Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 17:33
Bizim əsas məqsədimiz Azərbaycan ərazilərinin işğalına son qoymaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində deyib.
O bildirib ki, Ermənistan bu torpaqları işğal edib və onları qaytarmaqdan boyun qaçırır:
"Biz ATƏT-in himayəsində bu münaqişənin həlli üçün 1992-ci ildən, yəni 28 ildir danışıqlar aparırdıq, həmişə də bu formata sadiqliyimizi vurğulamışıq.
Təəssüf ki, indiyədək Ermənistan tərəfindən konstruktiv yanaşma əlamətləri görməmişik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT və digər təşkilatların sənədlərini rədd edib. Ermənistan danışıqları hər vasitə ilə uzadaraq danışıqlar masasında əvvəl əldə edilmiş razılaşmalardan imtina edib, eyni zamanda münaqişə bölgəsində mütəmadi təxribatlar törədib. Bütün bunlar daim davam edə bilməzdi.
Vurğulamaq istərdim ki, bizim Ermənistana qarşı hər hansı ərazi iddialarımız yoxdur. Biz sərhədləri pozmur, onlara qarşı hərbi əməliyyatlar aparmırıq. Azərbaycan Silahlı Qüvvələri yalnız Azərbaycan ərazisində, ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərir. Bizim fəaliyyətimiz BMT Nizamnaməsinin özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəsinə, beynəlxalq hüququn başqa təməl norma və prinsiplərinə söykənir.
Bir daha təkrar edim ki, Azərbaycan tərəfinin başlıca məqsədi BMT Təhlükəsizlik Şurasının qətnamələrində, ATƏT-in qərarlarında nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının suveren torpaqlarının işğalına son qoymaqdır. Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın".