Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan həm diplomatiyada, həm də cəbhədə qələbə qazanır'' - Ekspert

''Azərbaycan həm diplomatiyada, həm də cəbhədə qələbə qazanır'' - Ekspert

Tarix: 27 Oktyabr 2020 13:15

İşğalçı və terrorçu Ermənistanı sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə cəzalandırır və işğal edilmiş torpaqlarımızdan düşməni təmizləyir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan xarici mediaya müsahibələrində bir sıra mühüm məqamlara toxunub və onlardan biri də terrorçu dövlətin mülki şəxslərimizi hədəfə almasıdır: "Düşmən cəbhə xəttindən uzaq olan bir sıra şəhər və qəsəbələrimizi, xüsusilə ikinci böyük şəhərimiz - Gəncəni raket zərbələrinə məruz qoydu, insanlarımız, körpələrimiz həyatlarını itirdi, bəzi uşaqlar hər iki valideynini itirdi, bir çox vətəndaşlarımız yaralandı. Hətta uzun müddət xəstəxanada stasionar müalicə alan Rusiya vətəndaşı olan yeniyetmə də günlər sonra həyatını itirdi, gələcəyi məhv oldu. Yəni yağı düşmənin bu kimi iyrənc, vəhşi əməlləri uzun illər ondan zərbə almış insanlarımızın qəlblərini göynədəcək. Amma buna baxmayaraq, Azərbaycan Ordusu cənab Ali Baş Komandanımız İlham Əliyevin vurğuladığı kimi, mülki əhalini hədəfə almır, bizim Silahlı Qüvvələrimiz gücünü döyüş meydanında göstərir və ona sarsıdıcı zərbələr vuraraq məhv edir. Bu faktların hər biri göstərir ki, biz heç də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, əksinə, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçməsi ilə yanaşı, həm də mülki vətəndaşlarımızı, dinc şəhərlərimizi hədəfə alıb. Söz yox ki, bu cür qanlı əməllər cavabsız qalmır və dövlət başçımız müsahibələrində bu barədə danışarkən önəmli məqamlara toxunub. O, xüsusilə vurğulayıb ki, ermənilər məhz yeni ərazilərimizi işğal etmək niyyətində olublar. Bu arada xatırlatmaq istərdim ki, işğalçı Ermənistanın hərbi-siyasi dairələri hələ 27 sentyabr tarixindən əvvəllər, dəfələrlə, özü də rəsmi şəkildə bəyan edirdilər ki, yeni ərazilərimizi işğal etmək niyyətindədirlər. Üstəlik, Gəncə şəhərini də hədəfə alacaqlarını bildiriblər. Məgər bundan artıq hər hansı bir sübuta ehtiyac varmı? Təbii ki, belə olan vəziyyətdə Azərbaycan Ordusu əks-hücum əməlliyyatlarına keçdi və haqqı olan əzəli torpaqlarını işğaldan azad etmək qərarını verdi. Bu da əbəs deyil ki, cənab Prezident müsahibələrində xatırladıb ki, Ermənistan yalnız Qarabağda deyil, dövlət sərhədlərimizdə də təxribatçılıq əməllərinə rəvac verib. Məsələn, bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyiblər".

Bəhruz Quliyev qeyd edib ki, Ermənistanın daha bir məqsədi danışıqlar prosesinə xələl vurmaq, onu pozmaq və işğalçılıq siyasətini daha geniş spektrda yürütmək olub: "Məsələn, düşmən status-kvonun dəyişməzliyini qoruyub-saxlamaqla Azərbaycan dövətini günahkar da çıxarmağa cəhslər göstərirdi və əlbəttə, bu yolverilməz idi. Əgər bu gün erməni tərəfi öz əməllərindən ciddi sarsıntı keçirirsə, artıq bunun günahını hərbi-siyasi rəhbərliyində axtarmalıdır. Çünki bildiyimiz kimi, Nikol Paşinyanın və onun marioneti Araik Arutunyanın yalvarmadıqları ölkə, diz çökmədikləri qurum qalmayıb. Ancaq fakt budur ki, hətta ən yaxın bildikləri dövlətlər onlardan üz döndərirlər. Çünki haqqın, beynəlxalq hüququn, əsasən də ədalətli tərəfin kimin yanında olduğunu da yaxşı anlayırlar.

Azərbaycanın bütün mənalarda etibarlı tərəfdaş, əməkdaş, həm də strateji müttəfiqliyə sadiq ölkə olması Prezident İlham Əliyevin fəaliyyəti ilə sübuta yetirilib. Bu gün beynəlxalq aləmin verdiyi dəstək diplomatiya cəbhəsindəki qələbəmizdir və o cümlədən, Qarabağ cəbhəsindəki qələbələrimizi də bütünlükə müəyyən etməkdədir. Azərbaycan həm diplomatiyada, həm də cəbhədə qələbə qazanır. Cənab Prezident bu amili önə sürərək müsahibəsində qeyd edib ki, bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik".

Siyasi ekspert sonda bildirib ki, artıq həm beynəlxalq sferada, həm də cəbhədə söz sahibi Azərbaycandır: "Biz beynəlxalq sferada ədalətin Azərbaycanın tərəfində olduğunu sübuta yetirmişik və bu sübut özünü cəbhədə də hər gün isbatlamaqdadır. Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevin də vurğuladığı kimi, düşməni sona qədər qovacağıq və o gün uzaqda deyil".


Etiketlər:  Azərbaycan həm diplomatiyada həm cəbhədə qələbə qazanır Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ