina etməyəcək. Belə olan halda münaqişənin sülh yolu ilə həll vasitəsi tükənmiş hesab olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də münaqişənin Minsk qrupu çərçivəsində həllinin artıq mümkünsüz olduğunu açıq şəkildə bildirib. Ümumiyyətlə, müasir dünyada artıq münaqişələrin beynəlxalq təşkilatlar çərçivəsində həlli imkanları getdikcə tükənməkdədir. Soyuq müharibə dövründəki güc balansının təzahürü olan beynəlxalq və regional təşkilatlar, o cümlədən ATƏT və onun Minsk Qrupu problemi həll etmək iqtidarında deyil. Beynəlxalq təşkilatlar elə onu təsis edən böyük dövlətlərin özlərinin maraqlarının əsirinə çevrilib".
Siyasi ekspert bildirib ki, etnik təmizləmə nəticəsində tarixi torpaqlarından zorla çıxarılmış vətəndaşlarımızın geri qayıtmalarını təmin etmək üçün kifayət qədər imkanlarımız var: "Azərbaycan dövlətinin bu məqsədləri həyata keçirmək üçün iqtisadi, siyasi, eləcə də hərbi gücü yetərincədir. Eyni zamanda, bu məsələdə Azərbaycan xalqının yekdil iradəsi var. Bu gün siyasi baxışlarından, tutduğu vəzifədən, mövqeyindən asılı olmayaraq hamının bir fikri var - bölgədə sülh, əmin-amanlıq bərqərar olunmalı, separatizmə son qoyulmalıdır. Ali Baş Komandanın atacağı addımdan asılı olaraq hər bir vətəndaşımız üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. Azərbaycan xalqı "hər şey cəbhə üçün, hər şey vətən üçün" deyərək bölgədə sülhün, əmin-amanlığın təmin olunmasında orduya hər bir cəhətdən yardım etməyə hazırdır".