Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO seminarında təxribata əl atan ermənilər susduruldu

NATO seminarında təxribata əl atan ermənilər susduruldu

Tarix: 1 Dekabr 2020 17:33

Ermənilər noyabrın 30-da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı zamanı təxribata əl atıb və yalan danışmağa cəhd edib.

Milli Məclisdən Sonxeber.net-a verilən məlumata görə, videokonfrans formatında keçirilən seminarda Milli Məclisin NATO PA-da nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Z.Əsgərov əvvəlcə NATO Parlament Assambleyasının prezidenti Gerald Konnolini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Ermənistandan olan deputatın çıxışına cavab verən Z.Əsgərov deyib ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında çıxış edənlər bu münaqişənin beynəlxalq hüquqi aspektləri barədə danışsınlar:

"Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının bu ərazilərin Azərbaycan torpaqları olduğunu göstərən dörd qətnaməsi var. Tarixi olaraq da, hüquqi olaraq da bu ərazilər Azərbaycan torpaqlarıdır. Həmçinin, Avropa Birliyi də, Avropa Şurası da (BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xaricində) bir sıra sənədlər və qətnamələr imzalayıb. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycanın ərazi bütövlüyünü birmənalı təsdiq edən müvafiq sənədləri var: "Siz Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu göstərən sənədlər qəbul etmisiniz. Mən soruşuram - 1 milyon mülki vətəndaşımız evlərini tərk etmək məcburiyyətində qalanda Avropa Birliyi harada idi? Heç kim onlar haqqında düşünmürdü. 30 ildir danışırdıq və danışırıq. "Gəlin bunu sülh yolu ilə müzakirə edək" dedik. Ancaq biz torpaqlarımızı Ermənistanın işğalından azad etməyə başlayan kimi hamı birdən danışmağa başladı" .

Daha sonra Z.Əsgərov vurğulayıb ki, Azərbaycan ərazisinə bir nəfər də olsun terrorçu gətirilməyib. Əksinə Ermənistan Livandan, Yunanıstandan, İraqdan, Fransadan həm erməni, həm də qeyri-erməni əsilli terrorçuları cəlb edib. Bununla bağlı sənədlər var və bu sənədlər müvafiq təşkilatlara təqdim olunub.

Azərbaycana kömək etdiyinə görə Türkiyəni günahlandırmağa gəlincə isə, Z.Əsgərov deyib ki, Türkiyə bizi mənəvi və siyasi cəhətdən dəstəkləyir. Türkiyə bizim üçün dost və qardaş ölkədir, bundan əlavə, Türkiyə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə həm də ATƏT-in Minsk qrupunun üzvüdür.

Z.Əsgərov Ermənistan tərəfinin müharibə zamanı mülki insanlara qarşı ballestik raket və fosfor bombalarından istifadə etməsi barədə danışaraq bildirib ki, Ermənistan humanitar normalar da daxil olmaqla bütün müharibə qaydalarını kobud şəkildə pozdu. Dinc şəhərlərimiz atəşə tutuldu, nəticədə qadın və uşaqlar da daxil olmaqla Azərbaycanın 94 mülki vətəndaşı öldürüldü, 400-dən çox mülki insan yaralandı, 3000-dən çox mənzil dağıdıldı. Ermənilər Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk edərkən oradakı bütün evləri, meşələri yandırdılar: "Biz bunlara necə baxmalıyıq? Bunlar azərbaycanlılar tərəfindən tikilən evlər idi. Bu, hərbi cinayətdir".


Etiketlər:  NATO seminarında təxribata atan ermənilər susduruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ