Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2020 20:12
Həyatın ilk 5-6 ili şəxsiyyət xüsusiyyətlərinin inkişafında xüsusilə əhəmiyyətlidir.
"Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) uşaqların inkişaf dövrü ilə bağlı təqdim etdiyi məqalədə bildirilir ki, hər yaş dövründə o dövrə məxsus inkişaf hədəfinin uyğun şəkildə tamamlanması sağlam şəxsiyyət inkişafını dəstəkləyir və uşağı bir sonrakı inkişaf mərhələsinə hazırlayır.
Valideynlər, uşaqların inkişaf dövrlərinin xüsusiyyətlərini nəzər alaraq onlarla münasibət qurduqları təqdirdə sağlam inkişafı dəstəkləmiş olurlar.
0-12 aylarında valideynlərin uşağın fiziki və emosional ehtiyaclarını davamlı şəkildə qarşılamağı körpədə güvən hissi yaradır. Bunun əksi olduqda uşaqda güvənsizlik və şəxsi dəyərsizlik hissi yaranır.
Ananın uşağa ehtiyac duyduğu qayğını verməyi - ac olanda onu doyurmağı, qucağına alıb sakitləşdirməyi körpədə təməl güvən və ümid hissini formalaşdırır. Ana və körpə arasında sağlam münasibət qurulmazsa, körpə ehtiyacı olduğunda ananı yanında tapmazsa və ya fiziki, əqli səbəblərdən ana tərəfindən gələn stimulları almazsa, özünü güvən və rahatlıq içində hiss etməz.
Körpədə sosial güvən hissinin ilkin göstəriciləri qidalanma və yuxu rejiminin qaydasında olması, eləcə də həzm sistemində rahatlığın olmasıdır.
Bu aylarda körpə böyüklərdən tam asılı olduğu üçün ananın davamlı və düzgün şəkildə onun ehtiyaclarını qarşılamağı rejim və balansı təmin edir.
Beləcə uşaq ananın varlığına əminlik qazanaraq, ilk sosial bacarığı- təşviş və ya aqressiya yaşamadan anadan uzaq qalmağı öyrənir.