Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 12:24
"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, hesabı açaraq, komandanın 2:0 hesablı qələbəsinə töhvə verən xorvatiyalı futbolçu artıq ikinci təsnifat mərhələsindəki rəqibləri "Dundalk" barədə düşündüklərini söyləyib.
- Oyun haqda nə deyə bilərsiniz?
- Oyun çətin alındı. "Partizani" bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.
- İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?
- Əsas odur ki, lazım olan qolları ikinci hissədə vurub, qələbə qazanmağ bacardıq.
- Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?
- Bildirdi ki, sakit oynamaq lazımdır, hər şey yaxşı olacaq.
- Başla vurduğunuz qol "Qarabağ"ın mərhələ adlamasına kömək oldu...
- Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qələbə qazanmaq idi. İndi II təsnifat mərhələsini gözləyirik.
- Növbəti mərhələdəki rəqibiniz "Dundalk" barədə məlumatınız varmı?
- Hələ ki, xeyr. Ancaq öyrənəcəyik. Yaxşı hazırlaşmaq lazımdır.
- "Partizani"nin II mərhələdəki rəqibdən güclü olduğunu düşünənlər var. Siz bu barədə hansı fikirdəsiniz?
- Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdir.
- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?
- İndi bu barədə danışmaq üçün erkəndir. Oyundan-oyuna, mərhələdən-mərhələyə irəliləmək lazımdır. Sonrasını birlikdə görəcəyik.
- "Qəbələ"də olarkən "Dalğa Arena"da avrokubok matçına çıxmısınız...
- Bəli, "Maribor"a qarşı burda oynamışam. Ancaq "Tofiq Bəhramov"da oynamağı sevirəm. Hələ ki, "Dalğa Arena"dayıq. Sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdur.