Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 14:42
Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kitabı tanıdın, kitabla tanının!" devizi altında təşkil olunan V Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində keçirildi.
Sonxeber.net bildirir ki, tədbirdən əvvəl Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimi giriş sözü ilə açan kinoaktyor, prodüser, Buktreyler festivalının təsisçisi Ruslan Sabirli Vətən müharibəsində qələbimiz münasibətilə iştirakçıları təbrik etdi. Ali Baş Komandan və müzəffər Ordumuzun şücaətinin bədii ədəbiyyat və kinoda əksini tapmasının gələcək nəsillər üçün böyük vətənpərvərlik dərsləri ola biləcəyini dedi.
Layihənin məqsəd və perspektivlərindən söz açan Ruslan Sabirli vurğuladı ki, bu il 5 illik yubileyini qeyd edən festivalın pandemiya səbəbindən müddəti uzadılıb və qaliblər ənənəvi olaraq aprel və may aylarında deyil, məhz bu gün elan edilir. Bildirildi ki, buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə yönələn, onun ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.
Buktreylerin ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən incəsənət növü olduğunu diqqətə çatdırdan layihə rəhbəri festivalın təşkilində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli festivalın əhəmiyyətini yüksək qiymətləndirdi, qaliblərə təbriklərini çatdırdı. Bildirdi ki, buktreyler festivalı dünyanın bir çox ölkələrində geniş vüsət alıb: "Müasir rəqəmsallaşmış dövrdə müəlliflərin cəmiyyətə çıxışı üçün onlayn platforma kimi tətbiq edilən, ədəbiyyat və kino sahəsinin insanlarını bir araya gətirmək baxımından təqdirəlayiq layihədir. Arzu edirəm ki, festival hər il daha da yenilənərək inkişaf etsin, Vətənimizi, tariximizi, mədəni irsimizi tərənnüm edən professional işlər reallaşsın. Müəllifin kitaba köçürdüyünü rejissor vizual olaraq çatdıra bilsin və növbəti festivallar oxu sənətimizə layiqli töhfə verə bilsin. Kitaba sevgi və tələb günü-gündən artmalıdır. Təbliğat nə qədər çox olarsa, kitaba sevgi də bir o qədər çox olacaq".
Münsiflər heyətinin üzvləri Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Əməkdar artist Qurban Məsimov, Xalq artisti Xalidə Quliyeva çıxış edərək festivalın kitabın təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına xidmət etdiyini vurğuladılar.
Daha sonra qaliblər mükafatlandırıldı.
Yaşar Hüseynovun "Yeddinci mərtəbədə qətl" buktreyleri I, Ağaməli Əliyevin "Pinqvinlər üçün", Orxan Adıgözəlovun "Ölsəm, bağışla" işləri II, Kərim Rəhimovun "Erməni zindanında 8 gün", Mürsəl Qafarovun "Difai" fədailəri", Masər Həsənovun "Çin olmuş yuxu" lentləri III yerə layiq görüldü.
Uğur qazanmış müəlliflərə diplom və Mədəniyyət Nazirliyinin mükafatları təqdim olundu.