Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətləri pozanlar cərimələnəcək

Yaponiyada pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətləri pozanlar cərimələnəcək

Tarix: 15 Yanvar 2021 20:48

Yaponiyanın Baş naziri Yoşihide Suqanın administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətləri pozanların cərimələnməsi barədə qanun layihəsi hazırlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 15-də Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi Yoluxucu Xəstəliklər Barədə Qanuna təklif edilən əlavələri müzakirə etmək üçün mütəxəssislərlə məsləhətləşmələr aparıb. Həmin əlavələrdə koronavirusun aşkar edildiyi vətəndaşlar əməkdaşlıqdan imtina edəcəyi təqdirdə onların həbsi və ya cərimə olunması nəzərdə tutulur.

Görüşdə iştirak edən mütəxəssisləri hökumətin təqdim etdiyi planı əsasən bəyənsələr də, cəzanın tətbiqi zamanı ciddi araşdırmaların aparılmasının zəruriliyini də qeyd ediblər.

Y.Suqa administrasiyasının parlamentin gələn həftə keçiriləcək iclası ərəfəsində hakim və müxalif partiyalara göndərdiyi əlavələrdə xəstəxanaya yerləşdirilməkdən imtina edənlərə qarşı 1 milyon yen (təqribən 9600 dollar) cərimə və ya bir il müddətinə həbs nəzərdə tutulur.

Səhiyyə müəssisələrinə səhhəti ilə bağlı yalan informasiya verənlərə qarşı isə 500 min yen (təqribən 4800 dollar) cərimə və ya altı ay müddətinə həbs tədbiri görüləcək.

Bununla yanaşı, qanunda yer alan bəzi ifadələrin sərtləşdirilməsi də nəzərdə tutulur. Belə ki, hazırkı qanun layihəsində hökumət strukturlarının xəstəxanalardan daha çox çarpayı azad etmək barədə "xahiş etməsi" ifadəsi "tövsiyə etməsi" ifadəsi ilə əvəz olunacaq. Bu tövsiyəni yerinə yetirməyən xəstəxanalar isə ictimai qınaq obyektinə çevriləcək.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato yanvarın 15-də keçirilən mətbuat konfransı zamanı bildirib ki, belə tədbirlərin müzakirəyə çıxarılması çox zəruridir.

Y.Suqa administrasiyası, həmçinin koronavirusla mübarizə çərçivəsində məsafədən işə və iş vaxtının azaldılması barədə tövsiyələrə əməl etməyən müəssisələrə qarşı da cəza tədbirlərinin görülməsi barədə təklifin də qanuna əlavə olunmasını nəzərdə tutur.

Qeyd edək ki, Yaponiyada koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq üçün Tokio və Osaka da daxil olmaqla 13 prefekturada fövqəladə vəziyyət rejimi tətbiq olunub. Son məlumatlara görə ölkədə virusa yoluxanların ümumi sayı 300 min nəfəri ötüb.


Etiketlər:  Yaponiyada pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətləri pozanlar cərimələnəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ