Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 20:27
Payız, qış mövsümünün ən çox sevilən meyvələrindən biri də nardır. Narın çoxsaylı faydaları var. Nar bir çox xəstəliklər zamanı dərman sayılır.
Sonxeber.net narın faydaları haqqında həkim-fitoterapevt Fizuli Hüseynovun fikirlərini təqdim edir.
Həkimin sözlərinə görə, narın tərkibi kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, C vitaminləri ilə zəngindir. Tərkibindəki kalium və natrium bədənimizin su balansını qoruyur, kalium həm də yığılmış artıq mayeni və ödemləri xaric edir, ürək, qan-damar sistemini qüvvətləndirir, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradır. Nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmur. İbn Sina deyib ki, əgər böyrəklərinizdə iltihab və yaralar (pielonefrit, nefrit) varsa, şirin nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin. Diş əti qanamalarında, ağız yaralarında, anginalarda, ağızdan iy gəlməsində nar qabığını və ya nar çiçəyini 5 dəqiqə suda qaynadıb qarqara edin.
Müqəddəs kitabımızda narın həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir. Nar haqqında "Qurani Kərim"də 3 ayədə yazılır (Ənam 99, Ənam 141, Rəhman 68). Nar "Quran"da ən çox adı çəkilən meyvələrin içində xurma, zeytun və üzümdən sonra dördüncüdür".
Fitoterapevt bildirib ki, keçəlliyin müalicəsində zeytun yağının içinə nar dənələri töküb qaynadıb, süzmək, gündə 3 dəfə keçəl nahiyələrə sürtmək olar: "Əgər babasil düyünləri ağrı verirsə və tez-tez qanayırsa, nar şirəsini qaynadaraq yarısını buxarlandırın, yarısı qalanda bir o qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə qaynadın və bu məhlulla babasil üzərinə islatma edin, tez bir zamanda düyünlər kiçiləcək.
Həzrəti Əli buyurub ki, narı içindəki pərdəsi ilə birlikdə yeyin, çünki o mədəni təmizləyir. Həqiqətən nar mədənin divarlarını içdən təmizləyir və əzələsini möhkəmləndirir".
Həkim qeyd edib ki, nar ürək əzələsinin vurma gücünü artırır, ishalın qarşısını alır, qabığı qurdqovucu təsir göstərir. Nar şirəsini buruna tökən zaman burundakı poliplər kiçilməyə başlayır.
Onun sözlərinə görə, şirin nar öskürəyi kəsir, ağciyərləri təmizləyir. Turş nar isə ürəkbulanmanı azaldır, sidikqovucu təsir edir, mədə və qida borusundan qaynaqlanan ağız qoxusunun qarşısını alır: "Öd durğunluğu zamanı turş nar yemək faydalıdır. 1 ədəd orta ölçülü narın şirəsini çəkin, bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə qaynadın, alınan qarışımı göz xəstəlikləri zamanı sürmə kimi gözünüzə çəkin, sağalmaz ağız və damaq yaralarının üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı zamanı şişmiş nahiyənin üzərinə qoyanda iltihab sorulur".
F. Hüseynov bildirib ki, nar qanda yüksəlmiş xolesterini aşağı salır, damarların mənfəzini təmizləyir, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı və zehni qabiliyyəti gücləndirir, qanı durulaşdırır, artmış ürək döyüntülərini normallaşdırır: "Nar qabığını suda 5 dəqiqə qaynadıb, bir az bal əlavə edib koliti və bağırsaqdakı yaraları müalicə etmək olar, bu qarışım çox güclü ishalkəsicidir. Şirin nar qabığını qurudub, qəhvəüyüdəndə üyüdərək toz halına salıb, sulu yaraların üzərinə tökən zaman yaralar həm sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə məlhəm kimi çəkmək olar".
Onun sözlərinə görə, nar saç ağarmasının da qarşısını ala bilir: "Saç-saqqal ağarmasının qarşısını almaq üçün 1 xörək qaşığı turş nar qabığının tozu və 1 çay qaşığı mixək tozunu 100 qram rafinə olunmamış zeytun yağına qarışdırıb gündə 1 dəfə saça və saqqala çəkmək, 3 saatdan sonra yumaq lazımdır".
Bundan başqa, narın sızanaqlar, mədə yaralarına da təsiri var: "Nar suyu ilə sirkə qarışdırılıb qaynadılır, bununla sızanaqlar müalicə olunur. 200 qram arpanın üzərinə 100 qram su, 200 qram nar şirəsi tökülür, vam odun üzərində 10 dəqiqə qaynadılır, süzülür, mədə yaraları zamanı yeməkdən əvvəl 2 xörək qaşığı içilir. Qarışığı soyuducuda 3 gün saxlamaq olar".
Həkim onu da qeyd edib ki, turş nar şəkər xəstələrinin istifadə edə biləcəyi ən faydalı meyvədir. Fitoterapevtin sözlərinə görə, narın şirəsini içməkdənsə, özünü yemək daha faydalıdır, çünki nar şirəsi çox büzücü xassəyə malik olduğundan qəbizlik törədə bilər, özünü yeyən zaman isə tumları qəbizliyin qarşısını alır.