Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 09:12
Bakı. Ceyhun Ələkbərov - Trend:
Pandemiya Azərbaycanda onlayn ticarətə təkan verdi, o cümlədən, bu sahədə olan problemləri də üzə çıxardı.
Bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, sahibkarların onlayn platforması yetərincə hazır olmadığı üçün bəzi səhvlər buraxırlar:
"Dünyada və o cümlədən, Azərbaycanda pandemiya elektron ticarəti stimullaşdırdı. Evə təcrid olunan şəxslər hər hansısa bir şeyə ehtiyacı olduğu zaman onu sifariş etdiyi üçün bu sahə son dövrlər inkişaf etdi. Dünyada məşhur olan onlayn ticarət platformalarına nəzər salsaq, görərik ki, onların dövriyyəsi kəskin artdı, həmçinin Azərbaycanda da düşünürəm ki, bu sahəyə sahibkarlar ararsında maraq çoxaldı. Bu gün istənilən sosial şəbəkələrdə yerli mağazaların məhsullarının satışını görə bilirik, ancaq əvvələr bu cür şeylərə az rast gəlinirdi. Bu o deməkdir ki, sahibkalrar bu tendensiyanı tutublar. Onlar başa düşdülər ki, onlayn ticarət platformasına keçid etməsələr, sahibkarlıqları sıfıra enəcək və bunlar yenidən dirçələ bilməyəcəklər".
Osman Gündüz sahibkarların buraxdığı səhvlər barədə də söhbət açıb. O qeyd edib ki, bəzi mağazalar onlayn ticarəti düzgün qurmadığından "analoqu olmayan" qapıda satış həyata keçirirlər:
"İndi Azərbaycanda dünyada “analoqu olmayan” yeni bir tendesniya duyulur, bu da qapıda satışdır. Bu, onun göstəricisidir ki, həmin şirkətlər zamanında onlayn platformanı qura bilməyiblər, bu da hazırda onlara problem yaradır. Həmin sahibkar vaxtında onlayn platformanı qurub, sayt yaradıb, onu banka bağlasaydı, indi bu problemlə üzləşməzdi. Bildirmək istəyirəm ki, bu, düzgün bir şey deyil, heç bir ölkədə belə şey yoxdur. Bizim sahibkarlar onlayn satışa görünür ki, yetərincə hazır deyillərmiş.
Çox az sayda şirkət, yeni startap layihələri var ki, onlar bu işləri çox yüksək səviyyədə yerinə yetirirlər. Ümumiyyətlə, pandemiya dövründə onlayn ticarəti belə qiymətləndirmək olar. Əsas odur ki, sahibkalar bu sahəni dərk etdilər, bildilər ki, böyük bir investisiya tələb etmir. Bura sadəcə sistem qurmaq lazım idi ki, bunu da əksər sahibkarlar etməyib".
İnternet Forumunun prezidenti əlavə edib ki, bundan əlavə, bəlli oldu ki, onlayn sahibkarlıq üçün, bizim alətlərimiz, mexanizmimiz, hüquqi normativ bazamız yetərli deyil:
"Misal üçün, hansısa saytı quraraq onu banka bağlamaq, hazır ödəniş etmək müşkül məsələ imiş. İnkişaf etmiş ölkələrdə sayt açıb onu banka bağlamaq çox bəsit bir şeydir. Ancaq bizdə ödniş sistemləriylə, rəqəmsal bankçılq və o cümlədər digital rəqəmsal həllərin hazırlanması ilə bağlı ciddi problemlər var. Bunun başlıca səbəbi isə odur ki, uzun illərdir Azərbaycanda ödəniş xidmətləri ilə bağlı qanunvericilik yoxdur".