Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 22:40
Fevral-mart aylarında Türkiyənin yerli və milli PUA-ları Suriyanın İdlib bölgəsində aprılan "Bahar Qalxanı" əməliyyatı zamanı aparıcı rol oynayıb. Hərəkət edən hər şeyi, demək olar ki, çox dəqiqliklə vurmaq qabiliyyətinə sahib uçuş aparatları yaşayış məntəqələrində göstərdikləri performansla mikrocərrahiyyə əməliyyatına bənzər əməliyyat həyata keçiriblər.
Türkiyə bu imkan və bacarıqları nə qədər müddətdə qazanıb? Bu müddətdə nələr baş verib?
PUA-lar və Silahlı PUA-lar nədir?
Türkiyənin PUA-larının və silahlı PUA-larının inkişaf mərhələlərinə nəzər salmadan öncə bəzi məqamları bir daha xatırlamaqda fayda var. PUA-lar funksiyalarına, çəkilərinə, mühərriklərinə, qanad tiplərinə və mənzillərinə görə təsnif edilir.
Kəşfiyyat, nəzarət, nəqliyyat, dəniz patrulu, axtarış və xilasetmə kimi sahələrdə səmərəli istifadə olunan bu uçuş aparatlarının ən vacib nəzərəçarpan effekti onlardan hücum zamanı da istifadə oluna bilməsidir. PUA-lar yalnız yaxın hava dəstəyi vermir, eyni zamanda hədəfin tuşlanması, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi və hava məkanının müdafiəsi kimi çox vacib vəzifələrin öhdəsindən gələ bilirlər. PUA-ların yaxın gələcəkdə daha çox vəzifə yerinə yetirə biləcəyini nəzərə alsaq, bu texnologiyaya sahib ölkələrin digərlərinə nisbətən nə qədər üstün olduğunu aydın görə bilərik.
Türkiyəyə PUA-lar ilk dəfə 1993-cü ildə gətirilib
Sonxeber.net techland.az-a istinadən bildirir ki, Türkiyə, xüsusilə 1990-cı illərin əvvəllərində terror hadisələrindən sonra bölgədə PUA-ların əhəmiyyətini hələ bu texnologiya yeni olarkən başa düşə bilən azsaylı ölkələrdən biridir. Buna görə də Türkiyədə PUA sistemlərinin inkişafı və TSQ inventarına daxil edilməsi ilə əlaqədar aparılan tədqiqatlar 1980-ci illərin sonlarında dünyadakı inkişaflara paralel olaraq özünü büruzə verməyə başladı.
1994-cü ildə, Almaniyanın 1993-cü ildə bağışladığı "Canadair" şirkəti tərəfindən istehsal edilən 5 ədəd CL-89 PUA-sı ilə uçuşlara başlandı. Lakin sistem maddi problemlər və qəzalar səbəbindən qısa müddət ərzində arsenaldan çıxarıldı.
1989-cu ildə ABŞ-ın "General Atomics" şirkəti tərəfindən ilk PUA-lar istehsal olunmağa başladı. Bu texnologiyanın təmin edəcəyi faydaları görən Türkiyə müttəfiqlərdən GNAT PUA-ları idxal etmək üçün ilk addımlar atmağa başladı və 1993-cü ildə ilk GNAT PUA-larını əldə etdi. GNAT 750-lər uzun illər istifadə edildi. Bu aparatlar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk PUA-lar idi.
Yerli şirkətlərin prosesə qoşulması
GNAT-ların satınalması prosesinə paralel olaraq dövlət bu vasitələrin yerli və milli imkanlarla inkişaf etdirilməsi üçün addımlar atmağa başladı. Bu çərçivədə, Türkiyə Aviakosmik Sənayesi (TUSAŞ) tərəfindən "İHA-X1" (1992), "Turna-Keklik" (1996), "Pelikan-Martı" (2003), "Gözcü" (2007), "Öncü" (2008), "Şimşek" (2012) və ən sonda "Anka" pilotsuz uçuş aparatları hazırlanıb. Bundan əlavə, rotorlu PUA (2012) sahəsində də işlər görülüb.
1990-cı ildə TUSAŞ tərəfindən üzərində işlər aparılan UAV-X1 "Şahid" sistemi ilk yerli istehsal edilən PUA hesab olunur. Bu PUA 1992-ci ildə istehsal edilsə də, kütləvi istehsalı həyata keçirilməyib.
Qabar dağının ətəyində qurulan müəssisə
Bu addımlar əsasən dövlət tərəfində atılırdı, bununla yanaşı bu texnologiyanı Türkiyəyə gətirmək üçün özəl şirkətlər də faəliyyət göstərirdi. Onlardan biri bu gün sektorda hər kəsin yaxından izlədiyi "Baykar Savunma" şirkətidir.
2000-ci ilin əvvəllərində bu layihə ilə əlaqədar addım atan Özdemir Bayraktar və oğulları Haluk və Selçuk Bayraktarın hekayəsinin başladığı yer Şırnak idi.
Şırnakın 6-cı Daxili Təhlükəsizlik Briqadasına baş çəkərkən komandirlərdən biri Melih Gülova Özdemir Bayraktara şəhidlərin qanlarını göstərərək terrorizmə qarşı texnoloji bir vasitə tapmağa çalışdığını söylədi. Bunun ardınca briqadanın yerləşdiyi Qabar dağının ətəyində bir müəssisə quruldu.
Özdemir və Selçuk Bayraktarın rəhbərliyi altında mühəndislər üç il Qabardakı müəssisədə qaldı və ərazini araşdırdı. Bu işlərin bəhrəsi olaraq, o dövrdə Türkiyə Ordusunun çox ehtiyac duyduğu "Bayraktar Gözcü" mini PUA-sı inkişaf etdirildi. Ancaq Melih Gülova 2007-ci ildə Şırnakda terrorçular tərəfindən uzaqdan partladılan bomba nəticəsində şəhid oldu. Özdemir Bayraktar bu gün əldə olunan naliyyətlərə dair sualları cavablandırarkən deyir ki, "bu layihələr əslində onların uğurudur. Biz komandirin vəsiyətini tamamladıq".
Eyni dövrdə 24 dekabr 2004-cü ildə Müdafiə Sənayesi İdarəsi ilə Türkiyə Aviakosmik Sənayesi arasında "Anka"nın inkişaf etdirilməsi ilə bağlı müqavilə imzalanıb.
Bunları nəzərdən keçirdikcə görürük ki, əslində pilotsuz uçuş aparatlarında, xüsusən silahlı PUA-larda mövcud olan imkan və bacarıqlar üzərində çox diqqətlə hissə-hissə işlənilib. Alınan "Heron" PUA-ları yaxşı nəticə göstərmədi, milyonlarla dollar xərcləndi. Lakin keçmişdə baş verənlərin hal-hazırda əldə olunan nailiyyətlərə çox böyük təsiri oldu.
İsraildən alınan "Heron"larında daim problemlər yaranırdı
Türkiyədə 1990-cı illərin sonlarında başlayan "Yerli və milli imkanlarla PUA istehsal edilməsi" layihələrinə bürokratik əngəllər yaradılırdı. İsrail ilə "Heron" PUA-larıyla bağlı müqavilələr imzalanarkən, yerli layihələr "maliyyə problemləri" səbibilə dayandırılırdı.
2005-ci ildə İsraildən 1 ədəd "Heron" PUA-sı icarəyə götürən Türkiyə 4 milyon dollar ödəyərək 3 il bu vasitədən istifadə etdikdən sonra onu geri qaytardı. 2007-ci ildə İsraildən daha 3 PUA kirayəyə götürüldü. 15 milyon dollara kirayəyə götürülən "Heron"lar orta səviyyəli idi və 18 min futa qədər çıxıb 6-8 saat havada qala bilirdi. İsrailin "AeroStar" şirkətindən icarəyə götürülən bu PUA-lardan səmərəli istifadə olunmadı və hər üçü qəzaya uğradı.
Bir müddətdən sonra İsraildən 18 ədəd "Heron" PUA-sının alınması üçün razılıq əldə olundu. Tenderdə "Heron"un rəqibi ABŞ-da istehsal edilən "Predetor" idi. Bu PUA "Heron"dan daha yaxşı olsa da, İsrail "Aselsan" tərəfindən istehsal edilən "Aselflir 300T" (elektro-optik kəşf, nəzarət və hədəfləmə sistemi) cihazını sistemə inteqrasiya etməyi qəbul etdiyinə görə, Türkiyə İsrail ilə müqavilə imzaladı.
Ancaq sonradan İsrail bu sistemin ağır olduğunu iddia edərək uçuş hündürlüyü və havada qalma müddətinin azaldılmasını tələb etdi. Beləliklə, Türkiyənin artıq pulunu verdiyi PUA-ları almaq üçün qəbul edilmiş şərtləri dəyişdirdi. PUA-nın 30 min fut yüksəkliyi 24 min futa endirildi, nəqliyyat vasitəsinin havada qalma müddəti də azaldıldı. Buna baxmayaraq, gətirilən "Heron"lar arasında sınan, sıradan çıxan və eniş və qalxış zamanı qəzaya uğrayanlar oldu, PUA-ların tədarükü 3 il gecikdi. Bundan əlavə, bu təyyarələrin eniş və uçuş operatorları tamamilə İsrailə aid idi, əldə edilən görüntülər İsrailə ötürülürdü.
Türkiyənin ilk yerli PUA-sı TSQ-nin inventarına daxil olur
Bu dövrdə özəl sektorun, eləcə də dövlətin gördüyü işlər ilk bəhrəsini verməyə başladı. "Baykar" milli və orijinal PUA-nı TSQ inventarına daxil etdi. Mini PUA on minlərlə saatlıq uçuşdan sonra 2007-ci ildə vaxtında çatdırılma ilə Silahlı Qüvvələrin inventarına daxil oldu.
2009-cu ildə səmada "Malazgird" PUA-sı
"Baykar"ın gördüyü işlər o illərdə TSQ-nin yarasına bir məlhəm oldu. Komandirlərin tələblərinə uyğun olaraq hazırlanan sistemlər bir-birinin ardınca inventara daxil olmağa başladı. Bu çərçivədə önə çıxan layihələrdən biri də "Malazgirt" dönmə qanadlı mini PUA-ları idi.
2006-cı ilin noyabr ayında Şırnakda yerləşən 6-cı Motoatıcı Piyada Briqadası "Baykar"dan terrorla mübarizədə istifadə ediləcək avtomatik uçuş xüsusiyyətləri olan bir helikopter platforması hazırlamasını istədi.
"Malazgirt" PUA-ları dünyada ilk dəfə TSQ tərəfindən istifadə edilən mini robotik helikopter sistemi idi, o, 2009-cu ilin may ayında Quru Qoşunları Komandanlığına təslim edilib.
ANKA-nın meydana gəlməsi
Daha əvvəl müxtəlif səbəblərdən heç bir irəliləyiş əldə edə bilməyən ANKA ilə bağlı 2012-ci ildə yeni bir addım atıldı. Türkiyənin Müdafiə Sənayesi İdarəsi və Hava Qüvvələri Komandanlığı tərəfindən ANKA-nın əsas konfiqurasiyası olan ANKA-A-nın qəbul sınaqları başladı. Bu dövrdə, xüsusilə Müdafiə Sənayesi İdarəsi tərəfindən atılan addımlar və qəbul etdiyi yol xəritəsi bu gün əldə olunan nailiyyətlərdə böyük rol oynayıb.
25 oktyabr 2013 tarixində Müdafiə Sənayesi İdarəsi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək 10 ANKA-S PUA-sı üçün daha bir müqavilə imzalayıb. Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin pz resursları ilə Elazığda yerləşdirildi.
Bayraktar TB2 səhnəyə çıxır
Başlayan hərbi layihə ardından növbəti layihəni gətirirdi və başqa sistemlərdən öyrənilən inkişaflar yeni platformalara əlavə edilirdi.
2007-ci ildə Müdafiə Sənayesi idarəsi Quru Qoşunları Komandanlığının Taktiki Pilotsuz Uçuş Aparatlarının İnkişaf Proqramı üçün şirkətlərlə görüşlər keçirməyə başladı. Bu görüşlərdən biri də "Baykar" şirkəti ilə edildi. Bu proqramın məqsədi 35 kq yük daşıya bilən, 18 min fut yüksəklikdə 10 saat uça bilən və 150 kilometr məsafən əlaqə qura biləcək bir PUA-nın inkişaf etdirilməsi idi.
İnkişaf etdirilmiş prototip 8 iyun 2009-cu il tarixində Keşan Hava limanında ilk uçuşunu çox müvəffəqiyyətlə həyata keçirdi. Prototip 2009-cu ildə rəsmi şəxslərin qarşısında uğurlu uçuş sınaqlarından sonra 2010-cu ildə satınalma qərarı verildi. "Baykar" tərəfindən 2012-ci ildə hazırlanan "Bayraktar" mini PUA Qətərə ixrac edilib.
"Bayraktar Taktiki Blok 2" (TB2) adlanan sistem ilk uçuşunu 29 aprel 2014-cü ildə etdi. "Bayraktar TB2" PUA-sından tender mərhələsində 10 saat havada qalmaq və 18 min fut yüksəklikdə uçuş reallaşdırmaq tələb olunurdu. PUA Edirne Kesan Hərbi Hava Limanında 24 saat 34 dəqiqə havada qalmaqla və 27 min metr yüksəklikdə uçaraq Türkiyə aviasiya rekordunu təzələdi. 2 iyul 2019-cu ildə "Bayraktar TB" ağır səhra şəraitində Küveytdə demo uçuşu zamanı 27 saat 3 dəqiqə havada uçuş rekordunu yenidən təzələdi.
"Bayraktar TB2" silahlandıqdan sonra bir çox əməliyyatda vacib vəzifələri yerinə yetirib.
Silahla təchiz edilən "Bayraktar TB2" 175 min saat uçdu
2015-ci ildə ilk dəfə silahlanmış "Bayraktar TB2"dən mart ayına qədər qədər 104 ədəd təhlükəsizlik güclərinə təhvil verilib. Təhlükəsizlik qüvvələrinin ən aktiv istifadə etdiyi pilotsuz uçuş aparatı platforması olan "Bayraktar TB2" 2020-ci ilin fevral ayına qədər cəmi 175 min saatlıq əməliyyat uçuşu həyata keçirib. Əməliyyat uğurları ilə dünyanın diqqətini çəkən "Bayraktar TB2" silahlı PUA-ları 2019-cu ildə Ukrayna və Qətərə ixrac edilib.
"Bayraktar TB2" silahlı PUA-ları antiterror əməliyyatlarında, xüsusilə "Fərat Qalxanı", "Zeytun Budağı", "Pəncə", "Kıran", "Barış pınarı" əməliyyatlarında fəal istifadə edilib. Şərqi Aralıq dənizində kritik vəzifələrini davam etdirən "Bayraktar TB2" PUA-ları "Bahar Qalxanı" əməliyyatının da ön cəbhəsində idi.
"Vestel"in "Karayel" PUA-sı ilk uçuşunu başa vurdu
2013-cü ildə Türkiyənin fərqli şirkətləri bu sahədə inkişafını davam etdirdi. Bu şirkətlərdən biri "Vestel Defence" şirkəti "Efe" adlı mini PUA-nın prototipinin istehsalına 2005-ci ildən başlayıb. Sistem kütləvi istehsal edilə bilmədi.
Şirkət "Karayel" adlı taktiki PUA sisteminin prototipinin inkişafına 2007-ci ildə başlayıb. 2009-cu ildə həyata keçirilən uçuş sınaqlarından sonra 2010-cu ildə PUA-nın kütləvi istehsal edilməsinə qərar verildi. 2013-cü ildə başlayan "Karayel" PUA layihəsi 2014-cü ildə səmaya qaldırıldı. "Karayel" silahlı PUA-sı 2016-cı ildə ilk uçuşunu həyata keçirdi.
Türkiyənin müdafiə sənayesinin PUA istehsalçılarından biri olan "Vestel Defence" tərəfindən hazırlanan "Karayel" TSQ-nin xidməti alış müqaviləsi və müxtəlif uçuş nümayişləri fəaliyyətləri çərçivəsində keçən il 10 min saat uçuş həyata keçirib.
ANKA-S ilə yeni bir dövr başladı
ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-B-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib. Elə həmin il ANKA-S sisteminin detallı dizayn mərhələsi başa çatıb və ilk uçuş 2016-cı ilin sentyabr ayında reallaşıb. ANKA-S-in ilk uçuşundan bir ay sonra SNKS-B-nin qəbul prosesi başa çatdı.
ANKA-B 2017-ci ilin mart ayında Jandarma Ümumi Komandanlığının inventarına daxil olub. İyul ayında ANKA-S "Türksat 4B" peyki üzərindən nəzarəti əldə edən Türkiyədənin ilk pilotsuz uçuş aparatı oldu.
ANKA-S layihəsinin ilk tədarükü 1 fevral 2018-ci ildə tamamlanıb. Bu müddətdə Türkiyə Aerokosmik Sənayesi PUA-ları təkcə qabiliyyət baxımından inkişaf etdirməyib, həm sənaye ekosistemini gücləndirb, həm də tapşırıq kompüteri, mühərrik, İFF sistemi, məlumat qeydetmə sistemi və məlumat bağlantısı sistemi kimi bir çox fərqli alt sistemləri də zamanla yerliləşdirib.
Havada dönüş nöqtəsi: "ANKA-AKSUNGUR"
Türkiyə bu müddət ərində pilotsuz uçauş aparatlarından terror əməliyyatlarında çox təsirli şəkildə istifadə etdi, həmçinin son illərdə yaşanan inkişafların fonundan yeni sistemlərdən yeni sahələrdə istifadə etməyə başladı.
Yerli və milli PUA-lar daxili təhlükəsizlik əməliyyatlarında, eləcə də Qara dəniz, Egeydə, Suriyada, İraqda, Şərqi Aralıq dənizində, Liviyada və ehtiyac olan digər yerlərdə Türkiyənin gözü, qulağı oldu və kritik hədəfləri məhv etdi.
Sahədəki müvəffəqiyyət əldə edən layihələr davam edərkən, yerli və milli şəkildə inkişaf etdirilən digər PUA layihələri də bir-birinin ardınca ortaya çıxırdı. Ötən aylarda insansız sistemlər sahəsində Türkiyə daha kritik həddi geridə buraxdı. "ANKA-Aksungur" pilotsuz uçuş aparatı ilk uçuşunu martın 20-də həyata keçirib.
Xidməti məsafəsi 40000 fut olun "ANKA-Aksungur"un yükləmə qabiliyyəti 700 kq-dan çoxdur. Sektor nümayəndələrinə və mütəxəssislərə görə "ANKA-Aksungur" Türkiyənin hava sahəsində yeni bir uğurudur.
"Akıncı" hücum PUA-ları
"ANKA-Aksungur"la yanaşı sektorda hər kəsi həyəcanlandıran digər bir hadisə "Bayraktar Akıncı" hücum PUA-sının ilk uçuş sınağı oldu.
2019-cu ilin sonlarında uğurlu uçuş həyata keçirən PUA Türkiyəni bu sinifdə dünyanın üç ölkəsindən birinə çevirdi.
"Gökdoğan" və "Bozdoğan"ı daşıya biləcək
"Akıncı" həm görüş məsafəsində, həm də görüş məsafəsindən kənarda peyk vasitəsilə istənilən yerdən idarə oluna bilir. Süni zəka kompüterləri və AESA Radar ilə yüksək situasiya şüuruna sahib olan "Akıncı" TÜBİTAK SAGE tərəfindən hazırlanan "Gökdoğan" və "Bozdoğan" adlı hava-hava döyüş sursatları ilə işləməklə döyüş təyyarələrinin yükünü yüngülləşdirəcək.
"Akıncı" PUA-ları ümumi təyinatlı bomba, idarəolunan döyüş başlıqları və SOM qanadlı raketləri kimi döyüş sursatlarıyla hücum edə bilir. "Akıncı" hücum PUA-ları ilə "Baykar", həmçinin MİUS adlı döyüş PUA-ları layihəsi üzərində işləyir.
Daha fərqli layihələr də gələcək
Türkiyənin bu sahədə atdığı addımları fərqli sistemləri də bərabərində gətirdi. Özəl sektor da son vaxtlar çox böyük işlər görüb və dünyada rəqiblərinə meydan oxuyub.
"Asisguard" tərəfindən hazırlanan "Songar" silahlı dron sistemi olduqca unikal həllər təklif etdiyi halda, eyni şirkətin "SALGUR" layihəsi də diqqəti cəlb edib. 6-ya qədər dronla sürü halında uça bilən sistem süni görüntü və marşrut təyinetmə, həmçinin üz, mətn, obyekt və nəqliyyat vasitələrini tanıma imkanlarına sahibdir.
Terrorizm və asimmetrik müharibə sahəsində istifadə olunan avtonom dönər qanadlı "Alpagu" PUA-ları, yükləmə qabiliyyətinə malik "ALBATROS Cargo" PUA-ları, "Altınay Doğan" "Sərçə 2" kimi sistemlər də səmaya qovuşmaq üçün gün sayır.