Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəqliyyat sahəsində 13341 nöqsan aşkar olunub

Nəqliyyat sahəsində 13341 nöqsan aşkar olunub

Tarix: 18 Yanvar 2021 15:48

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatını təqdim edib.

DANX-dən Milli.Az-a verilən məlumata görə, H.Həsənov bildirib ki, nəzərinizə çatdırmaq istərdik ki, 2020-ci ilin mart ayından Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə şəhərlərarası, rayonlararası (Bakı-Sumqayıt-Abşeron halqası istisna olmaqla) və beynəlxalq sərnişin daşımalarına məhdudiyyət tətbiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi elan etməsi ilə əlaqədar olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası) sərnişin daşımalarının dayandırılması istiqamətində zəruri təşkilati və nəzarət tədbirlərinin görülməsi məqsədilə şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin dayandırılması haqqında əmr və "Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dair Təlimat" hazırlanıb.

Həmçinin, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə avtomobil nəqliyyatı sektorunda hərəkətin məhdudlaşdırılması, müvafiq maarifləndirici tədbirlərin görülməsi və sosial təcridin gücləndirilməsi məqsədilə Xidmətin regional şöbələrinə və müvafiq sahə üzrə digər məsul qurumlara göndərilmək məqsədilə məktub və telefonoqramlar hazırlanıb və göndərilən sənədlərin icra vəziyyəti mütəmadi nəzarətdə saxlanılıb.

"Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması ilə əlaqədar tədbirlərin görülməsi təşkil olunub. Bununla əlaqədar olaraq avtovağzalların (avtostansiyalarda) ölkədaxili sərnişindaşımanı həyata keçirən avtonəqliyyat vasitələrində müvafiq daşıyıcılar tərəfindən dezinfeksiya işlərinin yerinə yetirilməsinin təmin edilməsi, avtovağzalın (avtostansiyanın) ərazisinin, gözləmə zalının, xidməti otaqlarının, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrinin gündəlik dezinfeksiyasının həyata keçirilməsi, həmçinin xəstəliyinin qarşısının alınması sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi, gündəlik dezinfeksiya işlərinin aparılması barədə aktların tərtib olunması və bu barədə Xidmətə rəsmi məlumatın verilməsi ilə bağlı Xidmətin regional şöbələrinin və avtovağzalların (avtostansiyaların) rəhbərlərinə müvafiq məktubla tapşırıq verilib və bu sahədə aparılan işlər nəzarətdə saxlanılır.

Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərə uyğun olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən öz tənzimləmə dairəsi çərçivəsində aprel ayından etibarən hazırkı tarixədək 165763 monitorinq keçirilib və 13341 nöqsan aşkar olunub. Aşkarlanan nöqsanların aparılan monitorinqlərdəki payı təxminən 8% təşkil edib və bu nöqsanların aradan qaldırılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb. Aparılan monitorinqlər işəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini (monitorinq sayı 39673, nöqsan sayı 1020), dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi (monitorinq sayı 18630, nöqsan sayı 1162), vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi (fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada monitorinq sayı 142, nöqsan sayı 11), avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması (monitorinq sayı 21176, nöqsan sayı 1177), taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini (monitorinq sayı 23392, nöqsan sayı 5111), taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması (monitorinq sayı 23156, nöqsan sayı 2250) və avtobusların və taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi (monitorinq sayı 39594, nöqsan sayı 2610) ilə bağlı məsələləri əhatə edib.

Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi çərçivəsində, avtomobil nəqliyyatı ilə yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bu səbəbdən təqdim edəcəyimiz statistikada beynəlxalq sərnişin daşımaları üçün göstəricilər birinci rübü, avtomobil nəqliyyatı ilə yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları isə 2020-ci ilin yanvar-dekabr aylarını əhatə edir.

İl ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub. Onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib. Ümumilikdə il ərzində qeyd edilən istiqamətdə 8235000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1566000, Bakı-Abşeron istiqamətində 3402000, Sumqayıt-Abşeron istiqamətində 3267000 sərnişin daşınıb.

Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb.

Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə Respublikası, İran İslam Respublikası Hökumətləri arasında bağlanmış Beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub. O cümlədən Rusiya Federasiyasına - 13 istiqamət üzrə, Gürcüstana - 12 istiqamət üzrə, Türkiyə Respublikasına - 3 istiqamət üzrə, İran İslam Respublikasına - 5 istiqamət üzrə və İraq Respublikasına - 1 istiqamət üzrə gedişlər təşkil olunub. Beynəlxalq sərnişin daşımaları üçün ilin birinci rübündə 1200 ədəd "İcazə" blankı mübadilə edilib.

Avtomobil nəqliyyatı ilə daşımaların digər vacib sahəsi isə yükdaşımalarıdır. Pandemiya ilə əlaqədar ölkə daxilində tətbiq edilən məhdudiyyət tədbirləri zamanı həm daxili, həm də beynəlxalq yükdaşımalarına heç bir məhdudiyyət tətbiq edilməyib. Müvafiq karantin qaydalarına əməl edilməsi şərti ilə yüklərin beynəlxalq və ölkə daxili daşımaları təmin edilib.

Ümumilikdə beynəlxalq daşımaların həyata keçirilməsi üçün xarici ölkələrlə aşağıdakı sayda "İcazə" blankları mübadilə edilib:

- giriş, çıxış və tranzit keçid üçün - 155325 ədəd;

- 3-cü ölkəyə/ölkədən daşımalar üçün - 16060 ədəd;

Beynəlxalq nəqliyyat forumunun (BNF)

- çoxtərəfli "İcazə"ləri (illik) - 1200 ədəd;

- çoxtərəfli "İcazə"ləri (aylıq) - 240 ədəd.

Əlavə olaraq qeyd edək ki, il ərzində 58 907 xarici yük avtonəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə daşımaları təmin edilib. Milli daşıyıcılarımız tərəfindən ölkə daxili və digər digər dövlətlərin ərazisindən tranzit keçməklə 2 milyon tona yaxın yük daşınıb.

2020-ci ilin yanvar-dekabr ayları ərzində beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 031 ədəd "İcazə" blanklarının verilməsi nəticəsində dövlət büdcəsinə 3 532 866 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Avropa Əsas Sertifikatlaşdırma Orqanının mövcud prosedur qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb. Eyni zamanda, Polşanın Qiymətli Kağızlar İstehsalı Fabriki (PWPW) ilə bağlanmış müvafiq müqaviləyə əsasən Azərbaycan Respublikasına Milli Açarların elektron qaydada təhvil verilməsi təmin olunub.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun yerli qurumları tərəfindən inzibati xətalara dair işlər üzrə 2020-ci ilin 12 ayı ərzində 803 protokol tərtib olunub. Onlardan 112-si üzrə qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.

Həmçinin, xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən 10232 nəfər taksi ilə sərnişindaşıma və 9086 nəfər yükdaşıma xidməti göstərən sürücü barədə məlumatlar "icaze.e-gov.az" portalına yerləşdirilib.

2020-ci ilin yanvar-dekabr ayları ərzində verilmiş 104 828 ədəd fərqlənmə nişanı üzrə 1 815 440 manat məbləğində vergi ödənilib. Bunlardan, 13 078 ədəd şəhərdaxili, 4 683 ədəd şəhərlərarası, 16 426 ədəd taksi, 63 656 ədəd yükdaşıma, 2 652 ədəd sifarişlə və 4333 ədəd xüsusi fərqlənmə nişanı təqdim edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Çağrı Mərkəzinə, rəsmi saytına və "Facebook" sosial hesabına 2020-ci il ərzində 18650 müraciət daxil olub.

2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib. İlin sonunda Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, qətiyyəti, iradəsi və əzmi, rəşadətli ordumuzun şücaəti və qəhrəmanlıq nümayişi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilən şəhər və rayonlarına marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb.

Azərbaycan tarixinin şanlı qələbəmiz ilə yekunlaşan 44 günlük Vətən müharibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 6 əməkdaşı döyüşlərdə şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin hüquqşünası Anar Əhmədov ölkə başçısının sərəncamı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib".

Milli.Az


Etiketlər:  Nəqliyyat sahəsində 13341 nöqsan aşkar olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ