Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 09:44
Çinin “Huawei” texnoloji nəhəngi ABŞ-ın şirkəti milli təhlükəsizlik üçün təhdid adlandırmasına baxmayaraq yaxın illərdə İtaliyaya 3,1 milyard dollar investisiya yatırmaq və ölkədə mövqeyini möhkəmləndirmək niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, Çin istehsalçısının planları barədə şirkətin İtaliya bölməsinin rəhbəri Tomas Myao Milanda keçirilən mətbuat konfransında məlumat verib.
“Huawei”in investisiya planları haqqında danışan bölmə rəhbəri qeyd edib ki, ABŞ və Çin arasında ticarət münaqişəsi şirkətin İtaliyadakı biznesinə hələ ki təsir göstərməyib.
“İtaliya hökuməti ABŞ və Çin arasında mövcud problemlərin təsir etmədiyi açıq və şəffaf siyasət yürüdür”, – T.Myao vurğulayıb.
Onun sözlərinə görə, növbəti üç ildə komplekt hissələrin alınmasına 1,9 milyard dollar investisiya qoyulacaq, 1,2 milyard dollar əməliyyat və marketinqə ayrılacaq, 52 milyon dollar isə elmi tədqiqat və təcrübi-konstruktor işlərinə yönəldiləcək.
Bundan başqa, “Huawei” İtaliyada min iş yeri yaratmağı planlaşdırır. Daha 2 min iş yerinin isə subpodratçı müqavilələr üzrə açılması nəzərdə tutulur.
İtaliya bölməsinin rəhbəri, həmçinin “Huawei” şirkətinin ABŞ-da min iş yerini ixtisar etməsi ilə bağlı yayılan məlumatları təsdiq edib.
Nizam Nuriyev