Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanı kürəyindən bıçaqlamaq istəyən daha bir Qərb dairəsi

Azərbaycanı kürəyindən bıçaqlamaq istəyən daha bir Qərb dairəsi

Tarix: 9 Dekabr 2020 13:00

İstər Vətən Müharibəsi dövründə, istərsə də müharibə bitdikdən sonra dostumuzun-düşmənimizin kim olduğu bilindi. Dostlarımız bu dövrdə Azərbaycanın haqlı mövqedə olduğunu öz bəyanatlarında bildirirdilər, hər zaman Azərbaycanın haqlı tərəf olduğunu bildirdilər və bununla da bunun Azərbaycanın haqq-ədalət işi olduğunu bəyan etdilər. Artıq müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb, yeni perspektivlər, yeni reallıqlar var.

44 günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən və Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat Avropanın bəzi az sayda ölkələrində olduğu kimi erməni diasporu və lobbisinin təsiri altında Niderland Parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, İslamofob qüvvələrin hədəfinə çevrilib. Ermənistanın kapitulyasiyasının rəsmiləşdiyi vaxtdan bir neçə gün sonra parlamentin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülmüşdür. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma "suriyalı terrorçular" məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən bu layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış partiyası), Joel Voordevind (Xristian İttifaqı partiyası), Sven Koopmans (Azadlıq naminə Xalq Partiyası) və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və erməni lobbisinin maliyyələşdirdiyi qüvvələrin əlaltılarıdırlar.

Onların səyləri nəticəsində noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunması da Qərbin ikili standartlarının növbəti açıq təzahürü kimi dəyərləndirilə bilər. Reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Ədalət naminə demək lazımdır ki, Niderland Hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Amma aydındır ki, Hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır. Necə ki, parlamentin Nümayəndələr Palatasının bu cəhdlərinin fəsadları barədə Prezident İlham Əliyev noyabrın 18-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən açıq şəkildə Azərbaycanın mövqeyini növbəti dəfə bəyan etdi. Prezidentin bu görüş zamanı dediyi "Niderland parlamentinin ədalətsiz qərar qəbul etməsi bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək" ifadələri Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın və Türkiyənin əleyhinə qərar qəbul edən qurumuna cavabdeh bir dövlət üçün bundan ciddi mesaj ola bilməzdi.

Prezident Niderlandın xarici işlər nazirinin daha da balanslaşdırılmış yanaşma ilə çıxışının tərəfimizdən qiymətləndirildiyini bildirsə də, parlamentin belə ədalətsiz bir qərarı qəbul etməsi faktını Niderland höküməti ilə mövcud münasibətlərimizin daha da məsafəli olmağına zəmin yaratdığını qeyd edib. Prezident Azərbaycanın mövqeyini Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinə əsaslandırdı: "Ermənistan Azərbaycana hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər".

Bəs, görəsən Niderland deputatları belə təxribatlara yol verərkən ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi imicinə xələl yetirmirlərmi? Belə addımları ilə onlar Azərbaycanda holland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına almırlarmı? Amma bir şeyi unudurlar ki, qalib heç vaxt müzakirə edilmir. Azərbaycan Vətən Müharibəsindəki qələbəsi ilə nəinki regionda, qitədə, Avrasiyada bir çox siyasi, iqtisadi, regional məsələlərin gedişinə təsir etdi. Çox güman ki, Niderland deputatları belə təxribatlara yol verərək ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi imicinə xələl yetirdiklərinin fərqində deyillər. Amma Azərbaycan dostunu, düşmənini yaxşı tanıdı. Prezident İlham Əliyevin yeni səfirlə görüşündə dediyi kimi, "Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanı kürəyindən bıçaqlamaq istəyən daha Qərb dairəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ