Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 11:34
COVİD 19-a yoluxma halları çox artıb, əksər insanlar panikadadırlar.
Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.
O bildirib ki, koronavirusa yoluxma halları çox artdığı üçün panikaya düşüb, stress keçirənlərin də sayı artıb:
"Qorxmayın. Qorxu, panika, stress immun sistemini çox zəiflədir. 80-90%-ə qədər insanlar bu xəstəliyi yüngül keçirir. Temperatur 38,5-dən azdırsa, ciddi halsızlıq, boğulma, təngnəfəslik yoxdursa, KT müayinəsində ağciyərlərdə buzlu şüşə mənzərəsi 15%-dən azdırsa, antibiotiklər, deksametazon qəbul etməyin, sistemlər qoşdurmayın. Bu dərmanlar orqanizmi zəiflədir. Nə qədər xəstələr bunları lazım olmadığı halda edib özlərini ağırlaşdırıblar!
Başağrısı, boğaz qıcıqlanması, əzələ ağrıları, burun qıcıqlanması, temperaturun 38,5-ə qədər yüksəlməsi, yüngül halsızlıq, iybilmə və dadbilmə hisslərinin pozulması, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir, qorxmayın. Bu yüngül əlamətlər olduqda əgər şəkərli diabet, hipertoniya, orqan transplantasiyası və yanaşı ağır xəstəliyiniz yoxdursa, limon, çoxlu zoğal, moruq mürəbbəli çay, soğan sarımsaq və günəş az olduğu üçün profilaktik dozada vitamin D qəbul edə bilərsiz. Yox əgər temperatur 38,5-dən çoxdursa, boğulma, təngnəfəslik, KT müayinəsində buzlu şüşə 20% və daha çoxdursa, şəkərli diabet və ya yanaşı ağır xəstəliyiniz varsa, özbaşına müalicələr etməyin, ya təcili yardıma zəng edin, ya da Covid-lə məşğul olan həkimlə məsləhətləşin.
Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl ilə görüşməyək, öpüşməyək, qucaqlaşmayaq, əl gigiyenasına riayət edək".
Təhməz Əsədov