Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 11:57
Ermənistan daim feyk məlumatlar yaymaqla özünü olduğundan daha güclü, qüdrətli, daha qədim mədəniyyətə malik olan bir toplum kimi göstərməyə çalışıb. Amma vaxtaşırı onların yalanları ifşa edilir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Vətən müharibəsi başlayan gündən ermənilər bu sahədə daha da fəallaşmağa başlayıblar:
"İş burasındadır ki, Ermənistanda feyk məlumatlar dövlət səviyyəsində belə geniş yayılmağa başlayır. Həm ölkə rəhbərinin, həm ayrı-ayrı vəzifəli şəxslərin verdiyi bəyanatların qısa zamandan sonra yalan olduğu, böhtan xarakteri daşıdığı məlum olur. Bugün Ermənistanın real düşünə bilən təbəqəsi Azərbaycanın məlumatlarının daha dəqiq olduğunu bilir".
A.Mirzəzadə əlavə edib ki, Ermənistanın feyk məlumatlar verməkdə məqsədi dünyanı, öz cəmiyyətini çaşdırmaq, Azərbaycanın qələbələrinə kölgə salmaqdadır.
Deputat qeyd edib ki, feyk məlumatlar yaymaqla məşğul olan dövlət, ictimai təşkilatlar, ayrı-ayrı fərdlərin məlumatları da üst-üstə düşmür, onlar bunu koordinasiya da edə bilmirlər: "Buna görə də biz Ermənistanın yaydığı məlumatlarla necə gülünc vəziyyətə düşdüyünü görürük. Hesab edirəm ki, dünyada nüfuz qazanmağın bir yolu var. O da həqiqətdir. Çox təəssüf ki, bu həqiqət deyilən anlayış Ermənistan rəsmiləri, onun müəyyən dairələri üçün qəbuledilən deyil".