Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə

Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə

Tarix: 2 Dekabr 2020 18:54

Hazırda dünya COVID-19-un ikinci dalğasını daha ağır şəkildə yaşayır. Virusa yoluxma və ölüm hallarının statistikası həyəcan təbili çalır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyev dünyaya bu mesajı ünvanladı ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Təcrübə mübadiləsi, səylərin birləşdirilməsi nəticəsində bu virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə, ən əsası ölüm hallarının qarşısının alınmasına nail olmaq mümkündür. Təbii ki, əsas olan başlanğıc mərhələnin düzgün seçilməsi, özünütəcridi özünəqapanma ilə eyniləşdirməyərək birgə müzakirələr əsasında çıxış yollarını axtarmaq idi. Azərbaycanın ilk gündən koronavirus pandemiyasına qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi. Bu proqnoz səsləndirildi ki, Azərbaycan COVID-19-la mübarizədən az itki ilə çıxan ölkələr sırasında olacaq. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi, bir-birinə əks qütbləri pandemiyaya qarşı mübarizə əsasında bir araya gətirməsi, 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi və sair kimi addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə və roluna yeni dividendlər qazandırdı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Türk Şurasının Zirvə Görüşündə cənab İlham Əliyev pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduğumuzu diqqətə çatdırdı. Belə bir təhlükənin hər bir ölkənin qapısını döydüyü şəraitdə dövlətimizin başçısının ölkəmizlə yanaşı, digər dövlətlərin də vəziyyətini düşünərək nümunəvi addım atması, birlik, həmrəylik çağırışını etməsi Zirvə Görüşündə yüksək dəyərləndirildi. Bir daha vurğulandı ki, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlmək mümkündür. Türk dünyasını bir araya gətirən cənab İlham Əliyev 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsinə nail oldu. Hər bir tədbir aparılan müzakirələrlə yanaşı, sonda qəbul olunan qərarlarla, Birgə Bəyannamə ilə diqqət çəkir".

Baş redaktor qeyd edib ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı vaxtdan dövlətimizin başçısı İlham Əliyev ölkə daxilində "Biz birlikdə güclüyük!" çağırışını irəli sürərək, hər kəsi bu amal ətrafında birləşməyə, səfərbər olmağa çağırdı: "Bu çağırış eyni zamanda, hər birimizin üzərinə bu məsuliyyəti qoydu ki, yeni qaydalarla yaşamağı öyrənməliyik. Bu qaydalar şəxsi gigiyenaya riayət etmək, tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə, sosial məsafənin gözlənilməsi, ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaqdır".

V.Rəhimzadə bildirib ki, bir neçə ay bundan əvvəl COVID-19-un yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq öz təsdiqini tapır: "Artıq payız aylarından başlayaraq virusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Çox qorxunc proqnozlar səslənməkdədir. Belə bir vaxtda "COVID-19-la mübarizədə birlikdəyik!" çağırışına uyğun olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyevin bu təşəbbüsü həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir. Cənab İlham Əliyev bu təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır. Məlum olduğu kimi, 2020-ci ilin iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq öz işinə başlamışdır. Çoxsaylı müzakirələr zamanı Xüsusi Sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər barədə qərarlar verilmişdir. Müzakirələrin sonunda "Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi Sessiyası" ilə bağlı qətnamə qəbul edilmişdir ki, bu sənədə əsasən BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası 3-4 dekabr tarixlərində keçiriləcək".

Baş redaktor bildirib ki, diqqət çəkən məqam işğalçı Ermənistanın hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməməsidir: "Bütün dünya birliyi COVID-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxmışdır. Bu qətnamə ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxmış və təşəbbüsü dəstəkləməmişdir. Amma işğalçı dövlət unudur ki, koronavirusun ən ağır fəsadlarını bu ölkə yaşayır. Hakimiyyətin mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı heç bir təcrübəsinin olmaması işğalçı ölkədə yoluxma ilə yanaşı, ölüm hallarının da pik həddə çatmasına səbəb olub. İşğalçı dövlətin "yeni ərazilər uğrunda müharibə planı"nı həyata keçirmək üçün cəbhə xəttində təxribatlara cəhd etməsi də daxildəki problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyırdı".

"Günümüzün reallığı budur ki, COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır" söyləyən Vüqar Rəhimzadə bildirib ki, BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın tapılmasında əsas rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Bu təşəbbüs pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyətə malikdir və inanırıq ki, bu müzakirələr nəticəsində dünyanı pandemiya bəlasından xilas edə biləcək önəmli qərarlar veriləcək.


Etiketlər:  Azərbaycan gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı Vüqar Rəhimzadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ