Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 00:39
Bakı. Trend:
Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Vətən uğrunda medalı, Qubadlının azad olunmasına görə medalı olan Məmmədov Murad Yusif oğluna (7 Dekabr, 1995 - 25 Oktyabr, 2020) həsr edilib...
Salam, Murad. Salam. Bibin mənə zəng etmişdi... O qədər səndən danışdı ki, elə bil bütün ailənizlə danışdım... Hə... Onların yaşadıqlarını bilirəm, amma qisməti dəyişmək olmaz (gülümsəyir). Murad, sən Texnoloji universiteti bitirdin, hərbi xidmətə getdin... Sonra ? Vaxt elə tez uçur ki... Sonra da müharibə... Qardaşım Nurlan hərbi xidmətdən sonra getdi, mən də könüllü yazıldım. Murad, heç kimə demədən yazıldın? Əlbəttə, məgər Vətənimi tək buraxa bilərdim? Mən hətta könüllü yazılanda eynəyimi çıxartdım ki, görməsinlər (gülür) Bütün tədarükü görmüsən. Bəs yaxşı, Muradın ən sevdiyi şey nə olub? Futbol! (Gülür) Adi futbol sevgisi deyil e bu, Qalatasaray sevgisidir! Mən axı demişdim ki, bu sevgi mənimlə məzara kimi gedəcək! Elə də oldu, oyunların birində mənim səsimi səsləndirəcəklər. Görürəm ki, sevinirsən? Çox! (gülür) Bəs Muradın sevgilisi olub? Sevgisiz həyat olur bəyəm (gülür)? Amma danışmaq istəmirsən. Artıq danışmağın mənası yoxdur. Mən olmadığım yerdə bir insanı xoşbəxt edə bilmərəm. Murad, evdəkilərlə tez-tez elaqə saxlayırdın? Çalışırdım. Bir dəfə atama zəng elədim ki, bacıma mənim hesabıma bir telefon alsın. Bacım instituta girmişdi və mən onu şəxsən təbrik etmək istəyirdim. Aldı? Bəli, istədiyini aldı, mən də rahat oldum. Ondan sonra zəng etmisən? Mesaj yazdım ki, məndən narahat olmasınlar. İndi fürsət olsaydı nə deyərdin? Fürsət ancaq zəng eləməkdə ola bilər? Mən ailəmi görüb, axırıncı dəfə gucaqlamaq istəyərdim əslində...Gözlərimi bağladım və Muradı boş stadionda gördüm, əllərində iki bayraq var idi, biri Azərbaycan, biri də Qalatasaray bayrağı. Murad harasa yuxarıya baxırdı. Mən ona tərəf gedəndə bayraqlar sanki iki qanad kimi onu göylərə galdırdı... Həmin o qanadlarla Murad nəinki ailəsini, bütün Azərbaycanı gucaqlaya biləcək...