Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atasının vurulduğu eyni yerdən güllə yarası alaraq şəhid olan kəşfiyyatçımız - FOTO

Atasının vurulduğu eyni yerdən güllə yarası alaraq şəhid olan kəşfiyyatçımız - FOTO

Tarix: 15 Dekabr 2020 17:48

Baş leytenant rütbəsini bu ilin iyun ayının 26-da almışdı.

Bunu Milli.Az-a açıqlamasında 44 günlük Vətən Müharibəsinin şəhidlərindən biri, kəşfiyyatçımız Hüseynli Əmrahın qardaşı Orxan deyib.

Orxan bildirib ki, qardaşı ağır yaralı olsa da hospitaldan yenidən döyüşlərə yollanıb:

"Əmrah 1994-cü ildə Cəlilabad rayonunda anadan olub. 2010-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2013-cü ildə oranı bitirib, Akademiyaya daxil olub. 2017-ci ildə Akademiyanı bitirərək "052"nin ("Yaşma") tərkibində xidmət edib.

Əmrah Tovuz döyüşlərində (iyul) də iştirak edib. Bu döyüşlərə kimi bir neçə uğurlu əməliyyatlarda iştirak edib. Özü kəşfiyyatda komandir idi. Tapşırıqların hamısını həmişə layiqincə icra edib. Onun özünün komandirləri də barəsində çox razılıq edirlər.

Qardaşımgil sentyabrın 26-ı səhər sübh tezdən Bakıdan yola çıxıblar. Deməli, oktyabrın 7-si axşam Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralanmışdı. Həmin günü 12-13 saat dayanmadan döyüşüblər. Yaralandıqdan sonra, oktyabrın 8-i onu Göyçay hospitalına yerləşdirmişdilər. Kəllə-beyin travması, qabırğa qırıqları var idi. Mən onun yaralandığından ayın 10-u xəbər tutdum. Həmin gün Göyçaya yollandım. Hospitalda onunla görüşdüm, çox söhbət etdik. Oktyabrın 12-i ad günü oldu. Ad günündən bir gün sonra yenidən döyüşə yollandı. Füzuliyə getmişdi, oradan da Şuşaya istiqamət almışdılar.

Qardaşımın zabit yoldaşları deyirlər ki, 34 nəfər idik, Əmrah bizi mühasirədən çıxardıb. Bizi mühasirədən çıxartmağına baxmayaraq, bizə o qədər yüksək motivasiya verirdi ki, ona baxıb var gücümüzü toparlayırdıq ki, Əmrah buradadır. Onun bir sözü iki olmurdu, bütün döyüş yoldaşları onun zəkasına, savadına, məntiqinə bələd idi. Döyüşlər vaxtı özünü həmişə önə verirdi, deyirdi ki, siz ailəlisiniz, mən subayam. Siz qalın burada, mən sizdən qabaq getməliyəm.

O adam hospitala kəllə-beyin travması, qabırğada qırıqlarla gətirilmişdi. Hospitalda 1 ay yatmalı idi. Hansı ki, dörd gecə yatdı. Sual verdim ki, "Əmrah, qalacaqsan burada?", dedi "Yox. Mənim qardaşlarım döyüşür. Orada yaralılar var, şəhid qardaşlarım var. Mən bura yatmağa gəlməmişəm. Mənim döyüşdə olmağım lazımdır. Uşaqlar başsızdır, mən onların yanında olmalıyam".

Həmin vaxtdan oktyabrın 26-na kimi Şuşa uğrunda döyüşlərdə iştirak etdilər. Çanaqçı kəndində şəhid oldu. Axşam radələri imiş, saat 5, 6-nın yarısı imiş. Döyüş yoldaşları deyir ki, axşam saatları olsa da, amma aydınlıq idi. Deyirlər "Əmrah bizdən 4 metr qabaqda idi. Ona tapşırıq gəlmişdi, bizə dedi ki, hazırlaşın. 15-20 dəqiqəyə qarşıya gedəcəyik". Ona verilən tapşırıqdan sonra özü də orada nəsə hazırlayırdı. Əmraha zəng gələndən sonra bir də ayıldıq ki, güllə yağış kimi üstümüzə yağır. Həmin an pusquya düşsələr də Əmrah 15 dəqiqə yenə döyüşdü. Bizi qabağa çəkməyə "Allahu əkbər" deyə-deyə güc verdi. Əmrahın sayəsində mövqeymizdən qabağa irəlilədik. Bir də gördük ki, vurdular onu. Amma bilmədik güllə harasından dəydi. Gördük ki, güllə Əmrahın sağ gicgahından dəyib".

Deyirlər ki, o, vurulandan 7-8 saat sonraya kimi qan itirməyinə baxmayaraq özündə olub. Deyirlər ki, atışma o qədər güclü olub ki, Əmrahı oradan çıxarmaq üçün kömək çağırmaq imkanı olmayıb. Amma xəstəxanaya çatana kimi özünü tam itirməmişdi.

Mənə oktyabrın 27-si hərbi komissarlıqdan zəng gəldi, dedilər ki, qardaşınız ayağından yaralanıb. Dedim, gəlirəm. Mənə əyan olmuşdu ki, qardaşım şəhid olub. Artıq ora gedənə kimi bununla barışmışdım. Mən ora yola çıxanda artıq bilirdim vəziyyəti, hara, nə üçün gedirəm. Füzulinin Əhmədbəyli kəndində mağaranın içinə girdim, gördüm ki, qardaşım şəhid olub. Baxdım, qardaşımı necə yola salmışam, elə də gəlib. Amma başından güllə dəymişdi. Şəhidlərimiz oldu ki, ümumiyyətlə, tanınmaz vəziyyətdə oldu. Şəhid yaxınları üçün bu sarsıdıcı zərbə idi, adam ona heç cür dözə bilməzdi. Amma mən hətta qurban da dedim ki, qardaşım göndərdiyimiz kimi evimizə geri qayıtdığı üçün qurban kəsəcəm.

Mənim atam da rəhmətə gedib. O da 1990-cı ildə 20 yanvar hadisələri zamanı başından güllə yarası almışdı. 3 il bundan qabaq rəhmətə getdi. Güllə qardaşımın da başına atamın başına dəydiyi eyni tərəfdən dəymişdi.

O, müharibə haqqında mənə heç nə deməmişdi. O qədər sirr saxlayan idi, onun işi, onsuz da, gizli idi. Mən bu insandan söz ala bilmirdim. Əmrahın hospitalda mənə son sözü bu oldu ki, "Məndə hər şey yaxşıdır. Siz yaxşı olun, özünüzdən müğayət olun". Dedim "Əmrah, bəs evə gələssən də. Bax, mən səni gözləyirəm". Mənə dedi ki, "Qardaşım, mən zirvəyə çatmalıyam, mənim zirvədən başqa arzum, istəyim yoxdur. Evi sənə tapşırıram. Ona "Elə demə də, qardaş, o söz mənim üçün ağır sözdür axı. Ata da rəhmətə gedib, biz ikimiz, bir anamız qalmışıq. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur". Gülə-gülə dedi ki, "Orxan, mən o zirvəni çoxdan arzulayıram. Mən hərbi məktəbə daxil olduqda artıq o zirvə mənimlə bərabər idi".

Qardaşım Türkiyədə, Gürcüstanda, başqa yerlərdə təlimlərdə olub. Nazir Zakir Həsənov, Hikmət Mirzəyev tərəfindən dəfələrlə təltif olunmuşdu".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Atasının vurulduğu eyni yerdən güllə yarası alaraq şəhid olan kəşfiyyatçımız FOTO


RƏYLƏR