Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 13:24
Cənab Prezident Ulu Öndərin davamçısı olaraq atasının vəziyyətini yerinə yetirən bir oğuldur, Azərbaycan xalqının məhəbbətini qazanan bir liderdir, müdrik siyasətçidir, Müzəffər Ordunun Ali Baş Komandanıdır.
Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, müharibə davam edəcəyi təqdirdə itkilərimiz qat-qat çox olacaqdı, Ali Baş Komandan, eyni zamanda, minlərlə anaları, ailələri, demək olar ki, bu itkilərdən xilas etdi:
"Bütün bu titullar xalqa, respublikaya bir Prezident olaraq onun üzərinə böyük bir cavabdehlik qoyur. Əlbəttə, hər şey birinci şəxs kimi onun qərarlarından asılıdır. Son illərdə Prezident İlham Əliyevin bütün istiqamətlərdə apardığı islahatlar Azərbaycanın iqtisadi inkişafı, daxili sabitliyi, xarici geosiyasi arenada gündən-günə qalxan nüfuzu həm özünü bir dövlət rəhbəri kimi, həm də Azərbaycanı geosiyasi arenada tanıda bildi.
Mən xüsusilə ordu quruculuğunda aparılan işlərin, ordunun gücləndirilməsi, silahlandırılması, daim orduya Ali Baş Komandanın nəzarətinin yüksək olmasını qeyd edərdim. Və bu, yalnız nəzarət deyil, bu, həm də ordunun inkişafı ilə bağlı qəbul edilmiş qərarlardır. Dağlıq Qarabağın işğalı ilə bağlı Prezidentin daim söylədiyi fikirləri var idi ki, "Biz heç vaxt işğalla barışmayacağıq və gec-tez öz torpaqlarımızı hansı yolla olursa, azad edəcəyik" deyirdi. Çoxlu söhbətlər olurdu, çoxlarında belə fikirlər yaranırdı ki, bu məsələnin hərbi yolu yoxdur. Müəyyən bir dövlətlərin adları çəkilirdi ki, böyük dövlətlər qoymayacaq Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etsin, sülh yolu ilə də torpaqlar azad olmayacaq. Bu, daha çox xaricdən bizim insanların beyninə yeritməyə çalışdıqları bir fikirlər idi. Ancaq cənab Prezident həmişə Ali Baş Komandan kimi öz qərarında qətiyyətli olub, öz fikrində dürüst olub və düşmənin hər bir təxribatının qarşısını alıb. Artıq son təxribatı zamanı cənab Prezident özü dediyi kimi "Mən bilirəm nə vaxt, nəyi necə etmək lazımdır" və doğurdan da, həmin məqamı gözlədi. O, məqamı ancaq gözləmədi, o, məqamı özü yetişdirdi. Xarici ölkələrə məhz Azərbaycanın bu addımı ata biləcəyi haqqında müəyyən bir müdrik, hücum diplomatiyası apardı və riskləri minimuma endirdi. Ulu Öndərin qoyduğu "Bir millət, iki dövlət" prinsipini daha da inkişaf etdirdi, Türkiyə kimi güclü, böyük bir dövləti Azərbaycanın qardaşı kimi qəbul etdi və Türkiyə bizə mənəvi bir dəstək oldu. Bütün bunlardan sonra artıq demək olar ki, məqam yetişdi və düşmənin son təxribatından sonra artıq Ali Baş Komandanın əks-hücum əmrini verərək öz torpaqlarımızı qısa bir zamanda işğalçı qüvvələrdən azad edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadir oldu.
Hələ 2016-cı ilin Aprel ayında Prezident demişdi ki, "Əgər Azərbaycanı və Ermənistanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. O, Ali Baş Komandan kimi öz Silahlı Qüvvələrinə inanırdı və özü inkişaf etdirdiyi Silahlı Qüvvələrin gücünü bilirdi. Məhz həmin məqamı da yetişdirdi ki, Azərbaycan bir müddət Ermənistanla təkbətək olsun və özü dediyi kimi qısa zamanda, 44 günün ərzində uğurlu müharibə apararaq düşməni diz çökməyə məcbur etdi və kapitulyasiya aktına bərabər bir sənədə Ermənistan rəhbərliyini qol çəkməyə məcbur etdi.
Cənab Prezidentin bütün sahələrdə apardığı işlər bundan sonra tarixdə böyük tədqiqatlara səbəb olacaq. Torpaqları işğal altında olan bir dövləti, ətrafında müəyyən bir qonşuları olan, o qonşularla balanslaşdırılmış bir münasibət qura bilən bir lider kimi və baxmayaraq ki, Rusiyanın Ermənistanda hərbi bazası var, elə bir siyasi strategiya seçdi ki, Rusiya kimi dövlət Azərbaycanın bu haqq savaşına müsbət yanaşdı. Sonda da məhz Rusiyanın imkanları ilə Azərbaycanda sülhməramlı qüvvələrin yerləşdirilməsi və sülhməramlı siyasətini apardı.
Əlbəttə, müharibə itkisiz olmur və biz 3 minə yaxın şəhid verdik. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Deyərdim ki, minlərlə anaları və ailələri, demək olar ki, bu itkilərdən xilas etdi. Yəni, müharibə davam edəcəyi təqdirdə itkilərimiz qat-qat çox olacaqdı. Məhz Ali Baş Komandanın hərbi əməliyyatlara düzgün rəhbərlik etməsi, sərkərdə məharəti qısaca bir zamanda, düşmən gözləmədiyi halda onun perspektivsiz hesab etdiyi istiqamətlərdə əks-hücum əməliyyatlarını davam etdirərək məhz Şuşanın azad edilməsi sanki Ermənistanın ürəyinə xəncər sancmaq effekti yaratdı. Artıq Şuşa azad ediləndən sonra özünə gəlməyən düşmən digər 3 rayonu (Ağdam, Kəlbəcər, Laçın) cənab Prezidentin dediyi kimi, cədvəl əsasında heç bir itkisiz, heç bir atışsız təhvil verdi. Tarixdə çox müharibələr görmüşük, ancaq belə az itki ilə belə nəticə əldə etmək və demək olar ki, işağldakı ərazilərin yarısını heç bir güllə atılmadan azad etmək gələcəkdə çox böyük tədqiqatlara səbəb olacaq.
Xoşbəxtik ki, biz gələcək nəsilə ərazi bütövlüyü bərpa olunmuş, işğalsız, köçkünsüz, qaçqınsız bir Azərbaycanı miras qoya biləcəyik. Biz I Qarabağ savaşının iştirakçıları olaraq bunun əhəmiyyətini daha yaxşı anlayırıq. Ona görə ki, I Qarabağ savaşından sonra torpaqlarının müəyyən bir hissəsi işğal edilən, qaçqın-köçkünü olan bir Azərbaycanda yaşayırdıq. Daha çox məhz I Qarabağ müharibəsində savaşan nəsil bu məsələni daim müraciət edərək bildirirdilər ki, "Cənab Ali Baş Komandan, əmr verin, nə qədər ki, canımızda can var Azərbaycanı işğalçılardan azad edək". Əlbəttə, o sözləri bizim övladlarımız da deyirdi. Yəni, artıq əli silah tuta biləcək yaşa çatan və bizim davamçılarımız olan Azərbaycan oğulları bizim bu çağırışa səs verərək artıq istər çağırış məntəqəsində, istər səngərdə əli silahlı Ali Baş Komandandan əmr gözləyirdilər və biz o əmri aldıq. Bu gün, demək olar ki, hamının sevincinin həddi-hüdudu yoxdur. Bayram bayrama qarışıb. Bunun birinci səbəbi Azərbaycanın işğalda olan ərazilərinin azad edilməsidir və bu gün bütün xalq, demək olar ki, cənab Prezidentin 59 yaşını səmimi şəkildə təbrik edir. Çünki cənab Prezident öz işləri, öz münasibəti, öz davranışı, öz səmimiyyəti, öz qətiyyətliliyi ilə doğrudan da, lider olduğunu göstərdi və doğurdan da, o, Azərbaycan xalqının hər bir nümayəndəsinin ürəyində yer tapdı. Bunu elə-belə qazanmaq olmur. O, daim Azərbaycanı, xalqını, torpağını, vətənini düşünərək, tarixdə öz cavabdehliyini anlayaraq məhz düzgün qərarlar qəbul edib, düzgün inkişaf yolu keçib və Azərbaycanı çoxsaylı bəlalardan qurtaran bir liderdir.
Biz artıq başqa bir Azərbaycanda yaşayırıq - İşğalsız, qaçqınsız, köçkünsüz. Bu yeni mərhələ Azərbaycanda daha da sürətli inkişaf mərhələsi olacaq və camaat bundan sona daha yaxşı yaşayacaq. Bizim ərazilərimiz artıq işğaldan azad olunub. Bizim işğal olunmuş ərazilərimizi düşmən nə qədər dağıtsa da cənab Prezident azad edilən o ərazilərin hər birinə səfəri zamanı mesaj verir ki, biz bu yerlərin hamısını bərpa edəcəyik və əvvəlkindən də yaxşı şərait yaradacağıq. Çünki cənab Prezident öz xalqına inanır, çünki cənab Prezident bilir ki, ağır müharibə günlərində əgər Azərbaycan xalqı onunla bir idisə, deməli, növbəti addımlarında da Azərbaycan xalqı onu dəstəkləyəcək və düşünürəm ki, Azərbaycanın çiçəklənməsində, işğal olunmuş ərazilərin bərpasında Azərbaycan xalqı cənab Prezidentlə olacaq. Bunu da cənab Prezident hiss etdiyi üçün məhz bu mesajları işğaldan azad edilən rayonların ərazisinə səfəri zamanı əminliklə xalqa çatdıra bildi".
Təhməz Əsədov