Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 08:54
"Amnesty International" təşkilatı Bərdə şəhərində Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş klaster bombalarından istifadə etdiyinə dair faktı təsdiqləyib.
Təşkilat adından yayılan bəyanatında klaster silahlardan istifadəni yasaqlayan Konvensiyaya istinad edilərək bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu yasağı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər isə yaralanıb.
Təşkilatın mütəxəssisləri - hərbi ekspert Brian Castner, keçmiş BM hərbi müşaviri Marc Garlasco və tədqiqatçı Justin Bronk şəhərə erməni qüvvələri tərəfindən atılan silahın markası, texniki göstəriciləri barədə detallı bilgilər veriblər. "Amnesty International"ın Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Marie Struthersin adından yayılan bəyanatda isə "Klaster silahlarla mülki bölgələrə atəş edilməsi" kəskin şəkildə pislənilir.
Rusiya istehsalı olan 9M55 Smerch raketlərindən açılan atəş Bərdədə "Vice News"in müxbirləri tərəfindən də lentə çəkilib.
"Amnesty International"ın açıqlaması beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən Dağlıq Qarabağ savaşının gedişində Ermənistanın qadağan edilmiş silahlardan istifadəsini təsdiqləyən ilk mükəmməl sənədlərdən biri olmaqla diqqət çəkir. Eyni zamanda, Ermənistanın 30 il müddətində apardığı informasiya savaşının iflasa uğraması anlamına gəlir. Beynəlxalq erməni şəbəkəsi, lobbi, diaspor qrupları uzun illər Ermənistan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının qarşısını alıblar. Onlar dünya ictimai rəyinə təsir edən transmilli KİV-ləri, beynəlxalq hüquq-müdafiə təşkilatlarını müxtəlif vasitələrlə-şirnikləşdirici vədlər, qrantlar, yeri gələndə hədələr, təhdidlər yoluyla susduraraq Ermənistandakı real durum barədə obyektiv dəyərləndirmə aparılmasının qarşısını alıblar. Azərbaycan haqqında isə, əksinə, yalan, hədyan dolu materialların yayılmasını təşkil ediblər. İndi durum dəyişir. Azərbaycan Prezidentinin sentyabrın 27-dən başlayaraq dünyanın aparıcı KİV-lərinə verdiyi silsilə, sistemli müsahibələr, bu müsahibələrdə səsləndirdiyi məntiqli, inandırıcı arqumentlər, diplomatik müstəvidə yürüdülən səriştəli siyasət durumu dəyişir. Artıq erməni şəbəkəsinin həqiqətləri gizlətməsi, Azərbaycan haqqında yalan informasiyalar yayaraq beynəlxalq ictimai rəyi çaşdırması imkansız hala gəlib. Erməni vəhşiliyini ehtiva edən faktlar kütləvi və sistemli şəildə beynəlxalq təşkilatlara tədim edilərək lazımi reaksiyalar alınır. "Amnesty International"ın yanaşması bu baxımdan yeni göstəricidir.
Oktyabrın 22-də Fransanın TF 1 kanalında "saat 20" verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük repartyor Liseron Budul Fransanın erməni icması tərəfindən təhdidlər hədəfinə çevrildi. Erməni şəbəkəsi onu "genosid törədənlərin fahişəsi" kimi qələmə verdilər. Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyan "Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünərlər" kimi mesajlar səsləndirərək, tv əməkdaşlarını ölümlə hədələdi.
Ermənilərin belə davranışları həmişə olub və təəssüf ki, çox zaman işlərinə yarayıb, efekt verib. Amma indi durum dəyişib. Məşhur beynəlxalq təşkilat- "Sərhədsiz reportyorlar" bəyanat yayaraq Liseron Budul və TF1 -ə qarşı olan təzyiqləri qətiyyətlə pislədi, dünya ictimaiyyətini həqiqətlərlə tanış etdi.
Bu arada başqa bir dəyərləndirmə Avropa Jurnalistlər Federasiyası tərəfindən aparılıb. Təşkilat Nikol Paşinyanı sərt tənqid edən bəyanat yayıblar. Ermənistanın baş naziri ölkədə söz azadlığını boğduğuna görə ittiham olunur. Avropa Jurnalistlər Federasiyasının açıqladığı bəyanatda qeyd edilir ki, sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar başlayandan sonra ölkədə hərbi vəziyyət elan edilib. Hərbi vəziyyətin şərtlərinə uyğun olaraq medianın fəaliyyətinə də müəyyən məhdudiyyətlər tətbiq olunub. Hərbi vəziyyət rəsmən elan edilirsə, şərtlərə uyğun olaraq müəyyən məhdudiyyətlərin tətbiq edilməsi təbiidir. Buna həm beynəlxalq konvensiyalar, həm də milli qanunvericilik imkan verir. Amma Ermənistanda tətbiq edilən vəziyyət fərqlidir. Nikol Paşinyan yaranmış vəziyyəti fürsət bilərək, medianın fəaliyyətinin birdəfəlik məhdudlaşdırılmaq üçün çoxdan hazırladığı proqramın tətbiq edilməsinə çalışıb. Yəni, mediaya tətbiq edilən məhdudiyyətlər hərbi vəziyyət dövrünün standartlarını aşıb keçir.
Beləliklə, dünya ictimaiyyəti "ayılıb", Ermənistanda nə baş verdiyinin fərqinə varıb. 30 il boyunca yaradılmış saxta imic çat verib: Ermənistanın hərbi bölmələri, diplomatik dairələri kimi, informasiya savaşı aparan strukturları da darmadağın edilib. "Amnesty International"ın Bərdə şəhərində yaşananlar barədə bəyanatı bu yöndə yeni bir dönəmin başlanğının göstəricisidir.
Müşfiq Ələsgərli