Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 20:06
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində İtaliyada Milad bayramından Yeni ilədək olan dövrdə səyahət imkanları kəskin şəkildə məhdudlaşdırılacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərarı Cüzeppe Kontenin rəhbərlik etdiyi ölkə hökuməti verib. Hökumətin məqsədi 60 milyon əhalisi olan İtaliyada Milad tətilində və Yeni il ərəfəsində infeksiya hallarını mümkün qədər azaltmaqdır və buna görə də insanların ölkənin müxtəlif regionlarına səfər etmələrinə icazə verilməyəcəkdir.
Konkret olaraq isə 21 dekabrla 6 yanvarı əhatə edən dövr ərzində İtaliya sakinlərinə ölkənin müxtəlif regionlarına səfər etmək qadağan edilib. Bu qərar eyni zamanda dəniz kənarı və ya istirahət bölgələrində ikinci yaşayış yeri olan şəxslərə də şamil olunacaqdır. İstisna hallar əmək fəaliyyəti və səhhəti ilə əlaqədar digər regionlara getməli olan şəxslərə aid ediləcəkdir.
Rəsmi Roma Milad və Yeni il günlərində qaydaları daha da sərtləşdirmək niyyətindədir. Belə ki, 25-26 dekabr və 1 yanvar tarixlərində insanlar öz şəhər və kəndlərində qalmalı olacaqlar. Ölkənin dağ-xizək mərkəzləri də yanvarın 7-dək bağlı qalacaqdır.
İtaliyada gündəlik yoluxma halları ötən ayın ortalarındakı pik həddən (gündəlik təxminən 40 min) yarıbayarı azalsa da (dekabrın 2-də gündəlik 20709 hal), hökumət qaydaları yumşaltmaqla yeni yoluxma dalğasının baş verəcəyindən ehtiyatlanır.