Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 00:44
Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən noyabrın 21-dən dekabrın 28-dək ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi qismən sərtləşdirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, yeni qərara əsasən bu gündən etibarən açıq havada və qapalı məkanlarda qoruyucu maskadan istifadə etmək məcburidir. Bu müddət ərzində qoruyucu maskadan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.