Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 17:15
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamından irəli gələn aidiyyəti tapşırıqların yerinə yetirilməsi məqsədi ilə, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərindən irəli gələrək Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) yanında İctimai Şuranın yaradılması istiqamətində işlər görülməkdədir.
ADRA-dan Trend-ə bildirilib ki, açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadovun müvafiq əmri ilə İctimai Şuraya seçkinin təşkili məqsədi ilə dövlət adından yaradılmış publik hüquqi şəxsin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılmışdır.
İctimai Şuranın yaradılmasında məqsəd Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyət istiqaməti üzrə hüquqi aktların qəbulu, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsindən ibarətdir.
İctimai Şura açıq məkanda reklam yayımı sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Dövlət Reklam Agentliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək.
Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.
İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı 1 dekabr 2020-ci il tarixinədək davam edəcək.
İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə Agentliyin rəsmi internet saytında (https://adra.gov.az/az/news/152) tanış olmaq olar.