Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 15:52
Oğlum təlimlərdən evə geri dönən zaman öz şəklinə baxıb mənə dedi ki, bir gün bu şəkildə sən şəhid görəcəksən, ana.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Vətən Müharibəsində şəhid olmuş kapitan Türkay Hüseynlinin anası Şəkər Hüseynova bildirib. Onun sözlərinə görə, oğlunun gənc yaşlarından hərbiyə marağı olub və həmişə vətən üçün əlindən gələni edib:
"Mən özüm də Türkayı uşaq vaxtlarından hərbçi kimi təsəvvür etmişəm. Onu daim hərbi geyimdə görməyi arzulayırdım. Elə 2009-cu ildən onun yolu hərbiyə bağlandı. Daxili Qoşunların xüsusi təyinatlılarında həqiqi hərbi xidməti başa vurduqdan sonra bizimlə məsləhətləşib müddətdən artıq xidmətə başladı.
Qubaya təyinat alıb orada xidmət etdikdən sonra Türkiyədə xüsusi kurslar keçərək gizir rütbəsi aldı. Qubada bu rütbədə çalışdıqdan sonra Ali Hərbi Məktəbdə zabitlik kursunu başa vurub leytenant rütbəsi aldı. Sonra elə leytenant kimi də Qubaya qayıdıb orada işləyib. Onun hər rütbəsi qalxdıqca vətənə, hərbiyə sevgisi, istəyi artırdı, sevinci yerə-göyə sığmırdı".
Ş.Hüseynova bildirib ki, oğlu 2019-cu ildə Sumqayıt Daxili Qoşunlarına təyinat alıb və orada kapitan rütbəsinə qədər yüksəlib:
"Oğlum Sumqayıtda çalışdığı dövrdə də seçilən hərbçilərdən olub. İyul hadisələrində könüllü olaraq cəbhədə döyüşmək üçün adını yazdırmışdı. Döyüşlər qabağı ara-sıra təlimlərdə olurdular. Bir gün Türkayın dolabda qalan şəklini çıxardım. Həmin zaman o, təlimlərdən gəlmişdi və şəkilə baxıb mənə dedi ki, ana bir gün o şəkildə sən şəhid görəcəksən. Bu sözlərdən sonra keçirdiyim hisləri sözlə ifadə edə bilmərəm. Soruşdum ki, nəyə görə elə deyirsən, Türkay? Cavab verdi ki, heç, elə-belə dedim".
Şəhid anası bildirib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 28-də telefonla danışıb. Türkay anası nigaran qalmasın deyə ona daim şəhərdə olduğunu deyib:
"Türkayla sonuncu dəfə danışanda dedi ki, şəhərdəyəm, yoldaşlarla oturub çörək yeyirik. Ancaq sən demə o həmin zaman artıq döyüşlərdə imiş, sadəcə mənə demirdi. Yaşadığımız məhəllədə şəhid bulağı var, dostları ilə sonuncu dəfə orada görüşəndə bulağa baxıb deyibmiş ki, bir gün mənim də şəkilimi burada görərsiniz".
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların arasında Azərbaycan Ordusunun Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Türkay Hüseynli də olub. Türkay 2020-ci ilin 3 oktyabr tarixində Şəhidlik zirvəsinə ucalıb.