Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu mərhələ Azərbaycanın güclənməsinə imkan verir''

''Bu mərhələ Azərbaycanın güclənməsinə imkan verir''

Tarix: 5 Fevral 2021 14:36

Azərbaycan 2021-ci ildə postpandemiya və postmüharibə dövrünə - xüsusi stratejik əhəmiyyətə malik bir mərhələyə qədəm qoydu. Bu mərhələ Azərbaycanın sosial- iqtisadi dayanıqlılığının artırılması, institusional islahatlar kontektsində davamlı inkişafın təmin edilməsi və eləcə də, ölkənin işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinin güclənməsini səciyyələndirir. 

Bunu Sonxeber.net-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

İqtisadçı bildirib ki, ölkə iqtisadiyyatı son on ildə müxtəlif göstəricilər üzrə 2 dəfədən çox artım göstərib:

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" konsepsiyası təsdiq edildi. Bu konsepsiyaya əsasən, ölkənin 2021-2030-cu illərində xüsusi uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası formalaşdırılmalı, əhalinin rifah səviyyəsinin artırılması istiqamətində addımlar atılmalı, biznes və investisiya mühiti təkmilləşdirilməli və ümumi inkişaf çərçivəsində Milli Prioritetlər müəyyənləşdirilməli və tətbiq edilməlidir.

Prioritetlərin müəyyənləşdirilməsi zamanı və eləcə də, strategiyaların hazırlanması zamanı diqqət ediləcək önəmli nöqtələr mövcuddur. İlkin olaraq, 2030-cu ilə qədər Azərbaycanın hədəflədiyi əsas meyarlar müəyyənləşdirilməlidir. İkinci olaraq, ötən 10 ildə ölkənin sosial-iqtisadi, siyasi qərarlarının nəticəsi analiz olunmalı və daha yaxşı göstəricilərin əldə olunması üçün strategiyalar hazırlanmalı, müəyyənləşdirilən hədəf və prioritlərə çatmaq üçün yol xəritəsi müəyyənləşdirilməlidir. Son on ilin nəticələrini əsas tutaraq, Azərbaycan özünün iqtisadi, sosial, siyasi və mədəni inkişafının xüsusi mərhələsini keçdiyinin şahidi olarıq. Aparılan sosial iqtisadi islahatların nəticəsi olaraq ölkə iqtisadiyyatı son on ildə müxtəlif göstəricilər üzrə 2-2,3 dəfə artım göstərib. Düşünürəm ki, Azərbaycanın sahib olduğu resurslar və əlverişli inkişaf şəraitinə uyğun olaraq bu rəqəmlər növbəti 10 ildə daha çox arta bilər. Bəs bunun üçün hansı addımlar atılmalıdır?

İlkin olaraq, növbəti on illik üçün strategiyalar iki hissədən ibarət olmaqla hazırlanmalıdır. Birinci 5 illik planda əsas məqsəd işğaldan azad olunmuş ərazilərə qayıdış, bərpa və regionun iqtisadi fəallığının artırılması olmalıdır. Regionun əlverişli resurslarından və eləcə də, potensial iqtisadi mövqeyindən istifadə edərək həm regionun bərpa olunmasını təmin etmək, həm də ölkənin ümumi iqtisadi inkişafına töhfə vermək mümkündür. Eyni zamanda birinci 5 illik strateji planda qabaqcıl beynəlxalq təşkilatlarla, qlobal şirkətlərlə, eləcə də, maraqlı investorlarla əməkdaşlıq qurulmalı və regionun, ölkənin iqtisadi inkişafı üçün lazımlı olan resursların, maliyyə mənbələrinin ölkəyə cəlb edilməsi təmin edilməlidir. 

Növbəti 5 illik planda isə ümumilikdə ölkə səviyyəsində sosial-iqtisadi maraqların təmin olunması istiqamətində işlər aparılmalıdır: 

1) Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisadi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli, regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalı və eyni zamanda, sosial xidmətlərin əlçatanlığı artırılmalıdır.

2) Ölkə səviyyəsinda son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır.

3) Qeyri-neft sektoru üzrə investisiyaların həcmi artırılmalı, xarici investisiyaların cəlb edilməsi istiqamətində təşviq proqramları hazırlanmalı və tətbiq edilməlidir. 

4) Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökümət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir. 

Əslində, bu istiqamətləri yüzlərlə sayda artırmaq mümkündür. Düşünürəm ümumilikdə konsepsiyanın və eləcə də, hazırlanacaq bütün bu prioritetlərin və strategiyaların həm faydalı, həm səmərəli olması üçün daxili hədəflərin beynəlxalq səviyyədə BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi" konsepsiyasının müddəalarına uyğunlaşdırılmalıdır". 

Təhməz Əsədov


Etiketlər:  mərhələ Azərbaycanın güclənməsinə imkan verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ