Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 09:18
Kolumbiyanın nüfuzlu "Caracol" televiziya kanalının "El mundo hoy" verilişində Ermənistan-Azərbaycan münaqişəsi və tərəflər arasında atəşkəs təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda reportaj və səfir Məmməd Talıbovun məsələ ilə bağlı müsahibəsi efirə gedib.
Azərbaycanın Meksikadakı Səfirliyindən Sonxeber.net-a verilən məlumata görə, müsahibədə Rusiyanın vasitəçiliyi və Türkiyənin yaxından iştirakı ilə əldə olunan atəşkəs razılaşması barədə danışan səfir, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılmaqda olduğunu, atəşkəsə nəzarət üçün bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və ümumilikdə razılaşmanın regionda davamlı sülhün bərqərar olmasına şərait yaradacağına ümidvar olduğumuzu bildirib.
Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulmuş və son 30 il ərzində məcburi köçkün vəziyyətində yaşayan 1 milyona yaxın soydaşımızın öz yurdlarına qayıdacağını deyən səfir, Dağlıq Qarabağda yaşayan ermənilərin də Azərbaycan qanunlarına hörmət etmək şərtilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.
Erməni xalqının atəşkəs bəyanatından narazı olması və bunu öz hökumətinin satqınlığı hesab etməsi ilə bağlı suala münasibətdə səfir yaranmış durumun birbaşa Ermənistan hökumətinin təqsiri olduğunu, BMT qətnamələrinin işğal olunmuş ərazilərin boşaldılmasını aydın şəkildə tələb etdiyi halda bu ölkənin siyasi rəhbərliyinin öz xalqını illərlə aldatdığını və onları sülhə hazırlamaq əvəzinə bu torpaqların işğalının nəticələrini qoruyub saxlayacağına inandırdığını qeyd edib.
Reportajda verilişin redaksiyası tərəfindən münaqişənin tarixi haqda məlumat verilib, hərbi əməliyyatların gedişatı və hazırda ermənilərin işğal olunmuş ərazilərimiz tərk edərkən ətraf mühit və infrastruktura zərər yetirdiyini əks etdirən kadrlar nümayiş etdirilib.