Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 10:39
Bakı. Trend:
Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayev 11 dekabr 2020-ci il tarixdə “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” F-530 nömrəli əmr imzalayıb. Həmin əmrdə respublikamızın ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva bu əmrin icrasının təmin edilməsi məqsədilə “2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzalayıb. Adıçəkilən əmrdə BSU-da payız semestrinin imtahan sessiyasının mövcud normativ sənədlər, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə “ 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli Qərarı, təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11dekabr 2020-ci tarixli F-530 nömrəli əmri əsasında təşkili və keçirilməsinin müvafiq strukturlar tərəfindən təmin edilməsi , payız semestrinin imtahan sessiyasının yanvar ayının 11-dən başlamaqla 4 həftə müddətində distant formada keçirilməsi öz əksini tapıb. Əmrdə həmçinin xüsusi karantin rejimi şəraitində təşkil olunan və keçirilən payız semestrinin imtahan sessiyası üzrə təhsilalanların cari və aralıq qiymətləndirilməsi zamanı BSU-nun Elmi Şurasının 30 noyabr 2020-ci il tarixli qərarında tələbələr üçün nəzərdə tutulan güzəştlərin tətbiq edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinin yerində çevik həll edilməsini təmin etmək məqsədilə tərkibinə universitet rəhbərliyinin, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən valideyn şurasının, tələbə ictimai təşkilatlarının, Mətbuat və informasiya şöbəsinin və ictimaiyyət nümayəndələrinin daxil olduqları 13 nəfərdən ibarət İmtahan Qərargahının yaradılması qeyd edilib.Eyni zamanda əmrdə distant formada keçirilən imtahan sessiyası müddətində İmtahan Qərargahına edilən müraciətlərin çevik şəkildə onlayn rejimdə araşdırılması, imtahan nəticələrindən, o cümlədən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi( ÜOMG) əsasında qeyri-ixtisas fənləri üzrə qiymətləndirilmədən narazı qalan tələbələrin onlayn formada dinlənilməsi məqsədilə Apelyasiya Komissiyasının yaradılması göstərilib. Əmrin əsas müddəalarından biri də imtahan sessiyası müddətində tələbələrə əvvəlki imtahan sessiyalarından qalan kredit borclarını fənni(fənləri) təkrar dinləmədən ləğv etmək imkanının verilməsi, cari imtahan sessiyası üzrə yaranmış kredit borclarını fənni(fənləri) təkrar dinləmədən aradan qaldırılmasına 9-12 fevral 2021-ci il tarixdə şərait yaradılması, kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək arzusunda olan tələbələrin imtahan nəticəsindən narazı qaldıqları halda onlara Apelyasiya Komissiyasına müraciət etmək imkanının yaradılmasıdır.Qeyd edək ki, “Microsoft Teams”platforması vasitəsilə keçirilən payız semestrinin imtahan sessiyasında ümumilikdə universitetin təxminən 4500 nəfərə yaxın tələbəsinin iştirak etməsi nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyinin müvafiq təlimatının tələbləri gözlənilməklə Əlavə və qiyabi təhsil şöbəsi üzrə imtahan sessiyasının 18yanvar-13 fevral 2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulub. Tələbələrə əvvəlki və cari imtahan sessiyalarından qalan kredit borclarını fənni ( fənləri) təkrar dinləmədən ləğv etmək imkanı veriləcək.
Əmrə əsasən, distant formada təşkil olunan şifahi və yazılı imtahanların təşkili və keçirilməsi, sual,referat və praktik tapşırıqların forma və məzmununun müəyyən olunması, məsafədən cavablandırılması ,qiymətləndirilmənin aparılması, imtahanların gedişi prosesinin protokollaşdırılması barədə Monitorinq,qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin hazırladığı təlimat və göstərişlər imtahan sessiyasına 2 həftə qalmış müəllimlərin, tələbələrin, eləcə də fakültə
dekanlarının, kafedra müdirlərinin,şöbə müdirlərinin, akademik məsləhətçilərin, tədris-köməkçi heyətin diqqətinə çatdırılması, imtahan sessiyasının distant formada keçirilməsinə texniki dəstəyin İşçi Qrupun həyata keçirməsi müəyyən edilib.
Distant formada imtahanların təşkili və keçirilməsi, məsafədən təşkil olunacaq imtahanlara dair qeydiyyatın və elektron sənədləşmənin düzgün aparılması, elektron idarəetmə sisteminin sabit fəaliyyətinin təmin olunması və qarşıya qoyulan vəzifələrin həllinə texniki dəstəyin reallaşdırılması məqsədilə universitetin müvafiq struktur bölmələrinin məsul şəxslərindən, tədris-mədəniyyət mərkəzlərinin mütəxəssislərindən və müəllimlərdən ibarət 22 nəfərlik texniki dəstək qrupu yaradılıb.
Bütün bunlarla yanaşı, İmtahan Qərargahına və müvafiq strukturlara baş verən mənfi hallarla bağlı daxil olan məlumatların çevik araşdırılıb dərhal müvafiq tədbir görülməsi, İmtahan Qərargahının fəaliyyəti barədə rektora müntəzəm məlumat verilməsi, İmtahan Qərargahına tələbənin elektron müraciəti daxil olan andan sonra 1 gün ərzində müraciətin araşdırılıb müvafiq qərar qəbul edilməsi, qəbul edilən qərarların protokollaşdırılması , İmtahan Qərargahı sədrinin və ya Apelyasiya Komissiyası sədrinin imzası ilə təsdiqlənməsi, İmtahan Qərargahının fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə, universitet üzrə İctimai Etimad Şurası üzvlərinə vaxtaşırı məlumat verilməsi, həmçinin Mətbuat və informasiya şöbəsinin tələbələrin biliyinin qiymətləndirilməsi və İmtahan Qərargahının fəaliyyəti barədə məlumatları mütəmadi olaraq universitetin “Facebook” səhifəsində,saytında və mediada işıqlandırması əmrdə öz əksini tapıb. Monitorinq ,qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi imtahan sessiyasının nəticələrini təhlil edib bu barədə sessiya bitdikdən 5 gün sonra rektora müvafiq məlumatı təqdim etməlidir. Bundan başqa, sözügedən şöbə və tədris işləri üzrə prorektorluq imtahan sessiyasının təşkili, keçirilməsi və nəticəsi barədə hesabat və rəyləri ümumiləşdirib müvafiq formalar üzrə 10 gün müddətində Təhsil Nazirliyinə təqdim etməlidirlər. Ümumilikdə BSU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir.