Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada Milad bayramı günlərində tətbiq edilən sərt karantin qaydaları yumşaldılıb

İtaliyada Milad bayramı günlərində tətbiq edilən sərt karantin qaydaları yumşaldılıb

Tarix: 28 Dekabr 2020 20:04

İtaliyada Milad bayramı günlərində qüvvədə olan sərt karantin qaydaları yumşaldılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 28-dən yanvarın 4-dək ölkə ikinci ən yüksək xəbərdarlıq pilləsi olan "narıncı zona" elan edilib. Yeni qaydalara əsasən, ölkədə bütün ticarət obyektlərinin fəaliyyəti bərpa olunub, eləcə də şəhər və bələdiyyələr arasında səbəb göstərilmədən səfər edilməsinə icazə verilib. Lakin yanvarın 15-dək xaricdən İtaliyaya səfər edən hər bir şəxs 14 günlük özünütəcridlə hesablaşmalıdır.

Əhalisinin mütləq əksəriyyətinin katoliklərdən ibarət olduğu İtaliyada Milad bayramı əsas ailə bayramı hesab edilir və hökumətin Milad günlərində tətbiq etdiyi məhdudiyyətlər insanların sıx şəkildə bir araya gəlməsini, əsasən də ahıl insanların sağlamlığı üçün təhlükənin yaranması risklərini azaltmaqdan ibarət idi.

Bir çox Avropa ölkəsi kimi İtaliyada da dekabrın 27-də koronavirusa qarşı vaksinasiya kampaniyasına start verilib. Digər ölkələrdə olduğu kimi, burada da ilk mərhələdə yüksək risk qrupundan olan şəxslər və tibbi heyətə peyvənd vurulacaq. Baş nazir Cüzeppe Konte peyvənd gününü bütün qitə üçün tarixi hadisə kimi dəyərləndirib.

Bununla belə İtaliyada koronavirusla bağlı vəziyyət hələ də narahatlıq doğurur. Dekabrın 27-də ölkədə koronavirusla əlaqədar 305 ölüm halı qeydə alınıb, pandemiya başlayandan indiyədək ölüm hallarının sayı 71925 nəfərə çatıb. Hazırda İtaliyada yarım milyon insan ev şəraitində karantindədir.

Milli.Az


Etiketlər:  İtaliyada Milad bayramı günlərində tətbiq edilən sərt karantin qaydaları yumşaldılıb


RƏYLƏR