Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 20:40
6 oktyabr tarixində antimonopoliya hüquqları üzrə məhkəmə komitəsi Facebook, Google, Apple və Amazon şirkətlərinin əməliyyatlarına qarşı ABŞ-ın demokratik partiyası tərəfindən təşkil edilmiş 16 aylıq istintaq nəticələrini təqdim edib. Hesabatda qeyd olunub ki, istintaqı aparmış şəxslər 38 nəfər şahid ilə görüşüb, bazarın müxtəlif təmsilçiləri ilə 240-dan çox müsahibə reallaşdırıb və 1.2 milyon sənəd ilə mesajı analiz ediblər. Bu barədə Vc.ru saytı xəbər verib.
Təqdim edilmiş hesabata əsasən sadalanmış şirkətlər fəaliyyət göstərdikləri sahələrdə mövqelərini bərkitmək üçün antirəqabət üsullarından və öz nüfuzlarından istifadə ediblər. Antimonopoliya hüquqları üzrə məhkəmə komitəsinin fikrincə antimonopoliya qanunvericiliyində dəyişikliklər edilməlidir. Həmin dəyişikliklər böyük şirkətləri məndudlaşdırmağa və onların işlərini dəyişməyə imkan verəcəklər. Demokrat partiya sözügedən böyük şirkətləri strukturlu şəkildə daha kiçik şirkətlərə ayırmağı və onların bazardakı imkanlarını məhdudlaşdırmağı təklif edir. Respublika partiyası isə demokratların bu fikirləri ilə razı deyil.
Şirkətlər nədə günahlandırılırlar?:
- Şirkətlər öz nüfuzlarından sui-istifadə edirlər:
- Onlar öz müştəriləri ilə partnyorlarına qeyrirəqabətcil şərtlər təqdim edirlər
- İdarəlunmaz şəkildə məlumatlar yığırlar
- Qiymətləri qaldırırlar
- Hegemonluq etdikləri bazarlarda bazar qaydalarını təyin edirlər, lakin özləri çərçivə daxilində hərəkət etmirlər.
Bununla yanaşı zəif rəqabət nəticəsində monopolistlər istifadəçi məlumatlarını daha pis qoruyurlar və daha aşağı səviyyəli xidmətlər təklif edirlər. Komitənin fikrincə investorlar rəqabət apara biləcək startaplara çox az hallarda yardım edirlər. Belə ki, həmin startaplar nəticədə onsuz da böyük şirkətlər tərəfindən alınacaqlar.
Facebook: Sosial şəbəkələr və online reklam bazarında monopoliya.
Facebook şirkəti istənilən potensial rəqibə qarşı "kopyalamaq, almaq və öldürmək" şablonu üzrə hərəkət edir. Whatsapp və Instagram da bu cür rəqiblərdən idilər. Rəqabətin olmaması səbəbilə Facebook-un keyfiyyəti çox aşağı düşüb. Bu səbəbdən də istifadəçilərin konfidensiallıqları və məlumatın etibarlılığı zərərçəkmişlər sırasındadırlar.
Son illərdə Facebook şirkəti 100-ə yaxın startapı alıb. Lakin nizamlayıcı orqanlar ciddi şəkildə yalnız Instagram-ın alınması müqaviləsinə nəzər yetirmişdilər.
Komitənin fikrincə Instagram-ın sürətlə inkişaf etməsi onu Facebook-un əsas rəqiblərindən birinə çevirə bilərdi. Bu cür hal isə Mark Zuckerberg-i qorxutdu və o, fotoservisi aldı. Facebook isə bildirir ki, əgər o, Instagram-ı almasaydı fotoservis bugünki gündə əldə etdiyi inkişaf səviyyəsinə çata bilməyəcəkdi.
Amazon: Online ticarətdə monopoliya.
Hesabatda qeyd olunub ki, Amazon şirkəti bir çox kənar satıçı və təchizatçı üzərində monopolist hakimiyyətə sahibdir. İctimai şəkildə Amazon şirkəti kənar satıcıları partnyorlar kimi qələmə verir. Həmin satıcılar vasitəsilə isə Amazon platforması böyüməkdə davam edir. Lakin öz daxili sənədlərində şirkət sözügedən satıcıları daxili rəqiblər adlandırır. Amazon ikitərəfli rol oynayır: Həm ticarət platformasının sahibi həm də həmin platformada çalışan satıcı.
Amazon öz platformasında olan satış və satıcılar barəsində olan məlumatlardan istifadə edərək həmin satıcılar ilə daha uğurlu şəkildə rəqabət aparır.
Hesabatın müəllifləri həmçinin qeyd ediblər ki, Amazon şirkəti bazardakı monopoliyasını həmçinin rəqiblərin alınması və ya bankrot olunması vasitəsilə əldə edib. Pampers istehsalçıları olan Diapers və Zappos şirkətləri bunun bariz nümunələridirlər. Bu cür üsulla Amazon şirkəti müxtəlif müştərilər barəsində əlavə məlumatlar əldə edərək rəqiblərindən geri qalmaq halını aradan qaldırır. Məsələn 2010-cu ildə Amazon bilərəkdən dempinq edərək Diapers şirkətini iflasa uğratdı və daha sonra onu aldı. Hesabatda qeyd edilib ki, Amazon-un ABŞ-dakı online ticarət sahəsindəki payı (40%) aşağı salınıb. Lakin daha inandırıcı məlumatlara əsasən şirkətin online ticarət sahəsindəki payı əslində 50% və daha çox təşkil edir.
Apple: iOS cihazlarda monopoliya.
Demokrat partiyasının fikrincə Apple şirkəti iOS cihazlar üçün proqram bazarında monopoliyaya sahibdir. Apple şirkətinin mobil ekosistemi alıcılar ilə tətbiq tərtibatçılarına xeyir gətirsə də şirkət iOS əməliyyat sistemi ilə App Store platforması üzərindəki hakimiyyətindən istifadə edərək rəqabəti qəlizləşdirir və servislər arasından rəqiblərin çıxarılmasına nail olur.
Bununla yanaşı rəqiblərə məxsus olan konfidensial məlumatları əldə etmək üçün Apple bazardakı nüfuzundan istifadə edir və tərtibatçılardan yüksk komissiya əldə edir.
Nəticədə isə tərtibatçılar App Store platformasındakı servislərinin qiymətlərini yüksəltməli olurlar. Buna görə də Apple servislərinin qiymətləri rəqib servislərinin qiymətlərinin fonunda daha münasib görünürlər. "Rəqabətin olmadığı bir vaxtda Apple şirkətinin iOS cihazlar üçün olan əməliyyat sistemi üzərindəki monopoliyası rəqiblərə zərər verir, tətbiqlərin keyfiyyətlərini aşağı salır və tərtibatçılar arasında innovasiyaların inkişafını ləngidir. Bu həmçinin qiymətlərin yüksəlməsinə və istehlakçılar arasında seçim azlığına gətirib çıxardır" - deyə hesabatda qeyd edilib.
Google: Axtarış sistemləri və axtarış reklamları bazarında monopoliya.
Google şirkətinin hegemonluğu bir-birinə bağlı olan monopoliya ekosistemi şəklində təqdim olunur. Hesabatda qeyd edilib ki, şirkət öz servislərindəki istifadəçi məlumatlarını birləşdirərək bazardakı mövqeyini bərkidir. Google şirkətinin daxili sənədlərinə əsasən onun əməkdaşları şirkətin miqyası, həcmi və real zaman ərzində məlumatları izləmə imkanı sayəsində ideal analitika bazarından danışıblar.
Bəzi hallarda Google hətta öz potensial rəqiblərini izləmək üçün xüsusi proqram təminatları da yaradıb. Hesabatda qeyd edilib ki, Google öz monopoliyasını axtarışda saxlamaq üçün antirəqabət müqavilələrdən istifadə edir. Bundan əlavə olaraq Google axtarış sistemlərinə təsirdə və ödənişli reklam ilə adi axtarış nəticəsi arasındakı sərhədin silinməsində günahlandırılır.
Bu böyük texnoloji şirkətlər barəsində hansı tədbirlərin görülmsi təklif edilir?:
Demokratlar antimonopoliya qanunvericiliyində radikal dəyişikliklər təklif edirlər.
- Şirkətlər struktur şəklində daha kiçik şirkətlərə ayrılmalıdırlar və bu şirkətlər özlərinə yaxın olan bizneslərə təsir etmə imkanlarından məhrum edilməlidirlər. Bu isə texnoloji şirkətlərin məcburi ayrılması və ya ana şirkət daxilində olmayan ayrı-ayrı biznes strukturların yaradılması deməkdir. Məsələn, Youtube servisinin Google-dan, Instagram ilə Whatsapp-ın isə Facebook-dan məcburi ayrılması. 1930-cu illərdə buna bənzər proses baş vermişdi. Həmin ilərdə kommersiya bankları investisiya banklarından ayrılmışdılar
- Əgər tərəflər əksini sübut etməsələr, antimonopoliya orqanları monopolistlər ilə bağlı şirkət alışını və ya şirkətlə birləşməni antirəqabət hesab etməlidirlər
- Şirkətlərin öz fərdi servislərinə üstünlük vermələri qadağan edilməli və onlar eyni məhsullar ilə xidmətlərə bərabər şərtlərin təqdim olunmasına məcbur edilməlidirlər
- Monopolistlərin xidmətləri rəqiblərin servis və xidmətləri ilə uyğunlaşmalı və istifadəçilərə həmin servislər arasında məlumatların daşınılması imkanı yaradılmalıdır
- Federal ticarət komissiyası daimi olaraq şirkətlərin miqyasları barəsində məlumatları yığmalıdır
- Bu komissiyanın və ABŞ-ın ədliyyə nazirliyinin antimonopoliya şöbəsinin büdcələri artırılmalıdır
- Məcburi arbitraj ilə kollektiv məhkəmə ittihamlarının məhdudlaşdırılmasının ləğv edilməsi.
Respublika partiyası demokratların yalnız bəzi təklifləri ilə razıdır.
Belə ki, Respublika partiyası şirkətlərin struktur şəklində ayrı-ayrı kiçik şirkətlərə ayrılmasını həddindən artıq tələb hesab edir.
Respublikaçılar əmindirlər ki, İT şirkətlər böyük güc və nüfuz əldə ediblər. Lakin buna baxmayaraq respublikaçılar həmin şirkətlərin məhv edilməsi üçün antimonopoliya qanunvericiliyində dəyişikliklərin edilməsini istəmirlər. Nəticədə Respublika partiyası təqdim edilmiş hesabatı imzalamaqdan imtina edib və alternativ kimi özünün iki hesabatını təqdim edib.
Hər iki partiyanın eyni fikirdə olduğu məsələlər:
- Antimonopoliya orqanlarına daha çox salahiyyət verilməlidir
- İT şirkətlərdən platformalar arasında məlumatların köçürülməsi imkanını yaratmağın tələbi
- Şirkətlərin alınması və ya şirkətlərlə birləşmə üzrə olan müqavilə standartlarının sərtləşdirilməsi. Bu halda iki şirkət arasında bağlanan müqavilənin bazardakı ümumi rəqabətə zərər yetirməyəcəyini sübut etmək lazım gələcək.
Şirkətlər buna necə reaksiya verdilər və bunun nəticəsi nə olacaq?
- Apple şirkəti təqdim edilmiş hesabatla qəti şəkildə razı deyil. Şirkət sübut edir ki, o öz biznes sahələrində yüksək bazar payına sahib deyil. App Store komissiyaları digər platformaların komissiyaları ilə üst-üstə düşürlər. Şirkət təmsilçiləri bildiriblər ki, platformanın özü isə 10 il bundan öncə təsəvvür edilməsi mümkün olmayan yeni bazarların, xidmətlərin və məhsulların yaranmasına səbəb olub
- Google şirkətinin fikrincə o, sürətlə inkişaf edən rəqabətci bazarda ədalətli rəqabət aparır. Google da təqdim edilmiş hesabat ilə razı deyil. Belə ki, şirkətin fikrincə hesabatda axtarış və digər servislər üzrə rəqabət mövzusunda köhnəlmiş və dəqiq olmayan fikirlər mövcuddur. Bununla belə Google bildirib ki, o, partiyalar tərəfindən təqdim edilmiş qanun dəyişikliklərindən bəzilərini dəstəkləyir. Buna misal olaraq məlumatların platformalar arasında köçürülməsi imkanının yaradılmasını gətirmək olar
- Amazon şirkəti komitənin təklif etdiyi məsləhəltəri yanlış hesab edir. Belə ki, həmin təkliflər ilk növbədə kiçik biznesə və istehlakçılara zərər verə bilərlər. "Bütün böyük təşkilatlar nizamlayıcı orqanların diqqətlərini cəlb edirlər. Lakin müəyyənləşdirilmiş dominantlığa sahib olmayan böyük şirkətlərin uğurlarının antimonopoliya ilə əlaqələndirilməsi doğru deyil. Konqressin səhv düşüncəsi milyonlarla müstəqil satıcını, alıcılar ilə olan ən sürətli və gəlirli qarşılıqlı əlaqə üsulundan məhrum edə bilər. Bunun nəticəsində rəqabət səviyyəsi daha da aşağı düşəcək" - deyə Amazon təmsilçiləri bildiriblər.
- Facebook həmçinin düşünür ki, o, milyardlarla insanın istifadə etdiyi çoxlu sayda servis sahəsi ilə rəqabət aparmaqda davam edir. Digər təmsilçilərin şirkət tərəfindən alınması isə biznes sahəsinin bir hissəsidir və daha çox fayda vermək üçün yeni texnologiyaların inteqrasiyasına yönəlik üsullardan biridir. "Instagram və Whatsapp-ın yüksək uğur qazanmalarının səbəbi ondadır ki, Facebook onlara milyardlarla vəsait yatırıb. Yüksək rəqabət isə müqavilələrin bağlanması zamanında olduğu kimi indi də mövcuddur. Nizamlayıcı orqanlar bu servislərin alışı zamanı qeyri qanuni bir hal aşkar etməmişdilər" - deyə şirkət bildirib.
Beləliklə təqdim edilmiş hesabata baxış və onun qəbul edilib-edilməməsi noyabr ayında baş tutacaq prezident seçkilərindən sonra aydın olacaq. Nəzərə alsaq ki, partiyaların fikirləri fərqlənir, yekun olaraq hansısa konkret qərarın olub-olmayacağı bilinmir.