Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 16:09
Azərbaycan Ordusu Qubadlı və Zəngilan rayonlarını işğaldan azad etməklə mənə və bu bölgədən olan bütün seçicilərimə böyük sevinc bəxş etdi.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən olan millət vəkili İmamverdi İsmayılov deyib.
O bildirib ki, Zəngilan və Qubadlı əhalisi doğma yurdlarının işğaldan azad olunması xəbərini çatdıran Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edir: "Mən uzun illərdir, hər iki rayonu Milli Məclisdə təmsil edirəm. Bu xoş xəbəri çatdırdığı, bu sevincli günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna minnətdarıq. Zəngilan və Qubadlı rayonları Azərbaycanın ən münbit torpaqlarıdır. Bu ərazilər fauna və flora cəhətdən çox zəngindir. Bu yurdlar artıq öz doğma sakinlərini qəribsəyib. Yaxın vaxtlarda bu ərazilərə böyük köç olacaq, orada quruculuq-abadlıq işləri görüləcək".
Millət vəkili bildirib ki, Zəngilan və Qubadlı rayonları Azərbaycanın strateji cəhətdən də vacib əraziləridir: "Sovetlər dönəmində uzun müddət Beyləqan rayonunun Daşburun qəsəbəsindən başlayaraq Horadiz və Mincivan qəsəbəsinə qədər böyük strateji dəmir yolları olub. İndi həmin strateji əhəmiyyətli yollar da bərpa olunacaq. Bir anlıq təsəvvür edək ki, Çindən Mincivana, Zəngəzura qədər nəhəng dəmir yolları olacaq, böyük daşınmalar həyata keçiriləcək. Həmin ərazilər tezliklə inkişaf edən bölgəmizə çevriləcək. İnşallah, yaxın vaxtarda torpaqlarımız tam olaraq işğaldan azad ediləcək, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq və biz doğma yurd-yuvamıza qayıdacağıq".