Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 13:48
Ermənistan və ya Dağlıq Qarabağdakı qondarma rejimin qüvvələri Qarabağ uğrunda 6 həftəlik müharibə dövründə Azərbaycandakı yaşayış məntəqələrinə hücumlarda dəfələrlə geniş şəkildə qadağan edilmiş kasset bombalarından istifadə edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq bəyanat "Human Rights Watch" təşkilatının hesabatında yer alıb. Bildirilib ki, "Human Rights Watch" tədqiqatçıları 2020-ci ilin noyabrında Azərbaycana səfərləri zamanı ölkənin üç bölgəsində kasset bombaları ilə həyata keçirilmiş dörd hücumu sənədləşdiriblər.
Təşkilat noyabrın birinci yarısında Azərbaycana tədqiqat səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə, ikisi Goranboy və biri də Tərtər rayonunda olmaq üzrə dörd kasset bombaları hücumlarını sənədləşdirib. Hücumlardan birində iki azyaşlı da daxil olmaqla ən azı yeddi mülki şəxs həlak olub, ikisi azyaşlı olmaqla 20-yə yaxın mülki şəxs yaralanıb. Həmçinin təşkilat Bərdə şəhərinə oktyabr ayında kasset bombalarının atılması ilə həyata keçirilən, 21 mülki vətəndaşın ölümü və 70 nəfərin yaralanması ilə nəticələnən hücumu da sənədləşdirib.
"Kasset bombaları beynəlxalq müqaviləyə əsasən qadağan edilib və onların istifadəsi açıq şəkildə mülki həyata qarşı laqeydlik nümayiş etdirir",- deyə "Human Rights Watch"un Avropa və Orta Asiya üzrə direktoru Haq Uilyuamson bildirib.