Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 14:32
Bakı. Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.
Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyət tərəfindən 2020-ci ilin fəaliyyət planının uğurla yerinə yetirildiyini, pandemiya şəraitinin çətinliklərinə baxmayaraq ötən ildə qarşıya qoyulan vəzifələrin tam icra edildiyini bildirib.
Belə ki, ötən il Cəmiyyətin həm istehsalat, həm də hasilat göstəriciləri plandan daha artıq olmaqla, 2019-cu ilin nəticələrini üstələyib. Beləliklə, “AzerGold” QSC-nin hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində il ərzində ölkə iqtisadiyyatına ümumilkdə 186,5 milyon manat həcmində vəsait daxil olub.
Müşavirədə “AzerGold”un ötən ildə də regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən ilk dəfə tədavülə buraxılan 20 milyon ABŞ dolları həcmində istiqrazların emissiyası uğurla həyata keçirilib.
Bununla yanaşı, Cəmiyyət tərəfindən kəşf olunmuş “Ağyoxuş 1” yatağı 30 noyabr tarixində istismara verilərək yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına və orada hasil edilən süxurların Çovdar Emal Sahəsində (ÇFES) emal edilməsinə başlanılıb. Bununla da, sözügedən emal sahəsinin bazasında gələcəkdə ətrafdakı yeni yataqların istismara verilməsi ilə genişləndiriləcək Çovdar Regional İnteqrəolunmuş Mərkəzin qurulması sahəsində ilk addımın atıldığı qeyd edilib.
İdarə Heyətinin sədri Cəmiyyət tərəfindən yeni yataqların istismarına hazırlıq çərçivəsində ötən il intensiv kəşfiyyat və tədqiqat işlərinin qrafik üzrə davam etdirildiyini bildirib. Hesabat dövründə Cəmiyyətin 2020-ci il üçün fəaliyyət planına uyğun olaraq perspektiv sahələrdə yeni yataqlarının istismara verilməsi istiqamətində 75 778 metr dərinliyində buruq-qazma işləri icra edilib.
Müşavirədə “AzerGold”un cari ildə də regionlarda yeni mədənlərin işə salınması istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğulanıb. Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” yatağının növbəti mərhələlərinin,“Mərəh”, “Narçala”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı, o cümlədən “Tüllallar”, “Filizçay”, “Qaradağ”, “Xarxar”, “Mazımçay” və digər yataqların istifadəyə verilməsi nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsaitin cəlb ediləcəyi, ümumilikdə minlərlə yeni iş yerinin açılacağı, bütün bunların regionların sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyi vurğulanıb. Bildirilib ki, bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkətinə, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.
Sədr, cənab Prezident İlham Əliyevin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunmasının həvalə edilməsinin də dövlət başçısı tərəfindən şirkətin fəaliyyətinə göstərilən yüksək etimadın nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirin davamında bu istiqamətdə də görülən və planlaşdırılan işlər haqqında da geniş müzakirə aparılaraq Cəmiyyətin Müşahidə Şurasına təqdim edilməsi məqsədilə 2021-ci il üzrə ümumi fəaliyyət planı təsdiq edilib. Müzakirələrin sonunda qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.