Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 23:18
Yeni növ koronavirus (COVID-19) infeksiyasının artım sürəti ən çox narahatlıq doğuran hallardan biridir. Xəstəliyin yayılma sürəti, qriplə oxşar əlamətləri və infeksiyadan qorunma üsulları indi hər kəsi düşündürür.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının poliklinika şöbəsinin müdiri Səadət Aşurova bu barədə deyib: "İstər qripin, istərsə də koronavirusun əsas artımı mövsümü səbəblərlə əlaqədardır. Çünki biz elə iqlim şəraitində yaşayırıq ki, demək olar ki, payız mövsümü çox az davam edir və hətta çox vaxt yaydan birbaşa qış mövsümünə keçirik. Buna uyğun olaraq birbaşa yüngül yay paltarlarını qalın qış geyimləri əvəz edir. Havanın istidən soyuğa dəyişməsi, tərləmə nəticəsində qrip xəstəliyi yarana bilir. Ancaq koronavirusun artmasının səbəbi ictimai nəqliyyatda, park və xiyabanlarda insan sayının çoxluğudur. Həftənin şənbə və bazar günləri ictimai nəqliyyat işləmir, bu, heç də nəqliyyatın işinə fasilə vermək və nəqliyyatın istirahəti üçün deyil, əksinə, adamların evdən bayıra çıxmamaları, mümkün qədər az çıxmaları üçündür. Lakin nə görürük? Şənbə-bazar günləri insanlar daha çox görüşürlər, maska taxmadan parklara çıxır, sosial məsafəni gözləmir, təmaslardan çəkinmirlər. Maskanı heç də bütün gün taxmaqdan söhbət getmir, əgər böyük bir xiyabanda açıq havada insan sayı o qədər çox deyilsə, ara məsafəsi uzaqdırsa, təbii ki, maska taxmağa o qədər də ehtiyac yoxdur. Lakin şəhər mərkəzində, marketlərdə, tünlük olan məkanlarda maskasız gəzmək yolverilməzdir. Təəssüf ki, maska taxmaq qaydasına da heç də ciddi şəkildə əməl edilmir. İlin bu fəslində digər vaxtlara nisbətən orqanizmdə də immunitetin səviyyəsi aşağı düşür. Bütün bunlar üst-üstə gələndə isə yoluxma sayının artmasına gətirib çıxarır".
Həkim onu da qeyd edib ki, qrip xəstəliyi də koronavirusun bir növüdür. Doğrudur, qrip koronavirus kimi öldürücü olmasa da, ona yoluxma zamanı da təcrid prinsipləri qüvvədə qalır. Qripə yoluxma zamanı da xəstəliyin ailə üzvlərinə, ətrafdakılara sirayət etməməsi üçün qorunma tədbirlərinə əməl olunmalıdır. Yəni, hər iki xəstəlik zamanı qorunmaq və mövcud qaydalara ciddi şəkildə əməl etmək tələb olunur.
O, daha sonra deyib: "Əslində birdəfəlik istifadə olunan maskalar iki saatdan bir dəyişdirilməlidir. Onu yuyub istifadə etmək olmaz, mütləq atılmalı və yenisi taxılmalıdır. Daha uzun müddət istifadəyə yararlı olan maskalar var və dəyişmək istəməyəndə onlardan istifadə etmək olar. Onlar olmadıqda nəm və yararsız hala düşən adi maskadan təkrar istifadə etmək olmaz.
Virusa yoluxan kəs sağalandan sonra 14 gün evdə qalmalıdır. Lakin sağalan kimi bu qaydaya əməl etmədən çöl-bayıra çıxmağa başlayırlar, bu da qətiyyən düzgün deyil. Çünki həmin adam özü yoluxmasa da, daşıyıcı kimi ətrafdakılar üçün təhlükə yaradır. Bu qaydaya əməl edilməsi də mütləqdir".