Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2019 17:40
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərenerji" ASC-nin birgə təşkil etdikləri "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Trend-in məlumatına görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbirin əvvəlində "Azernerji" ASC-nin "Reabilitasiya proqramı" çərçivəsində görülmüş işlərdən bəhs edən qısa videoçarx nümayiş olunub.
Qonaqları salamlayan "Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev bildirib ki, ötən ilin payızından başlayaraq "Azərenerji" ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyası da daxil olmaqla ölkədəki 12 elektrik stansiyasında, sistem əhəmiyyətli 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır:
“35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir".
V.Əliyev həmçinin bildirib ki, 2018-2021-ci illəri əhatə edən "Reabilitasiya proqramı"nın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerjisistemin etibarlığını və dayanaqlığını təmin edərək inkişafa nail olmaqdır: "Reablitasiya proqramı çərçivəsində 800 MVt-dan artıq “itirilmiş” gücün bərpası planlaşdırılıb".
"Azərenerji ASC" prezidentinin müşaviri görülən işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında jurnalistlərin rolunu da xüsusi vurğulayıb. O, təşkil olunmuş müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirərək yekun nəticələr barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli media nümayəndələrini Milli Mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Azərbaycanın davamlı və sabit inkişafında energetika sisteminin rolunu xüsusi qeyd edən Vüqar Səfərli bir ilə yaxın müddətdə bu sahədə mühüm islahatların aparıldığını, enerjisistemin etibarlığının xeyli dərəcədə yüksəldiyini bildirib. İcraçı direktor əlavə edib ki, "Azərenerji" ASC ilə birgə keçirilən müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, 2019-cu il mayın 10-dan iyulun 5-dək davam edən birgə fərdi jurnalist yazıları müsabiqəsinə 25 KİV-dən 35 yazı təqdim edilib, yazılar üç nəfər ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərinin əsas, 10 nəfərinin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra qaliblərə fəxri diplom və pul mükafatları təqdim olunub.
Tədbiri yekunlaşdıran "Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev media münayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, habelə Fondla bundan sonra da müştərək layihələrin həyata keçiriləcəyini vurğulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin