Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 17:57
Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizədə ən səmərəli və iqtisadi cəhətdən əlverişli üsul vaksinasiyadır. Həmin proses aktiv immunizasiya adlanır. Hələ qədim dövrlərdə müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən şəxs bu xəstəliyə yenidən tutulmur və ya onu yüngül keçirir. Ona görə də pandemiya və epidemiyalar zamanı həmin şəxslərdən ibarət müəyyən qruplar yaradılır və onlar xəstələrə qulluq edirdilər.
Uşaqlarda vaksinasiyanın əsas məqsədi erkən dövrdə güclü immunitet yaratmaqdır. Bəşəriyyət tarixində bir çox yoluxucu xəstəliklərin qarşısı məhz peyvənd vurulmasından sonra alınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Telman Aytayevin dediyinə görə, vaksinasiya nəticəsində immun sistemi mikrobu tanıyır. Orqanizm mikrobu tanıyandan sonra ona qarşı immunitet yaranır və yoluxma zamanı infeksiyanın əlamətləri müşahidə edilmir.
Pediatr onu da qeyd edib ki, bəzən insanlar arasında peyvəndlər barədə yanlış söz-söhbətlər dolaşır. Bəziləri elə düşünür ki, peyvəndin ziyanı ola bilər və bu səbəbdən də vaksinasiyadan yayınmaq lazımdır. Həkim-pediatr deyib: "Bu, heç də belə deyil. Təbii ki, bütün tibbi prosedurlar kimi peyvəndlərin də yan təsirləri və allergiya riski ola bilər. Lakin peyvənd olunmayanlar daha böyük təhlükəyə - infeksion xəstəliklərə yoluxma riskinə məruz qalırlar. Peyvəndlər çox əhəmiyyətlidir və hətta bir çox ölkələrdə vaksinasiya edilməyənlər barədə ciddi qanunlar var".
Müsahibimiz bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin kimlərə tətbiq edilməməsi ilə əlaqədar kiçik bir siyahı da təqdim edib. "Məsələn, nevroloji pozuntusu olan xəstələrdə peyvəndləmə aparılmaya bilər. Uşağın inkişafı normaldırsa və hansısa xəstəlik diaqnozu qoyulmayıbsa, peyvəndin vurulmamasına səbəb yoxdur. Səbəbsiz qızdırma olduqda isə peyvənd edilməsi bir həftə ləngiyə bilər".