Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 15:00
Bakı. Trend:
Norm Sement zavodu xammal emalından son məhsulun qablaşdırılmasınadək bir çox dünya ölkələrində istehsal edilən və ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Dünyanın pandemiya ilə mübarizə apardığı müddətdə resurslardan daha səmərəli istifadə, istehsal gücünü artırmaq və müştəri məmnuniyyətini təmin etmək məqsədilə zavod ərazisində yeni müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Məlumdur ki, Norm Sement zavodunda paketləmə qurğuları Almaniyanın ən nüfuzlu şirkətlərindən olan Beumer Group istehsalıdır. Rəqəmsallaşdırma və Beumer Group heyətinin 4000 km məsafədən peşəkar idarəetməsi sayəsində zavodda yeni quraşdırılan kompleks paketləmə xətti isə artıq istismara verilib.
Paketləmə xətti iki ədəd daşıma qurğusundan, paletləmə və paketləmə qurğularından ibarətdir. Alman peşəkarlarının tövsiyəsi ilə yeni quraşdırılan Beumer streç başlıqları əvvəlcədən sınaqdan keçirilmiş material ilə təchiz olunub. Bu isə istifadə zamanı bütün mümkün xətaların aradan qaldırılmasına şərait yaradıb.
Uzaqdan idarəetmə zamanı tətbiq edilən Smart məlumat gözlükləri vasitəsilə kilometrlərlə uzaqda çalışan Beumer komandası və zavod ərazisində fəaliyyət göstərən Norm mütəxəssisləri eyni görüntünü izləyə və prosesin davamında görüləcək tədbirləri müəyyənləşdirə biliblər. Beləliklə, ən müasir texnologiyanın tətbiqi və yüksək ixtisaslı komandaların birgə işi sayəsində paketləmə xəttinin tam şəkildə istismara verilməsinə nail olunub.
Norm ASC-nin Baş icraçı direktoru Henning Sasse görülən işləri yüksək qiymətləndirib: “Çox qısa zaman ərzində Norm komandasının Almaniyanın Beumer şirkətindən olan tərəfdaşlarımızla birgə əməkdaşlığı nəticəsində “uzaq məsafədən istismara vermə” konsepsiyasını hazırlayıb həyata keçirə bildik. Bu isə Covid-19 ilə əlaqədar səyahət məhdudiyyətlərinə baxmayaraq zavodumuzun gücünü artırmağa imkan verdi. Hər iki tərəfdaş üçün möhtəşəm nailiyyətdir ”.
NEQSOL Holding-in tərkibinə daxil olan Norm şirkəti Cənubi Qafqazın ən iri sement istehsalçısıdır. Norm ASC dünyanın bir çox nüfuzlu şirkətləri ilə beynəlxalq müstəvidə əməkdaşlıq edir. Ən müasir texnologiyanın və avadanlıqların istehsalın bütün mərhələlərində tətbiqi zavodun yüksək məhsuldarlığını və rahat istismarını təmin etməklə yanaşı, proseslərin avtomatlaşdırılmasını və insan müdaxiləsinin minimuma endirilməsini təmin edir. Bütün bunlar öz növbəsində istehsalın səmərəliliyinin artırılmasına və yüksək keyfiyyətli məhsulların ərsəyə gəlməsinə zəmin yaradır.